Muqavilesiz ish yerinde ishlemek

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bey! Evvelceden size suallarimizi gecikdirmeden cavablandirdigina gore tewekkur edirik!
Men muqavilesiz ishleyirem. Artiq iki ildir ishleyirem. Bu yaxinlarda ishimiz bitmek uzeredir. Amma ishe goturen mene mezuniyyet ve tezminat haqqi odemek fikrinde deyiller. Mumkunmu onlardan qanuni qaydada teleb etmek olarsa hansi addimlarnan? Sag olun ,var olun.

Marked as spam
Raşad Aliyev tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
14 Yanvar 2017 11:12 dəqiqədə yazılıb.
17 baxış
0
Məxfi cavab

Hörmətli Rəşad bəy.

Əmək Məcəlləsinin  2-ci maddəsinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri) əsasən, “1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə&raquo:) əmək münasibətlərində tərəflərin:

hüquq bərabərliyinin təmin edilməsi;

mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;

maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;

əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.” Həmin Məcəllənin 3-cü maddəsinə (Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları) əsasən,  “2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi&raquo:) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.”  

ƏM-nin 44-cü maddəsinə (əmək müqaviləsinin forması) əsasən, “1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhür&uuml:) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.”

 Rəşad bəy, gördüyünüz kimi, Əmək Məcəlləsində “işçi” və “işəgötürən” ifadələri işlədilir və elan edilir ki, yalnız rəsmi, yəni yazılı əmək müqaviləsinin tərəfləri belə adlanır və ƏM də məhz bu statusu qazananların hüquq və vəzifələrini nizama salır.

Təəssüf ki, ölkəmizdə sizin durumda olan yüz minlərlə işçi var və hamısı da sizin kimi haqsızlığa məruz qalır.

Ancaq, çətin olsa da, məhkəmələrimizdə haqqın müdafiəsi problemli olsa da,  vəziyyətdən qanuni çıxış yolları var.

Əvvəla, müqavilə bağlamaq işçini faktik işə buraxan işəgötürənin vəzifəsidir. Siz bunu ona məcbur edə bilməzsiniz ki.

Ancaq işçi faktik olaraq işə buraxılıbsa, çalışdırılıbsa, ona əmək haqqı verilibsə, deməli, “işəgötürən” işçi ilə müqavilə bağlamaq niyyətində olduğunu açıq ifadə etmişdir və işçi də onunla  müqavilə bağlanacağına ümid etməkdə tam haqlı olmuşdur.

Əks halda, işəgötürən tərəfindən edilən əməl “insan alveri”, “məcburi əməkdən istifadə” və s. cinayət anlayışlarına girər ki, bu da ona xeyir gətirməz.

Bəs, çıxış yolu nədir?

ƏM-nin 3-cü maddəsinin  16-cı bəndinə əsasən, “fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.”

Buradakı  “tərəflərin öhdəliklərinin yerinə yetirilməsi” ifadələrinə diqqət edin. İşəgötürən sizi faktiki işə buraxmaqla sizinlə əmək müqaviləsi bağlamaq öhdəliyini götürmüş, sonradan bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır.

ƏM-nin  18-ci maddəsinə (fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə tənzimlənməsi) əsasən, “1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, … fərdi … əmək mübahisəsi aparmaq hüququ vardır.”

ƏM-nin 287-ci maddəsinə (fərdi əmək mübahisələri anlayışı) əsasən, “fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında … habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.” Bu maddəyə əsasən, deyə bilərik ki, sizə münasibətdə “ əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri” pozulub. Deməli, məhkəməyə müraciət etmək üçün hüquqi əsaslarınız var.

Ancaq gərək iddianızı düzgün formulə edə biləsiniz.

ƏM-nin  288-ci maddəsinə (fərdi əmək mübahisələrinin predmeti) əsasən, “bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:…

d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;

 

.

.. h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;

 

… k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

ƏM-nin 292-ci maddəsinə (işçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ) əsasən, “1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.”

ƏM-nin 294-cü maddəsinə (fərdi əmək mübahisələrinə baxan orqanlar) əsasən, “1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır….”

Beləliklə də, sizə münasibətdə, ƏM-nin 288-ci maddəsində nəzərdə tutulduğu kimi, “əmək qanunvericiliyi işə götürən tərəfindən  pozulmuş, nəticədə sizə ziyan dəymişdir”. Başqa sözlə, işəgötürən qanunu pozmayıb sizinlə vaxtında müqavilə bağlasaydı, siz sualınızda dediyiniz kimi, məzuniyyət və başqa haqlarınızdan yararlana bilərdiniz.

Sadəcə olaraq, siz məhkəmədə sübut etməlisiniz ki, işəgötürən sizə əmək müqaviləsi bağlanacağını vəd etmiş, lakin vədini–öhdəliyini yerinə yetirməmişdir və nəticədə siz indiki kimi ziyan çəkmisiniz.

İnanır və ümid edirəm ki, nə qədər çətin olsa da, məhkəmələr sizi haqlı bularlar.

Təbii ki, bunlar mənim bir hüquqşünas kimi subyektiv fikirlərimdir. Ancaq haqlı olduğuma əminəm. Sadəcə, bizim məhkəmələr qanunun tətbiqində müstəqil deyillər və mütləq çətinlikləriniz olacaq.

Yaxşı olar ki, inandığınız, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə ALLAH(c.c)dan  çoxlu səbr və uğurlar arzulayıram. Bu sahədə “ilk qaranquş” siz olarsız, İNŞALLAH !

Uğurlar.

Hörmətlə.  

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
15 Yanvar 2017 02:38 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön