Dəfn prosesi və xərclər barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim.

Mümkünsə mənə və ümumiyyətlə xalqa DƏFN XƏRCLƏRİ barədə məsləhət verərdiz.

Qanunlar bir şey deyir, məhkəmələr başqa şey…

Ona görə də, sizin kimi ciddi hüquqşunasların bu problemi də ciddiyyətlə əsaslandırmasına ehtiyac vardır.

 

Hörmətlə,

Xatirə Quliyeva

Marked as spam
Goshgar Mammadov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 2)
11 İyul 2016 20:29 dəqiqədə yazılıb.
247 baxış
0
Məxfi cavab

 

Salam, Xatirə xanım!

Çoxlarını maraqlandıran suala görə təşəkkürlər!

Bəri başdan deyim ki, dəfn üçün qanunda nəzərdə tutulan müavinətlə, faktiki dəfn xərclərini ayırmaq lazımdır.

 

1. Azərbaycan Respublikasının  “Sosial müavinətlər haqqında”  7 fevral 2006 tarixli Qanununun

 

4.0.2.3-cü yarımbəndinə əsasən,  vətəndaşlara dəfn üçün birdəfəlik müavinət verilir.

Həmin Qanunun 9.3.-cü yrımbəndinə əsasən, ” …. dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.”

Qanunun 10-1-ci maddəsinə əsasən (müavinətlərin ödənilməsi qaydaları), “…10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

10-1.7. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞ  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” QAYDALARInın 2-ci maddəsinə əsasən (müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı)

2.16. dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.16.1. müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.16.2. dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.16.3. müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2.16.4. dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;”

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  29 avqust 2013-cü il tarixli  973 saylı FƏRMANInın 1.2.3-cü yarımbəndinə əsasən,  dəfn üçün müavinət — 120 manat müəyyən edilmiş, 19 yanvar 2016-cı il tarixli, 747 saylı fərmanla məbləğ 10 faiz artırılmışdır, yəni 132 manat olmuşdur.

 

2. Dəfn xərcləri isə bir qədər fərqlidir. Bu barədə normativ akt, hamının qəbul etdiyi qaydalar yoxdur. Təəssüf.

Müxtəlif rejionlarda və millətlərdə dəfn xərcləri də müxtəlifdir.  İslam dininə görə qəbr itməlidir. Qəbrin üstündə aparılan tikililər, qoyulan abidələr və s. belə şeyləri dinimiz bəyənmir və bunların vəfat etmiş insana heç bir xeyri yoxdur. İnsana xeyirli olan və ona axirətdə də xeyir verəcək yeganə şey onun yaxşı əməlləridir.

Həyat isə başqadır.

Xalqımız dini dəyərlərdən daha çox, səhv olaraq, adətlərə uyğun yaşayır. Adətlərimiz də fərqlidir. Məsələn, indi Naxçıvanda keçirilən yas mərasimləri Azərbaycanın bütün rayonlarındakından 5-10 dəfə ucuz başa gəlir. Bundan isə heç kim narazı qalmır, o cümlədən, vəfat etmiş adam da. Nə isə..

Dəfn xərci dedikdə: ölünün qırxı (bəzi rayonlarımızda 52-si) çıxanadək yas yerinin və yas mərasimin təşkilinə, məsciddə yuyulması, nəqliyyat xərcləri, molla pulu və nəhayət qəbrüstü abidə başa düşülür.

Biri ölüsünün qəbri üstə mavzoley, saray, abidə tikdirməyi vacib hesab edirsə, digəri bunu günah bilir və adi baş daşı ilə kifayətlənir. Dəfn xərclərinin fərqi də bununla bağlıdır. Mən şəxsən, ikincilərin tərəfindəyəm. Ancaq…

Təcrübədə, adətən, dəfn xərcləri ilə bağlı tərəflər arasında mübahisə olanda, dəfn xərcləri dini təşkilatlardan alınan arayışlarla müəyyən edilir.

Bir sözlə, bu sahədə vahid mövqe yoxdur və ola da bilməz. Ona görə də məhkəmələr ağlabatan məbləğdə dəfn xərci kimi kompensasiya tutmağa üstünlük verirlər. Bu vaxt zərərvuranın özünün maddi durumu, ailə vəziyyəti və s. amillər nəzərə alınır. Hər halda, dəfn adətlərimizdə nöqsanların olduğunu, yersiz xərcləmələrlə günah etdiyimiz bilməliyik. 

 

Hörmətli Xatirə xanım! Başqa suallarınız olsa, məmnuniyyətlə yardım edərik.

Uğurlar!

 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
12 İyul 2016 01:31 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön