Paylaşın

Salam, İlqar bəy!

Maraqlı suala görə çox sağ olun.

1. Mülki Məcəllənin  29-cu maddəsinə ( 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti) əsasən,

 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:

29.2.1. xırda məişət əqdləri;

29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;

29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.

Hörmətli İlqar bəy, bu maddənin mahiyyətindən aydın olur ki,  uşağın adındakı ev valideynlərin hər ikisinin razılığı olmadan satıla bilməz.

Ailə Məcəlləsinin  55-ci maddəsinə ( Uşağın əmlak hüquqları) əsasən, 

 

55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.

55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.

55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.

Mülki Məcəllənin  36-cı maddəsinə  (Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi) əsasən,

 

36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.

36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.

Gördüyünüz kimi, uşaq kimin yanında qalırsa, o da onun qəyyumu rolunda çıxış edir və İcra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayəçilik orqanı”nın (eləcə də digər valideynin) razılığı olmadan ev satıla bilməz. Bu qaydalara əməl edilmədən icra edilən alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız elan edilə bilər.

2.  Uşagı saxlayan valideyn onun həm də qəyyumu rolunda çıxış edir və qəyyumun bütün hüquq və vəzifələrinə malikdir. Ancaq o ilk növbədə valideyndir və uşağa münasibətdə ata ilə birlikdə eyni hüquq və vəzifələr daşıyır.

Uğurlar sizə.

Hörmətlə.