Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 13 aprel 2007-ci il.
Azərbaycan Respublikası adından
C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə
məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
Bakı şəhəri, 13 aprel 2007-ci il.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi C.Abdullayeva, A.Abdullayev və onların nümayəndəsi T.Azayevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Ceyran, Bəxtiyar və Aydın Abdullayevlərin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Cavab verən tərəf – Azərbaycan Respublikasının Ali Məhkəməsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçilərin nümayəndəsi T.Azayevin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
müəyyən etdi:
Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki mülki qanunvericiliyin iddia müddəti ilə bağlı müddəalarının tətbiqi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Əvvəlki MM-in 73, 74-cü maddələrində ümumi və qısaldılmış iddia müddətləri müəyyənləşdirilmişdir. Bununla belə Məcəllənin 85-ci maddəsində subyektiv hüquqların müdafiəsi ilə bağlı iddia müddətlərindən asılı olmayan tələblərin dairəsi də nəzərdə tutulmuşdur. Həmin maddənin üçüncü bəndinə görə kolxozların və kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələbləri də iddia müddəti aid edilməyən hallar sırasındadır.
Bu müddəadan görünür ki, yalnız dövlət əmlakına qanunsuz olaraq yiyələnmə zamanı onun qaytarılması üçün dövlət təşkilatlarının tələbləri iddia müddətləri ilə məhdudlaşdırılmır. Dövlət mülkiyyətilə yanaşı başqa mülkiyyət növlərinin də mövcud olmasına baxmayaraq birincinin daha təminatlı mövqedə dayanması sosialist iqtisadiyyat sistemində digərləri ilə müqayisədə ona xas olan üstünlük göstəricilərindən biri kimi müəyyənləşdirilmişdir.
Bu baxımdan əvvəlki MM-in göstərilən maddələrinin onun qüvvədən düşdüyü tarixədək (01 sentyabr 2000-ci il) yaranmış mülki hüquq münasibətlərindən əmələ gələn mübahisələrin həlli zamanı 27 noyabr 1995-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının nəzərə alınmadan tətbiq edilməsi ədalətli hesab edilə bilməz.
Belə ki, Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı.
Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır, ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir (Konstitusiyanın 147-ci maddəsi).
Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə görə, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiyanın «Keçid müddəalarının» 8-ci bəndinə əsasən, bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə qüvvəsini saxlayır.
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Eyni münasibət və vəziyyətlərdə hər kəsin hüquq və vəzifələrinin bərabərliyinə təminat verən bu konstitusiya norması baxımından əvvəlki MM-in 85-ci maddəsinin 3-cü bəndi xüsusi mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən qaytarılması tələblərinə də şamil olunmalıdır.
Birinci instansiya məhkəməsi isə Konstitusiyanın yuxarıda göstərilən normalarına zidd olaraq Abdullayevlərin tələblərinə iddia müddətini tətbiq etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
qərara aldı:
1. C.Abdullayeva və digərlərinin A.Əsədov və qeyrisinə qarşı mənzildən çıxarılma barədə iddiaya dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinskiy raboçiy» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
«Respublika» qəzetində dərc edilmişdir (15 may 2007-ci il).