Kreditin zamindən tutulması.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.  Mənim bir tanışım  2 il əvvəl Beynəlxalq bankdan kredit alıb. Əvvəl işlədiyi yerdə maaş kartı var idi və pulu bir başa kartdan tuturdular.  Haradasa 1 ilə yaxındır ki  həmin iş yerindən çıxıb restoranda işləyir.  Ancaq pulu ödəmədi və bank mənə heç bir məktub belə göndərmədən mənim maaşımdan hər ay pul tutur.  Mənə sadəcə olaraq zəng edib bildirdilər. Mən deyəndə ki bəs kredit alan şəxsi məhkəməyə verməmisiz,  mənim də maaşımdan tutmağa məhkəmə əmrimiz yoxdur,  dedilər ki bəs müqavilədə qeyd edilib ki pul geciksə bir başa zamindən də tuta bilərik.  Həqiqətən elə bir bənd var müqavilədə.  Ancaq mən bilmirəm bu qanuna uyğundurmu ya yox.  İndiyədək 1000 azndən artıq pul tutulub məndən. Bank heç mənim maddi durumum ilə də maraqlanmayıb və hətta kredit alan şəxsin işlədiyini də bilə bilə heç bir tədbir görmür. Bu işin bir qanuni yolla olub olmadığını və o məndən heç bir məhkəmə əmri olmadan tutulan (hələ 6 ay qalıb) pulun geri qaytarılmasının mümkünlüyü barədə mənə məlumat verməyinizi xahiş edirəm.  Təşəkkürlər.

Marked as spam
Nail Sarkarov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
24 Dekabr 2016 12:00 dəqiqədə yazılıb.
50 baxış
0
Məxfi cavab

Salam, Nail bəy!

1. Sualınıza dolğun cavab vermək üçün zaminlik müqavilənizi yaxşı-yaxşı incələmək lazımdır.

2. Tərəflər müqavilədə qanuna zidd olmayan istənilən şərti nəzərdə tuta bilərlər.

3. Hətta belə bir şərtin olması da sizi bankın hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum etmir. Mülki Məcəllənin 474-cü maddəsinə (kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ) əsasən, “474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər.”

4. Bankın əsas borcluya qarşı heç bir tədbir görmədən (siz iddia etdiyiniz kimi) birbaşa sizdən pul tutması qanunsuz hərəkətdir. Çünki zaminliyin mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz borcunu ödəməkdən yayındıqda zamin məsuliyyət daşıyır. Mülki Məcəllənin  472-ci maddəsinə (zaminin məsuliyyəti) əsasən,  “472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.  472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.”

5. Sizin zamin durduğunuz şəxsə qarşı iddia qaldırıb çəkdiyiniz ziyanı tələb etmək hüququnuz var. MM-nin  475-ci maddəsinə (öhdəliyi icra etmiş zaminin hüquqları) əsasən,  “475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.”

6. Bu günədək sizdən tutulan pulu bir şərtlə geri qaytara bilərsinzi ki, məhkəmə qaydasında bankın qanunsuz hərəkət etdiyini sübut edəsiniz.

7.Qarşılaşdığınız bu problem ciddidir və ixtisaslı hüquqi yardım tələb edir. Ona görə də məsləhət görərdim ki, tanıdığınız, etibar etdiyiniz savadlı bir hüquqşünasın köməyindən istifadə edəsiniz.

Sizə uğurlar arzulayıram və ALLAH (c.c)dan  səbr diləyirəm.

Ölkəmizdəki indiki qanunsuzluq və özbaşınalıq mühitində sizi gözləyən problemləri yaxşı başa düşürəm. Ancaq çəkinmədən mübarizə aparın, haqq sizin tərəfdədir, mütləq qalib gələcəksiniz.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
24 Dekabr 2016 18:17 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön