Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Cənab Fərhad Abdullayevə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Cənab Fərhad Abdullayevə
Şikayətçi: Qasımov Rövşən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 567-46-62, (050) 200-66-10
Ş İ K A Y Ə T
Hörmətli Fərhad müəllim!
Mən “Çalxan” MMC Hüquq firmasının direktoru olaraq nümayəndəlik fəaliyyəti ilə məşğul oluram.
Şamaxı Rayon Məhkəməsinin (sədrlik edən hakim: Təranə Hüseynova, iş N 2(074)-1/2011) 13 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Nuriyeva Ella Maşallah qızının mənə qarşı iddiasının rədd edilməsi qət edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-66/2012 saylı 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Nuriyeva Ella Maşallah qızının apellyasiya şikayəti qismən təmin edilmiş, “Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli qərarı R.Qasımova torpaq sahəsi ayrılmasına dair hissədə, JN-012A kodlu, 41001004 saylı R.Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir-istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilə ləğv olunmuş”, mənim mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmağım qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3316/2012 saylı 16 oktyabr 2012-ci il tarixli qərarı ilə mənim kassasiya şikayətimin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-66/2012 saylı 10 aprel 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Həmin qərardan verilmiş əlavə kassasiya şikayəti, Ali Məhkəmənin sədri Ramiz Rzayevin 13(102)-497/12 saylı 12 yanvar 2013-cü il tarixli qərardadı ilə Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır.
Qərardadın surəti mənə 20 fevral 2013-cü ildə poçt vasitəsilə təqdim edilmişdir.
Qeyd edilən qərar və qətnaməylə mənim konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarım pozulmuşdur.
Belə ki,
AR Ali Məhkəməsinin MK öz qərarını əsaslandırmaq üçün AR Konstitusiyasının 12-ci, 26-cı, MPM-nin 2.1-ci və 2.2-ci maddələrinə istinad etmiş, məhkəmənin tərbiyəvi funksiyasının vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının müdafiəsinin və qorunmasının təmin edilməsindən ibarət olduğunu qeyd etmişdir.
Kassasiya instansiyası məhkəməsi daha sonra, mübahisəli torpaq sahəsi üzərində iddiaçı Ella Nuriyevanın mülkiyyət hüquqlarının yaranması mexanizminin hüquqi əsasını təhlil etmiş (???) və göstərmişdir ki, guya həmin torpaq sahəsinə dair mənim hüquqlarımın olmasına dair həmin hallar mövcud deyil.
Məhkəmə bu məqsədlə MPM-nin 76.1-ci maddəsinə istinad etmiş və mənim məhkəməyə təqdim etdiyim Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1990-cı il tarixli qərarının, mübahisəli torpaq sahəsi üzərində hüquqlarımın olduğu faktı haqqında məlumatları özündə əks etdirmədiyini göstərmişdir.
Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mübahisəli hüquq münasibətləri yaranan zaman 25 iyun 1999-cu ilədək qüvvədə olan Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər Xalq Deputatları Sovetləri tərəfindən qeydə alınmalı, hal-hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən isə, torpaq üzərində mülkiyyət hüququ, torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya Bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət Aktı (şəhadətnamə) ilə rəsmiləşdirilməlidir.
İş materiallarında isə, mübahisəli torpaq sahəsinin iddiaçı Ella Nuriyevanın mülkiyyətinə və ya daimi istifadəsinə verildiyi barədə heç bir hüquqi sənəd mövcud deyildir. Əksinə, mənim tərəfimdən məhkəmə kollegiyasına təqdim edilmiş və iş materiallarına əlavə edilən Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli 19 saylı iclas protokolu ilə mübahisəli torpaq sahəsinin 5 nəfərdən ibarət ailə üzvlərimlə birlikdə mənə təhkim edilməsi qərara alınmışdır.
Həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsi öz qərarlarında, Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli 19 saylı qərarınında “0,03 ha torpaq sahəsinin” mənə ayrılması haqqında olan sözlərin qərarın mətninə sonradan əlavə edildiyini, bu halın müvafiq ekspertiza rəyi ilə təsdiq olunduğunu, həmin sözlərin Şamaxı rayon XDS İK tərəfindən əlavə edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyimi əsas gətirmişlər.
İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər: Şamaxı Rayon Dövlət Notariat Kontorunun notariusu vəzifəsində işləmiş Eyyubov Yaşar Nazim oğlunun və 1967-ci ildən 2007-ci ilədək Şamaxı Rayon Texniki İnventarizasiya bürosunda mühəndis işləmiş Qafarov Ağabala İsmayıl oğlunun məhkəməyə verdikləri izahatlarla tam təsdiq edilmişdir ki, mübahisəli torpaq sahəsinin mənə ayrılmasına dair Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli qərarı tamamilə qanuni və əsaslıdır, həmin qərarda heç bir saxtakarlıq mövcud deyil.
İş materiallarında olan və eyni tərəflər arasında olmuş başqa bir mülki iş üzrə qəbul edilmiş Şamaxı Rayon Məhkəməsinin 04 sentyabr 2008-ci il tarixli qətnaməsindən də (bax: qoşma 1 – iş materiallarına da əlavə edilib) aydın olur ki, 18 sentyabr 1990-cı ildə Şamaxı Rayon XDS İK-nin sədri olmuş Qədirov Zöhrab Abduləziz oğlu həmin iş üzrə şahid qismində dindirilmiş və izahatında bildirmişdir ki (bax: qətnamə, səh.-2, yuxarıdan 3-cü abzas), mübahisəli torpaq sahəsi Şamaxı rayon XDS İK-nin iclasında müzakirə olunan qərarı ilə mənə verilib və qərarda redaktə dəyişikliyi də elə həmin vaxt onlar tərəfindən aparılıb. Yəni həmin qərarda üçüncü şəxs tərəfindən hər hansı dəyişiklik və ya saxtakatlıq edilməsi tamamilə mümkünsüz olmuşdur.
1990-cı ildə Şamaxı rayon XDS İK-nin sədr müavini vəzifəsində işləmiş İsgəndərov Vaqif İsgəndər oğlu imzasını notarial qaydada təsdiqlətdiyi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Nəsibova ünvanladığı 19 mart 2012-ci il tarixli izahatında qeyd edib ki, mübahisəli torpaq sahəsi 18 sentyabr 1990-cı il tarixli qərarla həqiqətən də mənə ayrılıb və həmin vaxt yazı makinasından istifadə edildiyi üçün qərara düzəliş edilərkən hərflərdə rəng və şrift fərqi olması mümkün idi. Qərarda heç bir əlavə edilməyib, saxtakatlıq olmayıb.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı Filialı tərəfindən verilmiş 24 iyul 2007-ci il tarixli 465/617 saylı arxiv çıxarışını, eləcə də, mübahisəli torpaq sahəsinin mənə ayrılmasına dair Şamaxı rayon XDS İK-nin fərdi şəkildə tərtib edilmiş 18 sentyabr 1990-cı il tarixli qərarının təsdiqlənmiş surətlərini məhkəməyə təqdim etmişəm və həmin sənədlər iş materiallarına əlavə edilib. Qeyd edilən arxiv çıxarışı və fərdi qərarda da 0,03 ha torpaq sahəsinin mənə ayrıldığı qeyd edilmiş və həmin sənədlərdəki “0,03 ha torpaq sahəsi ayrılsın” sözlərinin mətndə sənəd tərtib edildiyi vaxt yazıldığı adi gözlə görsənir. Elə buna görə də, Sumqayıt Apellyasiya Məhkəməsi bu sənədi ekspertizaya təqdim etməyi lazım bilməmişdir.
Çünki, Şamaxı rayon XDS İK tərəfindən qəbul edilmiş 18 sentyabr 1990-cı il tarixli 19 saylı qərar əvvəlcə ümumi qaydada, yəni bir-neçə nəfər barəsində qəbul edilmiş, həmin qərarda mənə torpaq sahəsi ayrılması barədə qeydlər dəqiqləşdirildikdən və əlavə edildikdən sonra, elə həmin tarixdə də qərarda qeyd edilən şəxslər haqqında ayrı-ayrılıqda fərdi qərarlar qəbul edilmişdir. Mənim barəmdə qəbul edilmiş fərdi qərarda isə 0,03 ha torpaq sahəsinin Şamaxı rayon XDS İK tərəfindən mənə ayrıldığını şübhə altına salacaq heç bir əlavə və dəyişikliyin mövcudluğun olmadığı adi gözlə belə görsənir.
Həmin sözlərin ümumi qərara Şamaxı rayon XDS İK tərəfindən yazıldığı faktı, həmin qərar əsasında mübahisəli torpaq sahəsinə dair Şamaxı Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş və iş materiallarında olan 19 oktyabr 1990-cı il tarixli müqavilə ilə də təsdiq edilir. Həmin müqavilədə də, 0,03 ha torpaq sahəsinin mənə ayrıldığı barədə qeydlər vardır.
Qərarın hazırlanmasında iştirak etmiş vəzifəli şəxslərin izahatlarını və iş materiallarında olan arxiv arayışını mötəbər sübut növü kimi qiymətləndirməyən apellyasiya instansiyası məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozduğunu kassasiya şikayətimdə qeyd etsəm də, kassasiya instansiyası məhkəməsi mənim şikayətimin həmin hissəsinə heç bir əhəmiyyət verməmiş, əksinə, öz qərarında yeganə sübut növü kimi ekspertiza rəyinə istinad etmişdir. Halbuki, mövcud qanunvericiliyə əsasən, həmin ekspertiza rəyi də bir sübut növü kimi, iş materiallarında olan digər sübutlarla, arxiv arayışları və şahid ifadələri ilə eyni hüquqi qüvvəyə malikdir və məhkəmə tərəfindən bərabər qiymətləndirilməlidir.
Məhkəmələrin istinad etdiyi ekspertiza rəyi ilə isə, Şamaxı rayon XDS İK tərəfindən qəbul edilmiş 18 sentyabr 1990-cı il tarixli 19 saylı qərarına edilmiş əlavənin mənim tərəfimdən əlavə edildiyi müəyyənləşdirilməyib. Əksinə, iş materiallarında olan sübutlarla və şahid ifadələri ilə tam təsdiq edilmişdir ki, həmin əlavə məhz qərar qəbul edilərkən, Şamaxı rayon XDS İK özü tərəfindən sənədin hazırlanması prosesi zamanı yazılıb.
Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, “şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır”.
Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı ilə mənim Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində, 60-cı maddəsinin I bəndində, 71-ci maddəsinin I bəndində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutlan hüquqlarım pozulub, mən, özümə məxsus mülkiyyətimdən və mənzil hüququmdan, qanunsuz olaraq məhrum edilmişəm.
Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən,
“I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR MPM-nin 88-ci maddəsinə əsasən, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”.
Bununla da, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qətnamə və qərarı Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, 129-cu maddəsinin III hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə əsasən, “Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər”.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən, “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”.
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə əsasən, “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır”.
AR Konstitusiyasının qeyd edilən normaları ilə təsbit edilmiş qaydalara apellyasiya və kassasiya instansiyaları məhkəməsi tərəfindən riayət edilməmiş, bu isə, mənim mülkiyyət hüquqlarımı pozan qanunsuz qərarlar qəbul edilməsi ilə nəticələnmişdir.
“İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikasının 13-cü maddəsinin I hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
Konstitusiyanın 29-cu maddəsinin I-III hissələrinə əsasən, “Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir”.
AR Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, “Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir”.
Kassasiya instansiyası məhkəməsi mənim kassasiya şikayətimin “iddia müddətinin ötürülməsi haqqında” olan hissəsinə heç bir hüquqi qiymət verməmiş, bu barədə öz qərarında, ümumiyyətlə heç bir kəlimə də qeyd etməmişdir.
Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”.
Möhtərəm hakimlər!
İş materiallarında iddia müddətinin tətbiqinə dair yazılı vəsatət var (bax: iş materialları, səh.-203).
Apellyasiya və kassasiya instansiyaları məhkəmələri Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərini tətbiq etməmiş, 21 il bundan öncə qəbul edilmiş və iddiaçıya da, onun mənzil aldığı Gennadiy Smirnova da məlum olan qərarların ləğvi barədə qətnamə qəbul etmişdir.
Hazırki iş üzrə hər üç məhkəmə instansiyası öz səlahiyyət həddini aşaraq məhkəmə aidiyyatını pozmuş, inzibati məhkəmənin səlahiyyətlərini mənimsəmiş və inzibati orqan tərəfindən qəbul edilmiş qərarların – Şamaxı Rayon XDS İK-nin 18.09.1990-cı il tarixli 19 saylı qərarının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsi tərəfindən verilmiş JN-012A kodlu, 41001004 saylı “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir.
Halbuki, qeyd edilən orqanlar inzibati orqan hesab edilir və onlar tərəfindən qəbul edilmiş qərarlar da yalnız inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar əsasında ləğv edilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir”.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”.
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
İkincisi, Konstitusiyanın 60-cı maddəsinin I bəndinə əsasən, “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”.
Konstitusiyanın 71-ci maddəsinin I bəndinə əsasən, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … qərəzsiz məhkəmə vasitəsi ilə, işinin ədalətli araşdırılması hüququna malikdir”.
Məhkəmələr tərəfindən qəbul edilmiş qətnamə və qərarlarla, mübahisəli torpaq sahəsinin mənə məxsus olduğu tam sübuta yetirilmişdir.
Qeyd edilən maddələrin məzmunundan da tam aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə ləğv olunması qət edilmiş aktlar yalnız inzibati məhkəmə icraatı vasitəsilə mübahisələndirilə və ləğv edilə bilər.
Apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş bu və digər qanun pozuntuları barədə öz kassasiya və əlavə kassasiya şikayətimdə ətraflı qeydlər etsəm də, nə kassasiya instansiyası məhkəməsi, nə də Ali Məhkəmənin sədri mənim şikayətimin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.
Yuxarıda qeyd edilənlərə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-30, 34.1, 34.2, 34.4.1, 34.5, 34.6, 34.7.2 və 35-ci maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən hakim: Nazim Nəsibov, hakimlər: Afaq Nuriyeva və Həmid Həmidov, iş N 2(105)-66/2012) 10 aprel 2012-ci il tarixli qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (sədrlik edən hakim: Tatyana Qoldman, hakimlər: Ənvər Şadıyev və Rəşadət Ağayev, iş N 2(102)-3316/2012) 16 oktyabr 2012-ci il tarixli qərarınərarının və həmin qərarla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevin 13(102)-479/12 saylı 14 yanvar 2013-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmaması və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsiniz.
Qoşma: – Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qətnaməsinin surəti,
– Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2012-ci il tarixli qətnaməsinin surəti,
– AR Ali Məhkəməsinin MK-nın 16 oktyabr 2012-ci il tarixli qərarının surəti,
– Ali Məhkəmənin sədri Ramiz Rzayevin 13(102)-479/12 saylı 12 yanvar 2013-cü il tarixli qərardadının surəti.
14 mart 2013-cü il
İmza: / R.Ə.Qasımov /