2012-ci ilin may ayında Bakı şəhərində Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Paylaşın

2012-ci ilin may ayında

Bakı şəhərində Avroviziya 2012

mahnı müsabiqəsinin keçirilməsi üzrə

Təşkilat Komitəsinin sədri

YUNESKO-nun xoşməramlı səfiri, 

Heydər Əliyev Fondunun prezidenti

Mehriban xanım Əliyevaya

 

Türkiyə Respublikasının vətəndaşı

Mehmet Okur Hicabi oğlu

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-1”, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

 

ŞİKAYƏT

 

Hörmətli Mehriban xanım!

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, mənimlə əvvəlcədən razılaşdırılmadan 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Avroviziya 2012 mahnı müsabiqəsinə hazırlıq məqsədi ilə, “Tofiq Bəhramov” adına Respublika stadionunun ərazisində yerləşən və icarə müqaviləsi əsasında mənim qanuni sahibliyimdə olan futbol məktəbindən zorla çıxarılmağım və mülkiyyətimdə olan əmlakın tamamilə məhv edilməsi nəticəsində mənə zərər vurulması barədə bundan əvvəl Sizə ərizə ilə müraciət etmişəm və mənə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün lazımi tədbirlər görülməsini təmin etməyinizi Sizdən xahiş etmişəm.

Mənim həmin şikayət ərizəm baxılması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

Məndə olan məlumata görə, Nərimanov Rayon İcra Hakimiyyətində mənim həmin ərizəmə laqeyd münasibət bəslənməkdədir və Sizdə belə bir rəy formalaşdırmağa çılışılır ki, guya qanuni istifadəmdə olan futbol məktəbi meydançasını mən özüm sökmüşəm.

 

Hörmətli Mehriban xanım!

İlkin ərizəmdə də qeyd edildiyi kimi, mən 2000-ci ildə Azərbaycan Respublikasına gələrək, Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi  ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışam və həmin müqaviləyə əsasən Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə 27 il müddətinə, yəni 2027-ci ilədək mənim istifadəmə və qanuni sahibliyimə verilmişdir.

Mən 2000-ci ilin iyun ayından 2011-ci ilin avqust ayınadək icarəmdə olan sahədə öz şəxsi vəsaitim hesabına əsaslı təmir işləri aparmışam, boş sahəni futbol məktəbi kimi işlətmək üçün bütün lazımi avadanlıqlarla təchiz etmişəm, 4 ədəd futbol meydançası üçün, hər kv.m-i 18 Evro, yəni 20 manat olmaqla 4000 kv.m (cəmi dəyəri 80 000 manat) süni xalçalar, dəmir setkalar, işıqlandırıcı projektorlar və s. almışam, məktəbin inzibati binasında böyük həcmli hamam, istirahət otaqları, paltar dəyişmə otaqları, yeməkxana, qəbul otağı, iş otağı, sinif otağı inşa etdirmişəm, həmin otaqların istilik sistemi, daimi su, elektrik enerjisi və qaz yanacağı ilə təmin edilmələri üçün zəruri avadanlıqlar, digər mebel və məişət əşyaları, məktəbin şagirdlərinin istifadə etmələri üçün idman geyimləri, top və s. əldə etmişəm.

Bütün bunları öz şəxsi vəsaitim hesabına etdiyim halda, yenidən öz vəsaitim hesabına sökərək, yararsız hala düşdüyündən oradan zibilxanaya daşımağım heç bir halda normal hesab edilə bilməz. Çünki, mən “Tofiq Bəhramov” adına Respublika stadionunun rəhbərliyi ilə müqavilə bağlayarkən ümid edirdim ki, 27 il ərzində həmin ərazini futbol məktəbi kimi istifadə edəcəm, fəaliyyət sahəmi bir az da genişləndirməklə daha çox gəlir əldə edəcəyəm. Bunun üçün istifadəmə verilmiş torpaq sahəsində futbol məktəbi yaradaraq fəaliyyətə başlayarkən, aldığım bütün avadanlıqların və əşyaların hamısı yeni, keyfiyyətli və bahalı olmuşdur. Futbol məktəbində mənim tərəfimdən mütəmadi olaraq əsaslı və kosmetik təmir işləri aparılmış, daima yenilənmişdir. Belə olan halda, öz iradəmlə həmin əmlakları məhv etməyim və ərazini öz razılığımla boşaltmağım həqiqəti əks etdirmir və tamamilə absurddur. Mənim qanuni sahibliyimdə olan futbol məktəbinin söküldüyü gün Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nə aparılmışam və daha sonra Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərarı ilə guya “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama”ğa görə 25 manat məbləğində cərimə edilmişəm. Bütün bunlar isə, futbol məktəbinin mənim tərəfimdən öz iradəmə əsasən könüllü surətdə sökülərək yararsız hala salınmadığını bir daha təsdiq edir.

Hörmətli Mehriban xanım!

Mən hazırki məsələnin ictimailəşdirməkə, beynəlxalq təşkilatlar və  beynəlxalq məhkəmələr vasitəsilə həll edilməklə Azərbaycan Dövlətinə qarşı dünya ictimaiyyətində mənfi rəy formalaşmasının tərəfdarı deyiləm və bu məsələnin ədalətli həll edilməsi üçün Sizin lazımi səylər göstərəcəyinizə ümid edirəm.

Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim 04 aprel 2012-ci il tarixli ərizəm üzrə qanuni tədbirlər görülməsini təmin etməyinizi Sizdən xahiş edirəm.

05 may 2012-ci il

                                   Hörmət və ehtiramla:                                         / Mehmet Okur /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir