Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı Bakı şəhəri, 12 mart 1999-cu il.

Paylaşın

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
60-
maddəsi haqqında
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

Bakı şəhəri, 12 mart 1999-cu il.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyev (sədr), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğu verən orqanın nümayəndələri – Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Ç.Bəşirovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin I bəndinə və IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli, 5-1/98 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim S.Salmanovanın məruzəsini, sorğu verən orqanın nümayəndələri Ç.Bəşirov və B.Əsədovun çıxışlarını dinləyib, təqdim edilmiş materialları nəzərdən keçirərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

müəyyən etdi:

Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsi və «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 11-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.

Sorğu ilə bağlı iş materiallarına Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin və «İqtisadi, sosial və mədəni hüquqlar» haqqında Beynəlxalq Paktın 11-ci maddəsinin rəsmi mətnlərinin surətləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndinə əsasən, şəxs altı aydan artıq müddətdə azadlıqdan məhrum olunmağa məhkum edildikdə onun yaşayış sahəsinə olan hüququ hökm icra olunanadək saxlanır.

Həmin maddənin II hissəsinin 9-cu bəndinə görə isə 18 yaşınadək şəxslər, yaşı 50-dən çox olan kişilər, yaşı 45-dən çox olan qadınlar azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məcburi əməyə cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti məhkum etmə, habelə ehtiyatsızlıq üzündən cinayətlər törədilməsinə görə azadlıqdan məhrum olunmağa məhkum etmə zamanı onların yaşayış sahəsi cəza müddəti qurtaranadək saxlanır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndində şəxsin altı aydan artıq müddətdə məhkum olunması onu yaşayış sahəsinə olan hüququndan məhrum etməyə əsas yaratdığı halda, cinayət qanunvericiliyində cinayətin xarakterindən asılı olmayaraq, şəxsin yaşayış sahəsindən məhrum olunmasını əks etdirən əsas, yaxud əlavə cəza nəzərdə tutulmamışdır.

Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci bəndi insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn normativ akt kimi özünü büruzə verir.

Belə ki, altı aydan çox müddətə azadlıqdan məhrum olunmuş şəxsin yaşayış sahəsindən birmənalı məhrum olması bu qəbildən olan şəxslərin gələcək taleyinə maddi, mənəvi və psixoloji zərbə kimi qiymətləndirilməlidir.

Qanunverici bəzi kateqoriyalı məhkumların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 9-cu bəndində güzəştlər edərək, onların yaşayış sahəsinə olan hüquqlarını cəza müddəti qurtaranadək saxlamışdır. Bununla belə, qanunverici ardıcıl olmayıb, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən insan və vətəndaş hüquqları və azadlıqlarının bərabərliyi prinsipinə zidd olaraq, vətəndaşları törətdikləri cinayətlərin xarakterinə və yaş həddinə görə fərqləndirmişdir.

Bu isə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüquqlarını məhdudlaşdırır, Konstitusiyanın 25-ci maddəsinin I və II hissəsində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir. Hüquq tətbiqetmə təcrübəsi göstərir ki, azadlıqdan məhrum olunma cəzasına məhkum edilmiş tənha şəxslər qeyd olunan prinsipin pozulması nəticəsində mənzil orqanları tərəfindən avtomatik olaraq yaşayış sahəsindən məhrum olunurlar.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə və 25-ci maddəsinin I və II hissələrinə uyğun deyil və məhkum olunmuş şəxslərin yaşayış sahəsinə olan hüquqları onların bütün cəza çəkdiyi müddət ərzində saxlanılmalıdır.

Bununla yanaşı, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş müddəaların hüquq tətbiqetmə təcrübəsi barədə bir sıra məsələlərin şərh edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər.

Mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

«İcarə haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrində icarə müqaviləsinin pozulmasının digər əsasları da nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

İcarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80 – 83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

qərara aldı:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin II hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və II hissələrinə, 43-cü maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar hazırda birinci instansiya məhkəmələrinin icraatındakı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı olan mübahisələrə və bu qərar qüvvəyə mindikdən sonra yaranan hüquq münasibətlərinə şamil olunur.

5. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və təfsir edilə bilməz.«Azərbaycan» qəzetində dərc edilmişdir (16 mart 1999-cu il, № 59).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.