Mənzildən çıxarmağa dair məhkəmə qətnaməsinin icra edilməməsi barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

 

AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi

Xanlar Zeynalova

 

Quliyev Ənvər-Paşa Məlikoviçin nümayəndəsi

 Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus.-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (012) 567-46-62(04), (050) 200-66-10

 

Abşeron Rayon Məhkəməsinin qanuni qüvvədə olan, 16 may 2007-ci il tarixli qətnaməsinin qanunsuz olaraq icra edilməməsi və Abşeron rayon icra şöbəsinin icra məmurlarının qanunsuz hərəkətlərinə dair”

 

ƏRİZƏ

 

 

 

Hörmətli X.Zeynalov!

Bu məzmunda açıq məktubla Sizə müraciət etməyi məqbul bilməzdim.

Ancaq baş verənlərin şəxsi yox, ictimai əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə ədalətin pozulmasına, insanların, vətəndaşların öz dövlətindən narazı salınmasına səbəb olduğunu nəzərə alaraq, problemi ictimailəşdirmək qərarına gəldim.

Abşeron Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsinin qanunsuz olaraq vaxtında icra edilməməsi ilə bağlı mən nümayəndəsi olduğum Ənvərpaşa Quliyevlə birlikdə 16 mart 2015-ci ildə Sizin şəxsi qəbulunuzda oldum. Sizə məlumat verdim ki, həmin qətnaməni icra etməmək üçün Abşeron Rayon İcra Şöbəsinin məmurları müxtəlif qanunsuz bəhanələr gətirərək uzun müddətdir öz vəzifələrini icra etməkdən yayınırlar. Xüsusi olaraq diqqətinizə çatdırdım ki, şəxsən Sizin imzanızla Ə. Quliyevə verilmiş cavablarda “borcluların Ağdam rayonundan məcburi köçkün olmaları”na istinad etməklə məhkəmə qətnaməsinin icra edilməməsinə haqq qazandırılması cəhdi tamamilə qanunsuzdur və Sizin bu hərəkətiniz faktik olaraq Azərbaycan dövlətinin adından çıxarılmış və icrası (müzakirəsi yox!!!) hamı üçün məcburi olan məhkəmə qətnaməsinin təftiş edilməsi və qüvvədən salınmasıdır. Qəbul zamanı onu da Sizə bildirdim ki, 1994-cü ilin may ayında bağlanmış atəşkəs müqaviləsinə əsasən, Respublikamızda “qaçqın və köçkün əmələ gəlməsi prosesi”nə son qoyulmuş, o vaxta qədər gələn qaçqınlar dövlət orqanları tərəfindən əvvəlcədən müəyyən edilmiş ünvanlarda yerləşdirilmişlər. Borclular isə Sizin imzaladığınız məktublarda istinad etdiyiniz kimi Ə.P.Quliyevə məxsus Abşeron rayonu, Goradil kəndi, Fizuli küçəsi-14 saylı mənzildə qaçqın kimi yerləşməmişlər. Tam bunun tərsinə olaraq, cavabdehlər həmin mənzili saxta etibarnamədən istifadə olunmaqla (bunu iddiaçının doğma bacısı etmişdir) 07 sentyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışlar.

Siz məsələyə yenidən baxmaq üçün işin Abşeron Rayon İcra Şöbəsindən tələb edilərək yenidən öyrənilməsi barədə Rüstəm adlı əməkdaşınıza göstəriş verdiniz və bundan sonra onunla əlaqə saxlamalı olduğumuzu bildirdiniz.

Mən ümidləndim ki, nəhayət haqq bərpa ediləcək.

Hörmətli X.Zeynalov!

6 aprel 2015-ci ildə mən, Ə.Quliyevlə birlikdə Rüstəm bəylə görüşdüm. O mənə bildirdi ki, prezidentin sərəncamına əsasən, mülkiyyət formasından asılı olmayaraq qaçqınların məskunlaşdıqları yerlərdən onları çıxartmaq olmaz və bu məhkəmə qətnaməsi icra edilməyəcəkdir.

Mən Sizin əməkdaşın, Sizin adınızdan ifadə etdiyi bu mövqeyin milli qanunvericiliyimizə və Avropa Məhkəməsinin məhz qaçqınların zəbt etdikləri xüsusi mülkiyyətə dair Azərbaycana qarşı qəbul etdiyi qərarlarda müəyyənləşdirilən hüquqi mövqeyinə zidd olduğunu burada bir daha izah etməyə ehtiyac duymuram.

Ancaq deyə bilərsinizimi, 2002-ci ildə Azərbaycana yeni qaçqınlar hansı ölkədən gəlmişlər? Yoxsa ölkə rəhbərlərinin 1994-cü ilin may ayında atəşkəs müqaviləsinə imza atıldığı andan şəhid verməməyimiz, qaçqın prosesinə son qoyulması və sair “uğurlar” barədə verdikləri bəyanatların həqiqi olduğunu Siz şübhə altına alırsınız?

Kim düz deyir: Siz, yoxsa Azərbaycanın prezidentləri?

Digər tərəfdən isə, şəxsi qəbul zamanı Sizə bildirdiklərim və işin faktiki halları barədə bu ərizədə yazdıqlarım Abşeron Rayon Məhkəməsinin hələdə qüvvədə olan16 may 2007-ci il tarixlivə 23 sentyabr 2011-ci il tarixli qətnamələrində mötəbər sübutlarla müəyyən edilmişdir.

İndi Siz Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hansısa qanunsuz və əsassız məktubuna istinad edərək, Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qətnaməsini icra etməməklə nə məqsəd güdürsünüz və “qaçqınkom”un məktubunun məhkəmə qətnaməsini qüvvədən salması barədə hansı hüquq normasına istinad edirsiniz? Bəs bu günə qədər qaçqın və köçkün kimi məskunlaşdıqları bir çox yerlərdən qışın oğlan çağında zor tətbiq etməklə qaçqınların çıxarılması zamanı indi tətbiq etdiyiniz qaydalar mövcud deyildimi?

Hörmətli Xanlar Zeynalov!

Bir daha diqqətinizə çatdırıram ki:

Əvvəla, məhkəmə qətnaməsi müzakirə və təftiş edilmək üçün yox, icra olunmaq üçündür.

İkincisi isə, Sizin, əsassız olaraq, cavabdehlərin qaçqın olması barədə istinad etdiyiniz hal və şəxsi qəbul zamanı şəxsən mənim Sizə bildirdiyim hallar Abşeron Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli və 23 sentyabr 2011-ci il tarixli qətnamələri ilə öz hüquqi qiymətini almışdır. Əgər borclular, həqiqətən də, Siz iddia etdiyinizə görə, həmin mənzilə qaçqın kimi yerləşmiş olsaydılar, bunu məhkəmələr mütləq nəzərə alardılar.

İndiki halda Siz, Azərbaycan dövlətinin adından çıxarılmış qətnaməni heç bir qanuni əsas olmadan icra etməməklə dövlətə və qanuna tüpürmüş, faktik olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmisiniz.

Mənə çox yaxşı məlumdur ki, mənim nümayəndə olduğum bəzi işlərdə yaradılan bu problemlər mənim siyasi mövqeyimlə bağlıdır. Ancaq unutmayın, müxalifətə nifrət etdiyinizə görə sıravi vətəndaşların hüquqlarını pozmağınız nə Sizə şəxsən, nə də Azərbaycan dövlətinə baş ucalığı gətirməz. Əksinə, olsa-olsa, beynəlxalq aləmdə dövlətimizin onsuz da aşağı olan nüfuzuna bir qədər də zərbə vurar, ləkə salar .

Mən Sizdən xahiş və tələb edirəm, özünüzü hakimlərin yerinə qoymayın, hakimlərin və məhkəmələrin səlahiyyətlərini mənimsəməyin, vəzifələrinizi layiqincə icra edin, vətəndaşlarımızın öz dövlətinə nifrət etməsinə səbəb olmayın. Xüsusilə də, Azərbaycanın sürətlə Suriyanın indiki durumuna sürüklənməsi prosesinə töhvə verməyin.

Mütləq bir gün gələcək,  etdiyiniz bu özbaşınalıqlara görə cavab verməli olanda indi sizləri bu qanunsuz hərəkətləri etməyə həvəsləndirənlər, təhrik edənlər yanınızda olmayacaqlar.

Qanun və məhkəmələr isə rəsmi imzaları, rəsmi səlahiyyət və vəzifələri qəbul edir, qiymətləndirir, telefon hüququnu yox !!! Diqqətli olun !

İcra haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli, 243-IIQ saylı Qanununun 16 (icra hərəkətlərinin təxirə salınması) və 17-ci (icraatın dayandırılmasının məcburiliyi) maddələrinə əsasən, icra hərəkətlərinin təxirə salınması və icraatın dayandırılmasının məcburiliyi əsasları, halları həmin maddələrdə dəqiq göstərilmişdir.

İcra haqqında” Qanunun 16-cı maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, məhkəmə icraçısı icra hərəkətini 10 gündən çox olmayan müddətə təxirə sala bilər”.

Artıq 8 ildir ki, qətnamə icra olunmur.

Həmin Qanunun 17-ci maddəsinə əsasən, “aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır:

       məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda;

       borclu fəaliyyət qabiliyyətini itirdikdə;

       borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda, yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda;

       icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə;

       inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə;

       icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə;

       iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda”.

Bu maddənin məzmununu əzbər bilmək Sizin vəzifənizdir.

Sizin istinad etdiyiniz bəhanələr isə bu maddədə göstərilən əsaslardan heç birinə uyğun deyil.

Vəzifələr müvəqqəti, rəsmi səlahiyyətlər ötəridir. Qalıcı olan: millətə, insanlara təmənnasız xidmətdir, Xanlar müəllim !!!

 

Özünüzə və Azərbaycan dövlətinə hörmət edin, lütfən !!!

 

 

 

06 aprel 2015-ci il

 

                                                                       İmza:                                   / Q.C.Məmmədov /

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 217)
13 Oktyabr 2016 03:01 dəqiqədə yazılıb.
66 baxış
0
Məxfi cavab

Sizlər üçün yazdım, dostlar

Marked as spam
13 Oktyabr 2016 03:01 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön