problemli kredit ve zaminlik.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam size iki sualim var. Menim tanidigim bir taniw bir nefere zamin durub. Hemin adam kend teserrufati teyinatli kredit goturub. Hec yerde iwlemir. Kredit goturerken hec neyi girov falan qoymayib. Zamin iwleyir deye bank esas borcluya kredit verib. Borclu da kreditin bir hissesini odeyib qalani borc qalib faizler yaranib. Bank mehkemeye verib. Qetname cixib ki 10 mini  esas borclu ve zaminden tutulsun. Her ay zaminin maawindan 50 faiz tutulur. Birinci sualim odur ki teleb birinci esas borcluya niye yonelmir? Mulkiyyetinde ev torpaq avtomobil var. Ikinci sualim odur ki, bele bir qanun varmi ki zaminin maawi bolunur aile uzvlerine. Bir aile uzvune duwen pay minimum emek haqqinddan yuksekdise artiq qalan mebleg tutula biler. Eks halda zaminin maawindan tutula bilmez. Qeyd edim ki zamin duran wexs 3 neferlik ailesi var. Ailenin gelir getiren yegane uzvudu. Maawi da 150 manatdi. Onceden tewekkur edirem. Butun suallari sebrle oxuyub gozel wekilde cavablandirdiginiz ucun de ayrica minnetdaram.

Marked as spam
Nərgiz Babayeva tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
07 Sentyabr 2016 17:19 dəqiqədə yazılıb.
138 baxış
0
Məxfi cavab

Salam, Nərgiz xanım!

1. Əgər müqavilədə “subsidiar öhdəlik” (borcun bəlli bir məbləğinə zamin durmaq) haqqında qeyd yoxdursa, “solidar” (yəni borcun hamısına şərikli cavabdehlik) öhdəliyin olduğu nəzərdə tutulur. Bu baxımdan bank qarşısında zamin əsas borclu ilə birlikdə eyni vəzifələri daşıyan cavabdeh kimi çıxış edir. Yəni borcun tamamı ödənilənədək zamin məsuliyyət daşıyır.

Mülki Məcəllənin  472-ci maddəsi:  Zaminin məsuliyyəti

 

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

 

2.Təbii ki, Sizin məntiqiniz yerindədir, iradınız haqlıdır. Bank öncə əsas borcludan tələb etməlidir. Ancaq bu,  banka eyni zamanda zaminə qarşı da iddia qaldırmağa mane olmur. Sizin toxunduğunuz problem zaminin problemidir. Yəni zamin məhkəmədən borcun imkanı olan əsas borcluya yönəldilməsini tələb edə bilər. Bununçün əsas borclunun ödəmə qabiliyyətinin, imkanının olduğu sübut edilməlidir.

3. Zaminin hüququ var ki, banka ödədiyi pulları əsas borcluya qarşı iddia qaldırmaqla ondan tələb etsin:  Mülki Məcəllənin  475-ci maddəsi:  Öhdəliyi icra etmiş zaminin hüquqları

 

475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

 

4. “…bele bir qanun varmi ki zaminin maawi bolunur aile uzvlerine”.–xeyr, belə bir qanun yoxdur. Bu “bölünmə” başqa məsələlərdə tətbiq edilir. Məs. ünvanlı sosial yardım alanda. Ailədə adam başına düşən gəliri hesablamaq üçün . Ancaq öhdəliklərin icrası zamanı, tutmanın əmək haqqına yönəldilməsi hallarında bu qayda tətbiq edilə bilməz. Burada Əmək Məcəlləsinin (Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

 

1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

 ) və İcra haqqında Qanunun (Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı

 

65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.)

 tələbləri tətbiq edilir. Yəni əmək haqqının, pensiyanın 50 faizinədək (bəzi hallarda hətta 70)  tutula bilər.

Bu problemi zamin gərək müqaviləyə imza atanda düşünəydi. Keçmiş olsun::)))

İndiki halda zaminə ALLAH(c.c)dan səbr, dövlətimizdən və banklardan  isə insaf və qanunçuluq diləməkdən başqa əlimizdən heç nə gəlmir.

Əlavə olaraq, diqqətinizə Mülki Məcəllənin 295 və 448-ci maddələrini çatdırmaqda da fayda görürəm.İstifadə edə bilərsiniz:

 Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları 

Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

 

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

 

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

 

448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

 

Bu maddələrdə altından xətt çəkdiyim ifadələr diqqət edin.

Ehtiyacınız olsa, etibar etdiyiniz bir hüquqşünasın xidmətlərindən istifadə edin.

 

Uğurlar!

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 161)
08 Sentyabr 2016 16:12 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön