“AR 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Xaliq Xalıq oğlu İmanov, iş N 2iq(82)-1957/2011) 21 noyabr 2011-ci il tarixli qətnaməsinə dair” APELLYASİYA ŞİKAYƏTİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına Cavabdeh: Mehmet Okur Hicabi
Bakı Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasına
Cavabdeh: Mehmet Okur Hicabi
Ünvanı: Bakı şəhəri, Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə telefonu: (012) 564-42-08, (050) 200-66-10
XAHİŞ: “AR 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Xaliq Xalıq oğlu İmanov, iş N 2iq(82)-1957/2011) 21 noyabr 2011-ci il tarixli qətnaməsinə dair”
APELLYASİYA ŞİKAYƏTİ
Möhtərəm Hakimlər!
Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionunun iddiası təmin edilmiş, Bakı şəh., F.X.Xoyski küçəsi 98/a saylı ünvanda yerləşən stadionun əsas girişinin sol tərəfində, yarmarkanın arxasında yerləşən ümumi sahəsi 4891 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə “Tofiq Bəhramov” adına Respublika Stadionunun müdiri A.A.İsmayılov ilə mənim aramda 16 iyun 2000-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və bununla əlaqədar icarəyə verilmiş sahənin boşaldılması, həmin sahədə aparılmış uzunluğu 20 m, eni 10 m, eləcə də uzunluğu 18 m, evi 10 m olan iki qanunsuz tikilinin mənim vəsaitim hesabına sökülməsi və mənim həmin sahədən çıxarılmağım qət edilmişdir.
Qətnamənin surəti mənə 04 yanvar 2012-ci ildə poçt vasitəsilə təqdim edilmişdir.
Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
1. Maddi hüquq normaları pozulmuşdur.
Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün iş materiallarında olan AR Ədliyyə Nazirliyi Kollegiyasının 14 dekabr 1994-cü il tarixli Qərarı ilə dövlət qeydiyyatına alınmış “Tofiq Bəhramov” adına Respublika Stadionunun Nizamnaməsinə və AR Mülki Məcəlləsinin 349-cu maddəsinə istinad etmişdir.
Halbuki, AR Mülki Məcəlləsinin 349-cu maddəsinə əsasən, “Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər”.
İddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionu isə mənimlə 16 iyun 2000-ci il tarixli icarə müqaviləsini bağlayarkən tam olaraq, öz nizamnaməsinə uyğun hərəkət etmişdir.
Belə ki, Nizamnaməyə əsasən, “Respublika Stadionu müvəqqəti istifadəsində olan yerləri qüvvədə olan icarə haqqı normativlərinə uyğun olaraq yalnız digər təşkilatlara icarəyə verə bilər”.
Mən də icarəmə verilmiş torpaq sahəsindən təyinatı üzrə, yəni həmin ərazidə “Futbol Məktəbi” yaradaraq, gənclər hərəkatı, bədən tərbiyəsi və idmanın gələcək inkişafı, Azərbaycanda idmanın təbliği, yüksək ustalığa malik futbolçuların yetişdirilməsi, onlarda yüksək mənəvi keyfiyyətlərin, vətənpərvərliyin tərbiyə edilməsi və Nizamnamədə göstərilən digər zəruri şərtlərə əməl etməklə istifadə etmişəm.
Möhtərəm hakimlər!
Mübahisəli torpaq sahəsi dövlət əmlakı olsa da, cavabdeh “Tofiq Bəhramov” adına Respublika Stadionu faktiki olaraq həmin sahənin qanuni sahibidir və deməli, mülkiyyətçi tərəfindən vəkil edilmiş səlahiyyətli şəxsdir. Yuxarıda da qeyd edildiyi kimi, AR Ədliyyə Nazirliyi Kollegiyasının 14 dekabr 1994-cü il tarixli Qərarı ilə dövlət qeydiyyatına alınmış “Tofiq Bəhramov” adına Respublika Stadionunun Nizamnaməsinə əsasən, “Respublika Stadionu müvəqqəti istifadəsində olan yerləri qüvvədə olan icarə haqqı normativlərinə uyğun olaraq yalnız digər təşkilatlara icarəyə verə bilər”.
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, mənim icarəmə verilmiş torpaq sahəsinin mülkiyyətçisi AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi olsa da, iddiaçı ilə mənim aramda icarə müqaviləsi bağlanarkən, iddiaçı “Tofiq Bəhramov” adına Respublika Stadionu sahənin qanuni sahibi kimi mülkiyyətçinin vəkili kimi müqaviləni bağlamış və əsasında fəaliyyət göstərdiyi Nizamnamədə qeyd olunan şərtlərdən kənara çıxılmamışdır. Belə olan halda, iddiaçı ilə mənim aramda bağlanmış müqavilə mülkiyyətçinin vəkil etdiyi şəxs tərəfindən bağlandığına görə, yuxarıda qeyd edilən maddi hüquq normalarının müqavilənin etibarsızlığının əsası kimi təfsir edilməsi tamamilə yanlışdır.
2. Tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir.
Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikasının Prezidentinin ““Tofiq Bəhramov” adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” 06.07.2011-ci il tarixli 1617 saylı Sərəncamına istinad etmişdir. Halbuki, həmin Sərəncamda göstərilənlərin hazırki mübahisəyə heç aidiyyatı yoxdur. Çünki, icarəyə verilmiş torpaq sahəsində maddi-texniki baza möhkəmləndirilməsi nəticəsində həmin torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməli olduğu barədə qanunvericilikdə heç bir norma mövcud deyil.
3. Tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.
Mən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun itirildiyini və mübahisəyə “etibarsız əqdlər üzrə müddətlər”in tətbiq edilməli olduğunu məhkəmə iclasında bildirsəm də, birinci instansiya məhkəməsi öz qətnaməsində mənim bu tələbimin əsassız olduğunu qeyd etmiş və hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməli olmadığı qənaətinə gəlmiş, lakin bu mövqeyini heç bir hüquq norması ilə əsaslandırmamışdır.
Halbuki, 354.1-ci maddəsinə əsasən, “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər”.
4. Prosessual hüquq normaları pozulmuş, bu isə qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur.
Həmin maddəyə əsasən, “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır”.
İddiaçı öz tələbinin hüquqi əsası kimi, müqavilə məbləğinin hazırki dövr üçün az olduğunu, eləcə də, “Tofiq Bəhramov” adına Respublika Stadionunun ərazisində 2012-ci ildə Bakı şəhərində Avroviziya Mahnı müsahibəsinin keçirilməsi ilə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi tədbirlərinin görüldüyünü və həmin ərazidə mənim tərəfimdən iki ədəd qanunsuz tikili inşa edildiyini göstərmişdir.
Lakin hakim iddiaçının iddiasının hüquqi əsasını özü dəyişərək, qanunsuz olaraq başqa hüquqi əsaslar tətbiq etmiş və iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir.
Bunlar birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha sübut edir.
Yuxarıda qeyd edilənlərə, MPM-nin 357.1, 358.0.1, 360-362, 384.0.2 və 385-390-cı maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
AR 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Xaliq Xalıq oğlu İmanov, iş N 2iq(82)-1957/2011) 21 noyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edəsiniz.
Qoşma: — Apellyasiya şikayətinin surəti,
— Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
02 fevral 2012-ci il
İmza: Mehmet Okur Hicabi