Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə “Xəlilova Sücayət Həmid qızının işi üzrə” ÇIXIŞ

Paylaşın

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

Şikayətçi: Xəlilova Sücayət Həmid qızının

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlunun

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05, (012) 417-66-10

 

 

ÇIXIŞI

 

Möhtərəm hakimlər, hörmətli sədr!

S.H.Xəlilovanın, ““Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və Mülki Prosessual Məcəllənin XXXVI fəslinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi və həmin maddələrin Azərbaycan Respublikasının Konstitusiyasına və mülki və cinayət qanunvericiliyinə uyğunlaşdırılması barədə Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə verilməsi S.H.Xəlilovanın psixiatriya stasionarından dərhal azadlığa buraxılması barədə qərar qəbul edilməsi haqqında” şikayəti üzrə aşağıdakıları bildirmək istəyirəm:

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddələri, həqiqətən də, S.H.Xəlilovanın hüquqlarının pozulmasına səbəb olub. Məhz məmin maddələrə əsasən Sücayət Xəlilova törətdiyi əmələ görə, yəni ittiham edildiyi CM-nin 132-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən də artıq müddətə psixiatriya stasionarında saxlanılıb və biz bunu insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndiririk.

Hesab edirəm ki, bu kobud hüquq pozuntusunun səbəbi, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və Mülki Prosessual Məcəllənin XXXVI fəslinə uyğun olmamasıdır.

Sücayət Xəlilova Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilmişdir. Qərar 24 noyabr 2009-cu ildə icra edilmişdir.

Binəqədi Rayon Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın 14 avqust 2009-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti isə, AR Ali  Məhkəmənin 24 noyabr 2009-cu il tarixli qərarı ilə təmin edilməmişdir.

Möhtərəm hakimlər!

Mən, həmin məhkəmə qərarlarının və bu qərarların qəbul edilməsində müstəsna rol oynayan həkim-psixiatr komissiyasının verdiyi rəylərin qanuniliyini burada mübahisələndirmədən, diqqətinizi Sücayət Xəlilovanın işi ilə bağlı meydana çıxan və nəticə etibarilə bütün vətəndaşlarımızın hüquqlarının nə vaxtsa pozulmasına səbəb ola biləcək psixiatriya sahəsindəki konkret hallara yönəltmək istəyirəm.

Sücayət Xəlilovanın ittiham edildiyi AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan  azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi cəmi 6 aydır.

Sücayət Xəlilova isə, 1 il 1 ay 11 gün, qanunsuz olaraq, psixiatriya stasionarında saxlanılmışdır.

Nə qədər təəccüblü səslənsə də, qanunun bu şəkildə pozulması yalnız Sücayət Xəlilovaya aid deyil, minlərlə başqa vətəndaşlarımız da, bu günədək eyni taleli yaşayır.

Sabunçu Rayon Məhkəməsində hörmətli hakim İlqar Abbasovun sualına cavab olaraq, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının nümayəndəsi bildirdi ki, onlar sovet hökumətinin vaxtından, yəni 40-50 ildir ki, belə işləyirlər.

Möhtərəm hakimlər!

Şəxs, birinci altı ayı həkim-psixiatr komissiyasının rəyinə əsasən və məhkəmə qərarı ilə psixiatriya stasionarına yerləşdirildikdən sonra, onun sonrakı altı aylarda orada saxlanılması həkim-psixiatr komissiyasının yox, müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən və sədri həmin müəssisənin direktoru olan həkim-məsləhət komissiyasının rəyi əsasında saxlanılır.

CPM-nin 269.3.2 və MPM-nin 63.4-cü maddəsinə əsasən, “ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır.

Sual olunur: S.Xəlilovanın ikinci 6 ay müddətində də psixiatriya stasionarında saxlanılmasının vacibliyi barədə rəy vermiş Həkim-Məsləhət Komissiyasının üzvlərinə belə xəbərdarlıq edilirmi və heç bir məsuliyyət daşımayan şəxslərin rəyi əsasında şəxs həbsdə saxlanıla bilərmi?

 “Psixiatriya yardımı haqqında”  Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinə əsasən, “Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədilə həmin şəxs ilk altı ay müddətində ayda bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox çəkdikdə şəxsin psixiatriya müayinəsi hər altı ayda azı bir dəfə aparılır”.

Bu maddənin sonuncu cümləsindən aydın olur ki, şəxsin psixiatriya stasionarında saxlanılmasının son müddəti şəxsin müalicəsinin qurtarması ilə bağlıdır.

Maddənin məzmunundan belə çıxır ki, şəxsin törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olmayaraq, cinayət icraatı qaydasında haqqında tibbi xarakterli məcburi tədbir tədbiq edilmiş şəxs, əgər sağalmamışdırsa, həkim-psixiatr komissiyasının rəyi əsasında psixiatriya stasionarında istənilən qədər saxlanıla bilər.

Əvvəla, qanunverici həkim-psixiatr komissiyasının rəyini nəzərdə tutsa da, təcrübədə bu, həkim-məsləhət komissiyası ilə əvəz edilib.

İkincisi isə, ilk baxışda, bu, çox normal görünsə də, nəzərə almaq lazımdır ki, şəxsin psixiatriya stasionarında yerləşdirilməsinin mövcud qanunvericiliyimizdə iki yolu var:

1. Mülki icraat qaydasında.

2. Cinayət icraatı qaydasında.

Mülki icraat qaydasında şəxs Mülki Prosessual Məcəllənin XXXVI fəslinə (335-338-1-ci maddələri) uyğun və mülki prosesin ümimi qaydalarına uyğun olaraq məcburi yerləşdirmə yolu ilə psixiatriya stasionarına yerləşdirilir.

Cinayət icraatı qaydasında isə, şəxs Cinayət Məcəlləsinin XV fəslinə (93-99-cu maddələr) uyğun olaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi yolu ilə psixiatriya stasionarına yerləşdirilir.

Göründüyü kimi, qanunverici mülki prosesdə olaraq məcburi yerləşdirmə terminini, cinayət prosesində isə, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi terminini işlətmişdir.

Möhtərəm hakimlər!

Bu iki prosesin fərqini sadalamaqla, qiymətli vaxtınızı almaq istəmirəm. Ancaq üç məsələni xüsusilə vurğulamağı vacib hesab edirəm.

1. Mülki Prosessual Məcəllənin 335.1-ci maddəsinə əsasən, şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizə vermək hüququ olan şəxslər, elə həmin Məcəllənin 191-ci maddəsinə əsasən, öz tələblərindən, iddialarından imtina etmək hüququna malik olsalar da, cinayət prosesi qaydasında şəxsin haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiqi və bunun qarşısının alınması həmin şəxslərin iradəsindən kənardır.

Məsələn, mülki icraat qaydasında həyat yoldaşının, anasının və ya başqa bir yaxın qohumunun, psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə mülki icraat qaydasında məhkəməyə ərizə vermiş şəxs, prosesin istənilən mərhələsində, xəstəyə şəxsən qulluq etmək qərarına gələrək, ərizəsini geri götürə bilər. Cinayət prosesində isə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halında bu, qətiyyən mümkün deyil.

2. Cinayət icraatı qaydasında, yəni Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə uyğun olaraq, şəxs yalnız o halda psixiatriya stasionarına yerləşdirilə bilər ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratsın. Belə yerləşdirmə “Psixiatriya yardımı haqqında” qanunun 12-ci maddəsində “tibbi xarakterli məcburi tədbirlər” kimi ifadə olunur. Lakin mülki icraat qaydasında şəxsin psixiatriya stasionarında yerləşdirilməsi üçün “təhlükəli olma”dan başqa əlavə iki əsas da nəzərdə tutulub:

Şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması,

Şəxsə psixiatriya yardımının göstərilmədiyi halda, onun psixi vəziyyətinin pisləşməsi.

Mülki icraat qaydasında psixiatriya stasionarına məcburi yerləşdirmənin bu forması “Psixiatriya yardımı haqqında” qanunun 11-ci maddəsində “qeyri-könüllü yerləşdirmə” kimi ifadə edilir.

3. “Psixiatriya yardımı haqqında”  Qanunun 29.1-ci maddəsinə əsasən, Psixi vəziyyətinin yaxşılaşması və ya tam sağalması nəticəsində stasionar müalicəsinə ehtiyacı olmadıqda, habelə stasionarda qalmasına əsas verən müayinə başa çatdıqda, pasiyent özünün, yaxud valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına əsasən psixiatriya stasionarından çıxarılır.

Təcrübədə, bu norma yalnız mülki icraat qaydasında psixiatriya stasionarına məcburi yerləşdirilmiş şəxslərə şamil edilir. Cinayət icraatı qaydasında tibbi xarakterli məcburi tədbir kimi psixiatriya stasionarına yerləşdirilmiş şəxslərin oradan çıxarılması isə, nə onun özündən, nə valideynindən, nə də qanuni nümayəndəsindən asılı deyildir.

Bu şəxslərin taleyi, yalnız, işlədikləri müalicə müəssisəsində xəstələrin sayının çoxluğunda maraqlı olan həkim-məsləhət komissiyasından asılıdır.

Cinayət icraatı qaydasında haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs psixiatriya stasionarında, törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq müddətə orada saxlanıla bilməz.

Çünki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  99-cu maddəsinə (tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması) əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, Ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir”.

AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Azadlıq hüququ yalnız qanunla nəzərədə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər”.

Təbii ki, cinayət icraatı qaydasında psixiatriya stasionarına yerləşdirilmiş şəxs həmin müddətdə sağalmaya da bilər və bu halda, o mütləq stasionardan buraxılmalı və onun müalicəsi mülki icraat qaydasında həyata keçirilməlidir. Əks halda, biz, vətəndaşlarımızı törətdikləri əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən də artıq müddətə cəzalandırmış olacağıq.

“Psixiatriya yardımı haqqında”  Qanunun 28.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, şəxsin psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbir kimi saxlanması müddətinin yuxarı həddi məhkəmə qərarları və qanunla yox, yalnız “həkim-psixiatr komissiyasının” rəyi ilə müəyyənləşir.  Bu isə CM-nin 99-cu maddəsinin ruhuna və mahiyyətinə daban-dabana ziddir.

Möhtərəm hakimlər!

Diqqətinizi, xüsusilə, Mülki Prosessual Məcəllənin 338.2-ci maddəsinə yönəltmək istərdim. Həmin maddədə deyilir: “Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə orada saxlanılması üçün əsasdır”.

Qanunverici şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün hansı müddət müəyyən edib? Təəssüflə qeyd etməliyəm ki, bu gün qüvvədə olan belə bir normativ hüquqi akt mövcud deyil.  Şəxslərin psixiatriya stasionarında saxlanılmasının son müddəti psixiatr həkimlərin insafının, savadının və şəxsi maraqlarının ümidinə buraxılıb.

Bütün bunlara görə, biz hesab edirik ki, “Psixiatriya yardımı haqqında” qanunun 28.2-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 228-ci maddəsinin 2-ci hissəsinə və Cinayət Məcəlləsinin 99-cu maddəsinə uyğun deyil.

 

“Psixiatriya yardımı haqqında”  Qanunun 29-cu maddəsinin 3-cü bəndi isə, ümumiyyətlə, mövcud qanunlarımıza uyğun deyil.

Həmin maddəyə əsasən, Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında qətnaməsi əsasında çıxarılır”.

Möhtərəm hakimlər!

Mövcud mülki qanunvericiliyə görə, “tibbi xarakterli məcburi tədbirlər”in tətbiqi mülki icraatda qəbul edilmiş “qətnamə” ilə yox, cinayət icraatı qaydasında qəbul edilmiş məhkəmə “qərar”ı ilə həyata keçirilir. Bu baxımdan, həmin maddədə redaktə dəyişikliyi aparılmalı və maddə belə ifadə edilməlidir: “Məhkəmə qətnaməsi ilə psixiatriya stasionarına məcburi yerləşdirilmiş pasiyent və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından, bu maddənin birinci bəndində göstərilən şəxslərin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına əsasən, yalnız, məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında qətnaməsi (qərarı) əsasında çıxarılır”.

Möhtərəm hakimlər!

Çox qiymətli vaxtınızı aldığıma görə üzr istəyir, vacib və aktual bildiyim bəzi məsələləri də, uca məqamınıza çatdırmaq istəyirəm.

Sücayət Xəlilovanın haqqındakı mülki və cinayət işləri ilə məşğul olarkən, mənə məlum oldu ki, Respublikamızda həkim-psixiatr komissiyasının, həkim-psixiatrların və həkim-məsləhət komissiyalarının insanların azadlıqdan məhrum edilməsində müstəsna rol oynayan rəylərinin real mübahisələndirmə mexanizmi yoxdur. Əgər, araşdırılsa, müəyyən edilər ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının, pasientlərin hospitallaşdırma müddətinin uzadılması ilə bağlı verdikləri təqdimatlar məhkəmələr tərəfindən istisnasız olaraq, təmin edilib. Həkim-psixiatr komissiyalarının verdikləri rəylər istisnasız olaraq, məhkəmələr tərəfindən mötəbər sübutlar kimi qəbul edilib və bu rəylər S.Xəlilova kimi, yüzlərlə vətəndaşımızın, bu gün xalq arasında “dəlixana” kimi tanınan 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həbs edilməsinə əsas olub.

S.Xəlilova barəsində qəbul edilmiş məhkəmə qərarlarından verilmiş şikayətlərin heç biri təmin edilməyib. Hətta, Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon məhkəməsinin (sədrlik edən: Həsənov Vüqar Təvəkgül oğlu, iş N 2(001)-427/2009)  25 fevral 2009-cu il tarixliqətnaməsindən verilmiş apellyasiya şikayətinə, hörmətli hakimimiz Mehdi Əsədovun sədrliyi ilə baxılarkən, S.Xəlilovanın heç, məhkəməyə gətirilməsinə də lüzum görülmədi. Bu, sadəcə, insan taleyinə laqeydliyin və insana hörmətsizliyin nümunəsidir.

Bəzi hakimlər unudurlar ki, məhkəmə-psixiatriya ekspertizasının iki tərəfi var:

– hüquqi tərəfi,

– tibbi tərəfi.

Tibbi tərəf psixiatr-həkimlər tərəfindən həyata keçirilirsə, hüquqi tərəf şəxsən hakimlər tərəfindən həyata keçirilməlidir. Yəni hakim, haqqında xəstə diaqnozu qoyulan şəxsi bilavasitə özü görməli, onu dindirməli, xəstəliyin dərinliyini şəxsən yoxlamalı və xəstənin özünü idarə etməsinə praktik olaraq təsirini bilavasitə araşdıraraq qiymət verməlidirlər. Yox, əgər hakimin bu hərəkətlərinə ehtiyac yoxdursa, onda, həkim-psixiatrların məhkəməyə təqdimatla müraciət etmələrinin nə anlamı var?

Sabunçu Rayon Məhkəməsinin hakimi Əliyev Samir İmamverdi oğlunun S.Xəlilovanın hospitallaşdırma müddətinin uzadılması barədə  1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin təqdimatının təmin edilməsi haqqında 25 iyun 2010-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, hörmətli hakimimiz Abid Adinbəyov, yenə də, xəstəni görmədən, onu dinləmədən, diri və ya ölü olduğunu aydınlaşdırmadan: “Biz, həkimlərin rəyini əsas götürməliyik” – deyə, həmin qərarı qüvvədə saxladı. Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın həmin 05 avqust 2010-cu il tarixli qərarı 26 yanvar 2011-ci ildə Ali Məhkəmənin CİÜK (sədrlik edən: Əli Seyfəliyev) tərəfindən ləğv edilsə də, yenə də, əsas səhv düzəldilmədi. Deyilmədi ki, şəxs törətdiyi əmələ görə qanunda nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən 1 gün də olsa, artıq müddətə psixiatriya stasionarında saxlanıla bilməz.

Hörmətli hakimlər!

Mən, S.Xəlilovanın taleyini məhkəmələr vasitəsilə həll edə bilməyəcəyimi görüb, psixiatr-həkimlərin rəylərinin qanunsuzluğu barədə AR Səhiyyə Nazirliyinə müraciətlər etdim. Mənim bütün müraciətlərim, son nəticədə, həmin qanunsuz rəyləri vermiş psixiatr-həkimlərin özünə göndərildi. Halbuki, “Psixiatriya yardımı haqqında” qanunun 13.2-ci maddəsinə əsasən, Məhkəmə-psixiatriya ekspertizasını aparan komissiyaların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan mərkəzi məhkəmə-psixiatriya ekspert komissiyası həyata keçirir.

Hardadır bu, “mərkəzi məhkəmə-psixiatriya ekspert komissiyası”?

Kim tərəfindən və nə vaxt yaradılıb?

Harada yerləşir?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş psixiatrı, hörmətli tibb elmləri doktoru G.Ç.Gəraybəylidir.

Nə qədər qəribə görünsə də, AR Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının rəylərinin alınması zamanı hörmətli G.Ç.Gəraybəyli məsləhətçi kimi əksər hallarda iştirak edir. İstər həmin mərkəzin direktoru, tibb elmləri doktoru, professor Bədəl Əsədov, istərsə də 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkim-məsləhət komissiyasının üzvləri öz rəylərini məhz G.Ç.Gəraybəylinin iştirakı ilə təminat altına almağa çalışıblar.

Bu fakt isə, “Psixiatriya yardımı haqqında” qanunun 13.2-ci maddəsində nəzərdə tutulan nəzarət mexanizmini heçə endirir. Həmin qanunun 13.3-cü maddəsində nəzərdə tutulan hüququn da reallaşmasına yuxarıdakı məsələ təbii ki, mane olur.

“Psixiatriya yardımı haqqında” qanunun 13.3-cü maddəsinə əsasən, “Şəxs və ya onun qanuni nümayəndəsi məhkəmə-psixiatriya ekspert komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər”.

Məhkəmə-psixiatriya ekspert komissiyasının rəyindən məhkəməyə müraciət edilməsi hansı normativ aktda nəzərdə tutulub və bu müraciətin real həlli mexanizmi varmı?

Məhkəmə-psixiatriya ekspert komissiyasının əlavə, təkrar və komissyon ekspertiza rəylərini yoxlamaq hüququ olan üst qurum təşkilat hansıdır?

Yuxarıda da qeyd etdiyim kimi, belə bir qurum Respublikamızda mövcud deyil.

Yuxarıdakıları qeyd etməklə, ümid edirəm ki, Siz öz yekun qərarınızda, bu problemlərin də aradan qaldırılması üçün qanuni tədbirlər görəcəksiniz.

Son olaraq, mən, uca məqamınız qarşısında öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş Sabunçu Rayon Məhkəməsinin keçmiş hakimi (indi Bakı Apellyasiya Məhkəməsinin hakimidir) Hüseynov İlqar Kamil oğluna və Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasova öz minnətdarlığımı bildirirəm.
Hörmətli İ.K.Abbasov MPM-nin 296-300-cü maddəsinə uyğun olaraq, həkim-psixiatr komissiyasının rəyindən və 1 saylı RPX-nin müdiriyyətinin hərəkətsizliyindən verdiyim şikayət üzrə təkrar ekspertiza təyin etmiş və məhz bundan sonra S.Xəlilovanın azadlıq yolu açılmışdır. Yeri gəlmişkən, Respublikamızda həkim-psixiatriya ekspertizasının keyfiyyətinə diqqətinizi yönəltmək üçün, bir faktı vurğulamaq istərdim. Mənim iştirakımla keçirilmiş ekspertiza zamanı Sücayət Xəlilovaya belə bir sual verildi: “Başına kişi qəhətdi, əməlli kişi tapa bilmədin, özünnən cavana ərə gedibsən?”. “Dəli”nin isə cavabı “dəlicəsinə” oldu: “təəssüf ki, seçən kişilərdir, qadınlar yox. Mənim də taleyim belə yazılıb. Məgər, Xədicə anamız “dəli” idi ki, özündən 25 yaş cavan peyğəmbərimizə ərə getmişdi?”. Budur psixiatriya ekspertizasının təhqiqat obyekti.

  Mən, xüsusilə, hörmətli  İlqar Abbasova ona görə minnətdarlığımı bildirirəm ki, Respublikamızda minlərlə insanın taleyində iz qoyan, on minlərlə insanın da, öz növbəsini gözlədiyi bu problemi Konstitusiya Məhkəməsinin Plenumuna çıxartdı və İNŞALLAH, ümid edirəm ki, Siz möhtərəm hakimlər də, bu problemlərin köklü həlli istiqamətində qanuni və obyektiv qərar qəbul edəcəksiniz.

 Öncədən, minnətdarlığımı bildirir, uca məqamınıza və şəxsiyyətinizə hörmətimi, təkrarən ifadə edirəm. Məni, bu qədər səbrlə dinlədiyinizə görə, çox sağ olun.

04 fevral 2011-cu il

                                                     İmza:                                        / Q.C.Məmmədov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir