Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-na (sədrlik edən: İ. İsmayılov) Məmmədov Məqsəd İsmixan oğlunun işi üzrə ÇIXIŞ

Paylaşın

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-na

(sədrlik edən: İ. İsmayılov)

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məmmədov Məqsəd İsmixan oğlunun

Nümayəndəsi Məmmədov Qurban  Cəlal oğlunun

 

Ünvan: Bakı şəh., Nərimanov rayonu, Həsənoğlu küç.,

                                                         korpus 7, ev 12, mən., 7/8

                                                                       Əlaqə tel: (050) 200-66-10, (012) 564-42-05,06

      

          2(103)-1864/08 saylı mülki iş üzrə 9 sentyabr 2008-ci il tarixli məhkəmə iclasındakı

Çıxışı

Möhtərəm hakimlər!

İddiaçı İmamquliyev Nizami Yadigar oğlu Xətai Rayon Məhkəməsinə müraciət edərək, guya nümayəndəsi olduğum Məqsəd Məmmədovla aralarında olmuş, sonuncuya məxsus mənzilə dair alqı–satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmiş və Xətai rayon məhkəməsinin (hakim: T.A.İsmayılov,  İş N 2- 661) 14 aprel 2006-cı il tarixli  qətnaməsi  ilə  onun iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın (sədrlik edən: Ə.Ə.Əliyev, hakimlər: S.S.Seyidova və S.Q.Hüseynov, İş N 1-MK-290) 13 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, M. İ. Məmmədovun kassasiya şikayəti əsasında Azərbaycan Respublikası  Ali Məhkəməsinin MİÜMK–nın ( sədrlik edən və məruzəçi: Əliyev Islam Əli oğlu, hakimlər: Kalbalıyev Aslan Kalbalı oğlu, Mirzəliyev Əsəd Abdulla oğlu, Iş N 2(102)- 84/08) 29 fevral 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin  MİÜMK-nın qətnaməsi ləğv edilərək iş yeni Apellyasiya baxışına qaytarılmış və Sizin icraatınıza verilmişdir.

Birinci instansiya məhkəməsində cavabdeh M. Məmmədovun və onun nümayəndəsinin iştirak etməməsindən istifadə edərək qanunsuz qətnamə qəbul edilməsinə nail olan iddiaçı artıq neçənci dəfədir  ki məhkəmə iclasında iştirak etməkdən yayınır. Görünür,  nəhayət ki, iddiasının əsassızlığını, “dəlil və sübutlar”ının tam yararsız olduğunu artıq başa düşmüşdür.

Həmin “dəlil və sübutlar” barədə, eləcə də Ali Məhkəmənin MÜİMK-nın bu işlə bağlı Qərarındakı göstərişlərə dair öz münasibətimi bildirmədən öncə, iddiaçının iddia ərizəsi, bu ərizənin MPM-nın 149–cu maddəsinin tələblərinə uyğun olub-olmaması, həmin iddianın hüququ əsası barədə və Xətai rayon məhkəməsinin qətnaməsinin qanunsuzluğu barədə, qıssa da olsa, Sizin diqqətinizə aşağıdakıları çatdırmağı zəruri hesab edirəm.

1.  N.İ.İmamquliyevin iddia ərizəsi MPM-nın 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, “ərizədə istinad edilən dəlillər”i təsdiqləyən sübutlar  iddia ərizəsinə əlavə edilməmiş, və məhkəməyə təqdim edilməmişdir.

Belə ki, iddia ərizəsində MM-nın 335.2-ci maddəsinə istinad edilmişdir. Halbuki, “İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına əsasən, “MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.

Göstərilən maddənin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur:

əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli;

məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;

əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

Daşınmaz əşyaların alqısatqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

Belə ki, MMin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.

Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir:

yazılı formada bağlanması;

notariat qaydasında təsdiqlənməsi.

Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

Beləliklə, daşınmaz əşyaların alqısatqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MMin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.”

          Konstitusiya Məhkəməsinin bu mövqeyi “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kolegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı ilə bir daha təsdiqlənmişdir.

İddiaçı N. İmamquliyev Xətai rayon məhkəməsinə müraciət edərkən Konstitusiya məhkəməsinin yuxarıda qeyd etdiyim qərarları qüvvədə olmuş və O, nümayəndəsi olduğum Məqsəd Məmmədovla aralarında mübahisəli mənzilə dair heç bir yazılı müqavilə olmadığı üçün MM-nın 335.2-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır.

 MPM-nın 149.2.3-cü maddəsinə əsasən. “iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif…” iddia ərizəsində göstərilməlidir.

İddiaçı isə MM-nın 335 və 336-ci maddələrindən başqa heç bir qanuna və normativ akta istinad etməmişdir. Həmin maddələrə istinad etməsi üçün isə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarlarına əsasən, iddiaçı öz iddia ərizəsinə mənzilin alqı-satqısına dair müqavilənin yazılı formasını əlavə etməli idi.

Təbii ki, belə bir müqavilə mövcud olmadığı üçün də O bunu edə bilməmişdir.

2. İddia ərizəsində göstərilir ki, guya nümayəndəsi olduğum M. Məmmədov şahidlərin yanında iddiaçıdan 4500 ABŞ dolları almiş, 1999-cu ilin may ayında iddiaçının və onun həyat yoldaşı İmamquliyeva Rəfiqənin həmin mənzilə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir.

Möhtərəm hakimlər!

 Iddiaçı nəinki istinad etdiyi bu dəlili sübut etmək üçün Məqsəd Məmmədovun “razılıq ərizəsini” məhkəməyə təqdim etməmişdir, əksinə, indi mübahisələndirilən Xətai rayon  məhkəməsinin qətnaməsi ilə sübut  edilir ki,  iddiaçı mübahisəli mənzilə M. Məmmədovun razılığı ilə yox, məhz həmin qətnamə əsasında  pasport qeydiyyatına alınmışdır.

3. Xətai rayon məhkəməsinin qətnaməsi isə, MPM-nın 217 və 220-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir.

Belə ki, qətnamədə MM-nın 440-cı maddəsinin 2-ci hissəsinə istinad edilmişdir.

Keçmiş Mülki Məcəllənin 440-cı maddəsi “müsabiqə üzrə mükafatlandırılmış elm, ədəbiyyat, incəsənət əsərlərindən istifadə”, indiki Mülki Məcəllənin 440-cı maddəsi isə “pul öhdəliklərinin ödənilməsi növbəliliyi” adlanır.

Qətnamədə “müəyyən edilmiş hal” kimi göstərilən heç bir hal iş materialları ilə təsdiq edilmir.

Belə ki, qətnamdə göstərilir ki, “Bakı şəhəri, General Şıxlinski küçəsindəki 40 N-li evin 108-ci mənzilinə dair tərəflər arasında bağlanmış əqd tam icra edilmiş, mənzilin razılaşdırılmış pul məbləği alıcı Nizami Yadigar oğlu İmamquliyev tərəfindən  satıcı Məqsəd İsmixan oğlu Məmmədova ödənilmiş, sonuncu  razılaşdırılmış pul məbləğini alaraq mənzili alıcının mülkiyyətinə vermiş və əmlakını götürərək daimi yaşamaq  üçün başqa ünvana köçmüşdür.

Məhkəmə, satıcı Məqsəd İsmixan oğlu Məmmədovun daimi yaşamaq üçün başqa ünvana getməsini tam icra edilmiş əqdi  notariatda təsdiq etdirməkdən  boyun qaçırması kimi qiymətləndirir və hesab edir ki,  onlar arasında Bakı şəhərinin General Şixlinski küçəsindəki 40 N-li evin 108-ci mənzilinə  alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.”

Halbuki, nə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını sübut edən hər hansı yazılı müqavilə, nə cavabdehin öz əmlakını mənzildən çıxarmasını təsdiq edən hər hansı bir sübut növü, nə də nümayəndəsi olduğum M. Məmmədovun daimi yaşamaq üçün başqa ünvana köçməsini təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yoxdur.

Ola da bilməz!

Çünki qətnamədə göstərilənlər əsassız uydurmalardan və “qaranlıq otaqda olmayan qara pişiyi tapmaq cəhdindən başqa bir şey deyil.

MPM-nın 217.4-cü maddəsinə əsasən, “ məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”

Lakin, Xətai rayon məhkəməsinin qətnaməsində göstərilən “müəyyən edilmiş hallar” məhkəmə iclasında tədqiq olunmuş heç bir sübutla əsaslandırılmamışdır. Əsaslandırıla da bilməzdi, çünki  belə hallar və sübutlar, sadəcə olaraq,  mövcud olmamışdır.

Qətnamədə  MM-nın,   indiki mübahisəyə aid olmayan, 152.1, 157.2 və 203.1-ci maddələrinə istinad edilmişdir. Maddələrə istinad edilsə də, həmin maddələrə nəyə görə istinad edildiyi, hansı mülkiyyətçinin hansı mülk üzərindəki mülkiyyət hüquqlarının müdafiə olunması göstərilməmişdir. Qətnamədən aydın olmur ki, hansı  daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilib və 203.1-ci maddənin tərəflərə və indiki mübahisəyə  nə aidiyyatı var?

Qətnamənin bu formada, yəni başdansovdu yazılması da iddianın əsassızlığının bir göstəricisidir.

İndi isə, iddianın əsassızlığını sübut edən dəlil və sübutlarımızı Sizə təqdim edir, Ali Məhkəmənin MİÜMK-nın qərarında göstərdiyi tapşırıqlar haqqında aşağıdakıları Siz möhtərəm hakimlərin  diqqətinə çatdırıram:

 

1. İddiaçı N. Y. İmamquliyev iddia ərizəsində göstərmişdir ki, guya O və həyat yoldaşı İmamquliyeva Rəfiqə cavabdeh  M. Məmmədovun razılığı ilə 1999-cu ilin may ayında mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşlər.

Bu “pasport qeydiyyatı” ilə bağlı iş materiallarındakı  sübutlar çox ziddiyətlidir.

İş materiallarının 85 və 91-ci səhifələrində olan Ərizə-Anketlərdən görünür ki, iddiaçı və onun  həyat yoldaşı İmamquliyeva Rəfiqə Sabir qızı  mübahisəli mənzilə 4 iyul 2006-cı ildə qeydə alınmışlar və bu zaman Ərizə-anketin “yaşayış sahəsinə köçmək üçün əsas verən order…” adlı 13.7-ci qrafasının qarşısı boş saxlanmışdır. Halbuki, orada, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən hər hansı biri, o cümlədən də, “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi”  qeyd edilməlidir. Əgər iddia edildiyi kimi, cavabdeh iddiaçıların mübahisəli mənzilə köçməsinə razılıq vermişdirsə, bu mütləq Ərizə-Anketdə göstərilməli idi. Təbii ki,  belə bir razılıq olmadığı üçün də Ərizə-Anketdə bu barədə qeyd aparılmamışdır.

Bu rəsmi sənədlərlə də sübut edilir ki, iddiaçıların 1999-cu ilin may ayında mübahisəli mənzilə cavabdehin razılığı ilə pasport qeydiyyatına alınmalarına dair dəlilləri tamamilə əsassızdır.

Bu faktlarla bağlı  AR Ali Məhkəməsinin MİÜMK-nın 29 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir: “apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən İmamquliyev Nizami və onun həyat yoldaşı İmamquliyeva Rəfiqənin mübahisə edilən mənzilə hansı tarixdən qeydiyyata düşməsini, qeydiyyata düşərkən Məmmədov Məqsəd İsmixan oğlunun razılığı olub-olmadığını müəyyən etməlidir.”

Bununla əlaqədar olaraq bildirirəm ki, iş materiallarından da göründüyü kimi, cavabdeh Məqsəd Məmmədov heç vaxt və  heç kimə ona məxsus mənzilə pasport qeydiyyatına düşmək üçün razılıq verməyib.

MPM-nin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir ”.

MPM-nin 71-ci maddəsindən də göründüyü kimi, M. Məmmədovun razılığının olmasını sübut etmək vəzifəsi idiaçının üzərinə düşür. Başqa sözlə, belə bir razılıq ərizəsi varsa, qeyd etdiyim maddələrə əsasən, onu məhkəməyə təqdim etmək vəzifəsi iddiaçıya aiddir.

Əgər, Məqsəd Məmmədovla iddiaçı N. İmamquliyev arasında mənzilin alqı-satqısına dair belə bir razılıq olsaydı, onda iddiaçının və həyat yoldaşının mübahsəli mənzilə pasport qeydiyyatına alınmaları üçün tələb olunan razılıq ərizəsini Məqsəd Məmmədovdan elə həmin vaxt 1998-ci ildə alardılar. Mənzilin alqı-satqısına dair aralarında heç bir razılıq olmadığı üçün də iddiaçı və hayat yoldaşı   həmin məzilə qanunsuz yollarla pasport qeydiyyatına düşmüşlər.

Yuxarıda qeyd etdiyim, iş materiallarının 85 və 91-ci səhifələrində olan “Azərbaycan Respublikasının vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması  və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında” Ərizə-Anketlərdən görünür ki, həmin şəxslər mübahisəli mənzilə 04 iyul 2006-cı il tarixdə qeydiyyata alınmışlar. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair Xətai rayon məhkəməsinin qətnaməsi isə 14 aprel 2006-cı ildə qəbul edilmişdir. Deməli, qeydiyyat cavabdehin razılığına görə yox, məhkəmə qətnaməsi əsasında aparılmışdır. İddiaçı, sadəcə olaraq, məhkəməni aldatma yolu tutmuşdur.

 Möhtərəm hakimlər!

Iş materiallarında olan,  Bakı şəhər Xətai RİH-nın  Mənzil Kommunal Birliyinin 09.05.1999-cu il tarixli forma 2 arayışında göstərilir ki,  iddiaçılar 05 yanvar 1999-cu ildə pasport qeydiyyatına alınmışlar.

Təbii sual yaranır: iddiaçı və həyat yoldaşı mübahisəli mənzilə nə vaxt pasport qeydiyyatına alınıblar? İddia ərizəsində göstərildiyi kimi, 1999-cu ilin may ayındamı, Mənzil Kommunal Birliyinin 09.05.1999-cu il tarixli forma 2 arayışında göstərildiyi kimi, 05 yanvar 1999-cu ildəmi, yoxsa, iş materiallarının 85 və 91-ci səhifəsində olan Ərizə-Anketdə göstərildyi kimi, 04 iyul 2006-cı ildəmi?

Bir şəxs bir mənzilə dalbadal neçə dəfə qeydiyyata düşməlidir ki?

        

Yeri gəlmişkən, Bakı şəhəri, Xətai RİH-nın  Mənzil Kommunal Birliyinin məhkəməyə təqdim etdiyi həmin arayışın saxta olduğunu, ədalət mühakiməsini həyata keçirən məhkəməyə hörmətsizlik edərək məhkəməni aldatmağa cəhd etdiyini nəzərə alaraq, Bakı şəhəri, Xətai RİH-nın  Mənzil Kommunal Birliyinin rəhbərliyi haqqında xüsusi qərardad qəbul etməyinizi xahiş edirəm. İnanıram ki, qəbul edəcəyiniz bu qərardad əsasında prokurorluq orqanlarının görəcəyi tədbirlər başqaları üçün də təsirli dərs olacaqdır.  

 

     “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən, “Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş Ərizə-Anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

      1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi).”

Qanunun tələblərindən görünür ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir.

İddiaçılar qeydə alınanda belə bir razılıq ərizəsi olubmu?  Üç dəfə qeydiyyata alınan iddiaçılara cavabdeh  neçə dəfə “razılıq ərizəsi” verib? Ümumiyyətlə, 1999-cu ilin yanvar və may aylarında cavabdeh razılıq ərizəsi verə bilərdimi? Axı, Məqsəd Məmmədov 1998-ci ilin noyabr ayından etibarən Azərbaycan Respublikasını tərk edərək Almaniya Federativ Respublikasına işləməyə getmişdir. O, Azərbaycana yalnız 2004-cü ildə qayıtmış, 27 may  2004-cü ildə xarici pasport  almış və 2 iyun 2005-ci ildə Azərbaycanı tərk edərək Rusiyaya getmişdir.

Buyurun, bu dediklərimi təsdiq edən sübutları Sizə təqdim edirəm: Respublika Mərkəzi Poçtu vasitəsi ilə Məmmədov Məqsəd İsmixan oğlunun  xarici pasportunun  titul səhifəsinin və “vizalar” səhifəsinin faksla alınmış surəti. Bu səhifələrdən pasportun nə vaxt alındığı, deməli, həm də M. İ. Məmmədovun 2005-ci ilin may ayında (iddiaçının borcunu aldıqdan sonra mənzili boşaldacağına dair qəbzi imzaladığı ay-30 may 2004-cü il, bax: iş materialları, səh. 50) Azərbaycanda olduğu bir daha görünməkdədir. Kimsə M. İ. Məmmədovun xarici pasportunun onun özü tərəfindən yox, bir başqası tərəfindən alındığını və ya sərhəd-keçid məntəqəsindən M. İ. Məmmədovun əvəzinə bir başqa şəxsin keçdiyini iddia edə bilərmi? Edə bilərsə, buyursun!

Elə buna görə də, AR Ali Məhkəməsinin 29 fevral 2008-ci il  tarixli, 2(102)484/08 saylı Qərarında da göstərilir: “apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən İmamquliyev Nizami və onun həyat yoldaşı İmamquliyeva Rəfiqə mübahisə edilən mənzilə hansı tarixdən qeeydiyyata düşməsini, qeydiyyata düşərkən Məmmədov Məqsəd İsmixan oğlunun  razılığı olub-olmadığını müəyyən etməlidir”.

Düşünürəm ki, Ali məhkəmənin bu göstərişi ilə bağlı uca məqamınıza kifayət qədər dəlil və sübut təqdim etdim və müəyyən oldu ki, iddiaçı və həyat yoldaşı mübahisəli mənzilə tamamilə qanunsuz qeydə alınmışlar.

Möhtərəm hakimlər!

İddiaçı verdiyi izahatlarında göstərmişdir ki, iş materiallarının 50-ci səhifəsində olan və onun tərəfindən imzalanmış qəbz saxtadır və qəbzdəki imza ona məxsus deyil.

Bir daha nəzərinizə çatdırım ki, həmin qəbzdə iddiaçı, Məqsəd Məmmədovdan sonuncunun ona borclu olduğu 4500 ABŞ dollarını 2004-cü ilin may ayının 30-da aldığını bildirmiş və iki ildən sonra evdən çıxacağı barədə öhdəlik götürmüş, qəbzi şəxsən özü imzalamışdır. Onu da nəzərinizə çatdırım ki, həmin qəbzdəki imzanın Nizami İmamquliyeva məxsus olması iş materillarında olan iki məhkəmə ekspertiza rəyi ilə təsdiqlənmişdir.

İddiaçı öz  mövqeyini belə əsaslandırır ki, guya cavabdeh Məqsəd Məmmədov 1998-ci ilin noyabr ayında Almaniyaya getmiş, oradan isə Azərbaycana yox, birbaşa Rusiya Federasiyasına qayıtmışdır. Başqa sözlə, deməli, 2004-cü ilin may ayında Azərbaycanda olmadığı üçün 30 may 2004-cü il tarixli həmin qəbzi də iddiaçıdan ala bilməzdi. Bu mövqeyini əsaslandırmaq üçün iddiaçı həm də cavabdeh tərəfindən məndən əvvəlki nümayəndəsi Müsafir Məmmədova verdiyi etibarnaməyə istinad edir. Yəni Məqsəd Məmmədov Almaniyadan birbaşa Rusiyaya getmiş, elə buna görə də etibarnaməni də oradan  vermişdir.

Möhtərəm hakimlər!

İddiaçının formal məntiqə söykənən bu dəlillərinin çürüklüyü göz qabağındadır.

Əvvəla, Sizə təqdim etdiyim və Məqsəd Məmmədova məxsus xarici pasportun surətindən göründüyü kimi, O, 2004-cü ilin may ayında Azərbaycanda olmuş və 2 iyun 2004-cü ildə Rusiya Federasiyasının Başqırdıstan vilayətinin Ufa şəhərinə getmişdir.

İkincisi, Məmmədov Müsafir Xıdır oğlunun adına verilmiş etibarnamə 4 sentyabr 2006-cı ildə Başqırdıstan Respublikasının Oktyabrskiy şəhərinin notariusu S.P. Kselyova tərəfindən verilmişdir. Mən şəxsən başa düşə bilmirəm, bu etibarnamə ilə Məqsəd Məmmədovun 2004-cü ilin may ayında Azərbaycanda olmaması necə sübut edilir? İndi mən Rusiyaya getsəm, 5 ildən sonra kiməsə Rusiyada etibarnamə versəm, bu o deməkdirmi ki, mən beş il öncə Azərbaycanda olmamışam?

Bu absurd, normal insan məntiqinə sığmayan, normal düşüncə sahiblərinin dərk edə bilməyəcəyi mənasız “dəlillərə” necə inanmaq və bunu sübut kimi qəbul etmək olar?

Əslində, bu qəbzin olub-olmamasının, mübahisənin mahiyyətcə qanuni həll edilməsi üçün, heç bir əhəmiyyəti  və rolu yoxdur. Əsas odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyim 22 mart 2006-cı il tarixli və 31 may 2006-cı il tarixli qərarlarında, eləcə də Ali Məhkəmənin  MİÜMK-nın 29 fevral 2008-ci il tarixli qərarında  tələb edildiyi kimi, tərəflər arasında mübahisəli mənzilin alqı-satqısına dair sadə yazılı formalı müqavilə var,  ya yox? İddiaçı isə bu günədək belə bir müqavilənin mövcudluğunu təsdiqləyən heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir.

Edə də bilməz, çünki belə bir müqavilə və ya razılaşma ümumiyyətlə olmamışdır!

Üçüncüsü, AR Apellyasiya Məhkəməsinin MİÜMK-nın 17 may 2007-ci il tarixli məhkəmə iclas protokolunda ( bax: iş materalları, səh 104) şahid H. Mustafayev göstərmişdir: “…tərəflərin hər ikisini tanıyıram, hər ikisi ilə qohumluq əlaqəsindəyəm və aralarında olan mübahisədən xəbərim vardır.  Bununla əlaqədar bildirirəm ki, 1998-ci ildə M. Məmmədov N. İmamquliyevdən xarici ölkəyə getməklə bağlı borc pul alıb. 2004-cü ildə M. Məmmədov xarici ölkədən qayıtdıqdan sonra məndən xahiş edib ki, aparaq Nizaminin pulunu qaytaraq. 30 may 2004-cü ildə mən   M. Məmmədovla birlikdə Nizamigilə getmişik və orada M. Məmmədov  N. İmamquliyevə pul qaytarıb. Bu barədə M. Məmmədov tərəfindən qəbz tərtib edilərək onun tərəfindən imza edilib. Pulun qaytarılması barədə qəbzi M. Məmmədov tərtib etdi. Qəbzin N. İmamquliyevin tərəfindən  imzalandığını görməmişəm. M. Məmmədov N. İmamquliyevdən borc alanda iştirak etməmişəm. Pulu qaytardıqdan sonra M. Məmmədov  N. İmamquliyevdən evi iki ay müddətində boşaltmağı tələb etdi.”

Bu ifadədəki bir məqama, xüsusi olaraq,  diqqətinizi yönəltmək istərdim.

Ali Məhkəmənin MİÜMK-sı tərəfindən ləğv edilmiş Bakı apellyasiya məhkəməsinin MİÜMK-nın  (sədrlik edən: Ələsgər Əliyev, hakmlər: S. S. Seyidova və S. Q. Seyidov, iş N 1mk-290) 13 sentyabr 2007-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində bu ifadə ilə bağlı belə bir qeyd var: “bundan başqa Məqsəd Məmmədovun nümayəndəsi Müsafir Məmmədov təmsil etdiyi şəxsin H. Mustafayevlə birlikdə 30. 05. 2004-cü ildə 4500 ABŞ dollarında pulu N. İmamquliyevə qaytardığını və bununla bağlı qəbzi N. İmamquliyevin icra etdiyini göstərdiyi halda Müsafir Məmmədov tərəfindən məhkəmə kollegiyasına dəvət olunmuş şahid H. Mustafayev pulun qaytarılmasına dair qəbzin N. İmamquliyev tərəfindən tərtib edildiyini təsdiq etmədi.”

Möhtərəm hakimlər!

Əvvəla, nümayəndə Müsafir Məmmədov heç vaxt həmin qəbzin iddiaçı tərəfindən tərib edildiyini deməmişdir. O, yalnız qəbzin iddiaçı tərəfindən imzalandığını demişdir. Qəbzin kim tərəfindən tərtib edilməsinin isə mahiyyətçə heç bir fərqi yoxdur. Nümayəndənin sözləri məhkəmə iclas protokoluna yalnış yazılmış və məhkəmə iclas protokolu ilə tanış olmaq və qeyd vermək hüququ ona izah edilmədiyindən və ixtisasca hüquqşünas olmadığından, bu səhf vaxtında düzəldilməmişdir.

İkincisi, “qəbzin N. İmamquliyev tərəfindən imzalanmasını görməmişəm”— deyən şahid H. Mustafayevin bu sözləri də konteksdən çıxarılmaqla protokola qeyd edilmişdir. O, “qaynatası ilə həyətdə  söhbət etdiyim üçün qəbzin N. İmamquliyev tərəfindən imzalanmasını görməmişəm” demiş, lakin, onun sözləri protokolda natamam qeyd edilmişdir.

Hər halda, məhkəmə—xətt ekspertizası ilə, həm də iki ekspertiza rəyi ilə imzanın məhz idddiaçı N. İmamquliyev tərəfindən edildiyi təsdiqlənmişdir.

MPM-nin 81-ci maddəsinə əsasən, “qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübüt etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”.

Mövcud qanunvericiliyə əsasən isə, imzanın kimə məxsusluğunun müəyyən edilməsi yalnız məhkəmə—xətt eksprtizası ilə mümkündür.

Adamın istiliyinin olmasını şahid ifadələri ilə yox, termometrlə, imzanın kimə məxsus olduğunu da başqa sübutlarla yox, yalnız məhkəmə–xətt ekspertizası ilə müəyyən edirlər.

2. Ali Məhkəmənin MİÜMK-nın 29 fevral 2008-ci il tarixli Qərarında Apellyasiya Məhkəməsi qarşısında qoyduğu ikinci göstəriş Bədəlov Elxan Bəlixan oğlunun işə cəlb edilməsi və  vicdanlı alıcı olub-olmamasının müəyyən edilməsidir.

Əvvəla, E. B. Bədəlovun vicdanlı alıcı olmaması işdəki rəsmi sənədlərlə sübut edilir…

Belə ki, E. B. Bədəlov həmin mənzili alarkən məhkəmə mübahisələri davam edirdi və aldığı evin hüquqi statusunu müəyyənləşdirmək, mübahisəli olub-olmadığını öyrənmək onun borcu idi.

MM-nın 157.5-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.”

E. B. Bədəlov aldığı evin mübahisəli olub-olmadığını bilməyə borclu idi, mənzilin mübahisəli olduğunu bilirdi və  bütün məhkəmə proseslərində, aldadıldığına görə  Nizami İmamquliyevə qarşı iddia qaldıraraq pulunu tələb etmək əvəzinə, həmişə onun mövqeyindən çıxış etməklə vicdansız sahib olduğunu sübuta yetirmişdir.

İkincisi isə, E. Bədəlov istənilən halda Məqsəd Məmmədovun mənzilini boşaltmalı, sonra isə Nizami İmamquliyevə qarşı pul tələbinə dair iddia qaldırmalıdır.

Möhtərəm hakimlər!

İş materiallarında İmamquliyev Nizami Yadigar oğlunun 17 may 2007-ci il tarixli bir vəsatəti var (bax: iş materialları səh. 101). Həmin vəsatətdə göstərilənlərlə bağlı da  mövqeyimi bildirməyi özümə borc bilirəm.

N. İmamquliyev bu vəsatətində qeyd edir ki,  “Məmmədov İsmixan Məqsəd oğlunun məhkəməyə təqdim etdiyi qəbz saxtadır. Belə ki, əgər belə bir sənəd onda var idisə nə səbəbə həmin sənədi Xətai rayon məhkəməsində işə baxılarkən təqdim etməyib və mənə bu barədə bir dəfə də olsun deməyib? Əgər, mən ondan pul verən zaman qəbz almamışamsa, bəs hansı səbəbdən  ona pulu qaytaranda belə bir qəbz verməli idim?”

Bir neçə ritorik sualdan sonra N. İmamquliyev qeyd etdiyi qəbzdəki imza ilə bağlı təkrar ekspertiza keçirilməsini tələb edib və vəsatət təmin edilib.

Həmin vəsatətdə iddiaçının verdiyi  sualların cavabı belədir:

1. İnsan, olmadığı bir məclisdə nəsə etmək  və nəsə demək imkanından məhrumdur. Xətai rayon məhkəməsində  M. Məmmədovun iştirakı təmin edilmədiyi üçün, təbii ki, həmin qəbzi də təqdim edə bilməmişdir. (bax: iş materialları səh. 31, 33, 36 və 40)

2.  4500 ABŞ dollarını verərkən N. İmamquliyev ona görə qəbz almamışdır ki, tərəflər arasında səmimi qohumluq və etimadlı münasibətlər var idi və pulu verib mənzilə girmişdi. Sonradan, yəni 2004-cü ilin may ayında  qəbzə imza etdirilməsi zərurəti ona görə yaranmışdır ki, tərəflər arasında mübahisə baş vermiş, N. İmamquliyev inflyasiyani bəhanə edərək pulunu aldıqdan iki il sonra mənzili tərk edəcəyini bildirmiş və qohumunun bu hərəkətindən narahat olan və ona olan etimadını itirən M. Məmmədov həmin qəbzi imzalatmağa məcbur olmuşdur.

3.Vəsatət təmin edilmiş,  təkrar ekspertiza ilə qəbzdəki imzanın N. İmamquliyevə məxsus olması bir daha təsdiqlənmişdir.  (bax: iş materialları səh. 67-68 və 112-113)

Möhtərəm hakimlər!

Vaxtınızı aldığım üçün üzr istəyir və istər tərəflərə, istər zalda əyləşən vətəndaşlarımıza, istərsə də bu mülki işin  materialları ilə məşğul ola biləcək gələcək nəsillərə ibrət olsun deyə,  çıxışımı bir məsəllə yekunlaşdırmaq istəyirəm.

          Bir ərəbin başqa bir ərəbin atına gözü düşür, onu almaq istəyir. Dəfələrlə öz nümayəndələrini göndərib at sahibinə çoxlu pul təklif edir. O isə qəti olaraq atı satmaqdan imtina edir. Günlərin bir günü  atı almaq istəyən ərəb özü atın arxasınca gəlir və əsl kimliyini gizlədərək, atın sahibi ilə səmimi münasibət qurduqdan sonra  atı bir qədər çapmaq üçün ondan razılıq alır. Atı minir, yüyəni çəkir, şahə qaldırır və deyir: “mən sənə çox nümayəndə göndərdim, çoxlu pul təklif etdim, sənsə razılaşmadın. İndi salamat qal. At altımda, yüyəni də əlimdə, mən getdim.” Çapıb getmək istəyəndə at sahibi deyir: “ey ərəb qardaş, birdən yolda görüb soruşsalar, demə haaa atı oğurlamısan. Deyərsən ki, onu mən sənə özüm bağışlamışam, yoxsa bundan sonra  ərəbin ərəbə etibarı itər.”

          Təəssüf ki, burası Azərbaycandır, biz isə ərəb deyilik. Ancaq, ərəb olmağa da ehtiyac  yoxdur. Bizim də babalarımız dürüstlükləri və halallıqları ilə daim seçiliblər. Mən uca məqamınıza hörmət və ehtiramımı bir daha bildirərək ümid edirəm ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi haqqında qətnamə qəbul etməklə Siz, möhtərəm hakimlər, millətimizin bir-birinə olan inamını sarsılmağa qoymayacaqsınız.

    

 Qoşma: 1. Məqsəd Məmədovun xarici pasportunun surəti

9 sentyabr  2008-ci il

                                       İmza:                                    /Q.C.Məmmədov/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir