Birgə cavabdehin işə cəlb edilməsi barədə Ə R İ Z Ə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (sədrlik edən hakim: Fərmayıl Zeynallı)

Paylaşın

 Azərbaycan Respublikası

 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə

(sədrlik edən hakim: Fərmayıl Zeynallı)

 

İddiaçı: Türkiyə Cumhuriyyətinin vətəndaşı

Mehmet Okur Hicabi oğlu

Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

Birgə cavabdehin işə cəlb edilməsi barədə

Ə R İ Z Ə

Möhtərəm hakim!

Mənim cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiam üzrə 2in(82)-1992/2012 saylı inzibati iş Sizin icraatınızdadır.

Həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mənim qanuni sahibliyimdə olmuş və “Tofiq Bəhramov” adına Respublika Stadionunun ərazisində yerləşmiş futbol məktəbi Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən “Tofiq Bəhramov” adına Respublika Stadionunun rəhbərliyinin göstərişi və təşkilatçılığı ilə sökülmüşdür.

Belə ki, mənim qanuni sahibliyimdə olan futbol məktəbi “Tofiq Bəhramov” adına Respublika Stadionunun rəhbərliyinin sifarişi ilə Satadionun ərazisində yenidənqurma işləri aparan hansısa Koreya şirkətinin əməkdaşları ilə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür.

Qeyd edilən fakt, iş materiallarında olan, Nərimanov Rayon Məhkəməsinin “inzibati xəta haqqında” 17 yanvar 2011-ci il tarixli 3(005)-81/2012 saylı qərarı ilə müəyyən edilmişdir.

Həmin qərarın ikinci səhifəsinin yuxarıdan birinci absasında qeyd edilib: “Məhkəmə iclasında şahid qismində izahat vermiş Zeynalov Ramiz Rəsul oğlu bildirmişdir ki, “Tofiq Bəhramov” adına futbol stadionunda yenidənqurma işlərini aparan Koreya şirkətində mühəndis işləyir və hadisə baş verən gün, yəni 17.01.2012-ci il tarixdə səhər saatlarında tikintinin rəhbəri ona işçiləri bir yerə yığaraq stadionun ərazisində mini futbol üçün nəzərdə tutulmuş süni ot örtüyünün sökülməsi və işıq dirəklərinin çıxarılması barədə göstəriş vermişdir. 5 nəfər fəhlə ilə həmin sahəyə getmişlər, meydançanın qıfılını sındırıb ora daxil olmuşlar və uşaqlar söküntü işlərinə başlamışlar. Sonradan həmin sahəni icarəyə götürmüş Mehmet adlı şəxs gələrək uşaqlara mane olmağa başlamışdır. Belə ki, o, əvvəlcə fəhlələri təhqir etmiş, sonra isə fəhlələrin birinin yaxasından tutub itələmişdir. Nəticədə oraya polis çağırılmışdır. Bir neçə dəqiqədən sonra polislər gələrək Mehmetə aparılan söküntüyə nə üçün maneçilik etməsini və fəhlələri təhqir etməsini soruşaraq onu tabe olmağa dəvət etmişlər. Bu zaman Mehmet polisləri də təhqir edərək bildirmişdir ki, hər hansı qanuni əsas olmadan onun obyekti sökülə bilməz. Daha sonra mübahisənin baş verdiyini və polislərin onu bölməyə apardıqlarını bildirmişdir”.

Göründüyü kimi, mənim qanuni sahibliyimdə olan futbol məktəbinin sökülməsində Nərimanov Rayon İcra Hakimiyyəti ilə bərabər “Tofiq Bəhramov” adına Respublika Stadionunun rəhbərliyi də təqsirkar olmuşdur və buna görə, sonuncu da hazırki iş üzrə birgə cavabdeh kimi işə cəlb edilməlidir.

İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə əsasən, “Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər”.

Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər”.

AR Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, “Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər”.

Yuxarıda qeyd edilənlərə əsasən,

 

XAHİŞ EDİRƏM:

 

“Tofiq Bəhramov” adına Respublika Stadionunu birgə cavabdeh kimi işə cəlb edəsiniz.

 

Qoşma: Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 17 yanvar 2012-ci il tarixli qərarının surəti.

 

07 noyabr 2012-ci il

                                                     İmza:                                     / Mehmet Okur /

Əvəzindən imza etdi – nümayəndə:                                          / Məmmədov Qurban Cəlal oğlu /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir