Mebel fabrikinin səs-küyünün vətəndaşı narahat etməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim,

Millətimizə hüquqi yardım göstərdiyinizə görə öncədən Sizə öz təşəkkür və minnətdarlığımı bildirirəm.

Bizim küçədən 7-10 metr aralı bir mebel sexi ( zavod da demək olar) var. Həmin sexdəki dəzgah və avadanlıqların səsi bütün küçəni narahat edir. Onlar səhər saat 8-9-dan başlayaraq axşam saat 10-11-ə kimi, bəzi hallarda gece saatlarına qədər işləyirlər.

Bu problemlə əlaqəli dəfələrlə müxtəlif instansiylara o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə, Respublika Gigiyena və Epidemologiya Mərkəzinə şikayətlər edilmişdir. Amma heç bir faydası olmamışdır. Respublika Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən həkimlər gəlib ölçmə avadanlığı ilə səs-küyün səviyyəsini ölçmüş və “norma daxilindədir “ qərarı çıxarmışdır. Mən fikirləşirəm ki, bu qərar sex sahibinə tərəf çıxarılmış qərardır. Çünkü  ölçmə zamanı sexdəki dəzgahların səsini yetəri qədər açmamışdılar və səsin ölçümünü edən avadanlığın  gerçəkdə nə göstərdiyini bilmədik.

Bu səs-küy səhhətimizə, əsəb sistemimizə çox pis təsir göstərir. Əgər biz evimizdə dincələ bilməyəcəyiksə, o zaman kiçik problemlərdə böyüyə bilər və insanlar arasında ciddi qarşı durmalar ola bilər. Belə ki, dəfələrlə sex sahibi ilə ciddi münaqişələrimiz olub.

 

Sualım belədir: Biz sakinlər bu sexlə necə mübarizə edə bilərik? Qanuni yolla mənə elə gəlir ki, mümkün deyil. Çünkü biz məhləməyə də versək məhkəmə  Respublika Gigiyena və Epidemologiya Mərkəzinin ölçümləri nəticəsində verilən sənədi əsas götürərək onlara tərəf qərar çıxaracaq. Onlarla mübarizənin başqa qanuni yolu var mı?

 

Öncədən təşəkkür edirəm.

 

Hörmətlə

 

Anar Yusubov

0557636672

Marked as spam
Anar Yusubov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
24 Dekabr 2016 11:25 dəqiqədə yazılıb.
25 baxış
0
Məxfi cavab

Salam, Anar bəy.

Hamı üçün faydalı olacaq suala görə təşəkkürlər. Bu tip problemlər vətəndaşlarımızı tez-tez narahat edir.

1. Əvvəla məhkəmə, siz düşündüyünüz kimi, artıq icra edilmiş ölçü işlərinin nəticəsinə əsaslanmayacaq, özü ekspertiza təyin edəcək və yalnız o ekspertizanın rəyini əsas götürəcək.

2. Səs-küy səviyyəsinin nə vaxt, hansı şərtlər daxilində ölçülməsini siz müəyyən edəcək, məhkəmədən nəyi, necə xahiş edəcəksinizsə, elə də icra olunacaq.

3. Bu tip problemlərə qarşı ən təsirli mübarizə vasitəsi elə qanuni, məhkəmə qaydasında olan yoldur.

4. Siz  çalışın ki, bu problemi ictimailəşdirəsiniz və daha çox adamı iddiaçı kimi prosesə cəlb edəsiniz.

5. Tez-tez bu problemlə bağlı 102-yə, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlər edin. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 59 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞ “Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi QAYDALARI”nın 2.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin ekoloji normativlərini, onların müəyyən edilməsi üsullarını və atmosfer havasının mühafizəsi məqsədi ilə digər ekoloji normativləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və tətbiq edir.”

 Qaydaların 3.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin gigiyenik normativlərini və onların müəyyən edilməsi üsullarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir.”

Qaydaların 4-cü maddəsinə (ATMOSFER HAVASINA FİZİKİ TƏSİRİN YOL VERİLƏN SƏVİYYƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ) əsasən,  “4.1. Atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi – atmosfer havasına fiziki təsirin (səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, temperatur və s.) normativi olub, onun insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum yol verilən səviyyəsini əks etdirir. 4.2. Atmosfer havasına fiziki təsirin insan sağlamlığına zərərli olmayan yol verilən səviyyələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir. 4.4. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normaları müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 4.3. Atmosfer havasına fiziki təsirin ətraf mühitə zərərli olmayan yol verilən səviyyələrini Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və təsdiq edir.”

6. Bu məsələdə nəzarət funksiyası Səhiyyə Nazirliyi ilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Siz əvvəl qonşularla (gələcək iddiaçılar) birlikdə bu nazirliklərə müraciət edin, cavabdan və ya qəbul ediləcək qərardan narazı qalsanız, bir ay müddətində İnzibati Məhkəməyə müraciət edin .

 Sizə uğurlar arzulayıram, həm də bolluca SƏBR.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
24 Dekabr 2016 17:56 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön