“ÇALXAN”-n əməkdaşı Ramin Allahverdiyevin “Rəfiyeva Rəfiqə Məmmədnəbi qızının işi üzrə” Şəki Apellyasiya Məhkəməsindəki —Çıxışı

Paylaşın

Ramin Allahverdiyevin Rəfiyeva Rəfiqə Məmmədnəbi qızının işi üzrə

 

 Şəki Apellyasiya  Məhkəməsindəki —Çıxışı

 

 

Möhtərəm hakimlər!

Əvvəla, onu qeyd edim ki, iddiaçı Rəfiyeva Rəfiqə Məmmədnəbi qızı yaşlı və hüquqi savadı olmayan bir qadındır. Hüquq sahəsindən ümumiyyətlə məlumatı olmayan bir şəxsin, narazı qaldığı (narazılığı əsassız olsa da belə) qətnamədən kassasiya şikayəti vermək üçün, qanunda müddət nəzərdə tutulduğunu bilməməsi normal haldır.

Bundan əlavə, bir şəxsin mülki mübahisədə hüquqlarının müdafiə olunması üçün özünə vəkil tutması onu göstərir ki, həmin şəxsin ciddi və yüksək keyfiyyətli hüquqi yardıma ehtiyacı var.

İddiaçı Rəfiqə Rəfiyevanın düzgün hüquqi yardım ala bilməməsi, narazı qaldığı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan prossesual müddətin üzrlü səbəbdən buraxılması ilə nəticələnmişdir.

İkincisi isə, hər hansı məhkəmə qətnaməsindən narazı qalan şəxsin həmin qətnamədən kassasiya şikayəti vermək istəməməsini düşünmək, sadəcə olaraq, absurddur.

Belə ki, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin 16 aprel 2009-cu il tarixli qətnaməsini aldıqdan dərhal sonra həmin qətnaməni, sonrakı prossesual hərəkətin yerinə yetirilməsi üçün vəkilinə təqdim etmiş, vəkil Hidayət Rüstəmbəyli hüquqlarını təmsil etdiyi iddiaçı Rəfiqə Rəfiyevanı, vaxtı gələndə qətnamədən şikayət verəcəyinə inandırmışdır. Lakin, vəkil Hidayət Rüstəmbəyli apellyasiya məhkəməsinin qətnaməsindən vaxtında şikayət verməmiş və onun səhlənkarlığı ucbatından iddiaçının narazı qaldığı Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan üç aylıq prossesual müddət buraxılmışdır.

Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu iltarixli  783-İQ saylı Qanununun 3-cü maddəsinə əsasən, “Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir”.

Həmin qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən, Peşə fəaliyyətini həyata keçirərkən vəkil Qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir”.

Möhtərəm hakimlər!

Buna görə də hesab edirəm ki, vəkilin səhlənkarlığı ucbatından qətnamədən vaxtında şikayətin verilməməsi, iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz.

Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin I hissəsinə əsasən, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”.

Möhtərəm hakimlər!

Qeyd edilənləri nəzərə alaraq, xahiş edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 aprel 2008-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan 3 aylıq prosessual müddətin buraxılması üzrlü hesab edilərək, müddət bərpa edilsin və qətnamədən verilmiş kassasiya şikayəti qəbul edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir