aile ve nigah

« Əvvəlki səhifəyə geri dön
0
0

sizdən bir neçə məsləhət almaq istərdim . Mən bir xanimla 17 ildir aileliyem amma aramizda devlet nigahi olmayib .yani resmi nigahimiz yoxdur . 3 uşagimiz var . İndi hemen xanim evi eşiyi yigaraq mene xeber etmeden evden qacib ve mene sonra zeng edib deyir ki men seni istemirem, men getdim vee  daha geri donmeyecem. uşaqlara aliment alamq isteyir . bir nece gun once mene mehkemeden zeng elediler ve dediler ki  zeng eden icra komekcisidir ve meni mehkemeye cagirirlar . mene xahis edirem  meslhet vererdiz , oz huquqlarimi bilmek isteyirem bundan elave usaqlari DNK testine vermek isteyirem,çünki artiq şübhem var o ushaqlarin menim evladim olmalarina . boyuk qizimin 16 yasi var ve artıq kimlik alib , ona aliemt düşürmü ? . men bilmek isteyirem bu qadin meni mehkemeye vererek alimentden başqa menden ne ala biler ? 

Tam cavablandırıldı.
Marked as spam
Ramil Cahangirov tərəfindən göndərilmişdir
25 Fevral 2017 00:23 dəqiqədə yazılıb.
495 baxış
0
Məxfi cavab

Salam, Ramil bəy.

1. Uşaqların doğum şəhadətnamələrində ata qrafası sizin ərizənizlə doldurulubsa, yəni ata kimi siz yazılıbsınızsa, rəsmi nikahın olub-olmamasından asılı olmayaraq, sizin aliment öhdəliyiniz var.

2. Aliment uşaq 18 yaşına çatanadək, ali məktəbə daxil olubsa, təhsilini bitirənədək ödənilməlidir.

3. Uşaqların mənşəyini-atalığı müəyyən etmək üçün məhkəməyə müraciət edə bilərsiniz. DNK analizi keçirilə bilər və uşaqalrın atasının kim olduğu müəyyən edilə bilər.

4. Alimentdən əlavə, sizdən uşaqların müalicəsi, qış geyimləri və sair gözləniməz xərcləri də tələb edilə bilər.(Ailə Məcəlləsinin 81-ci maddəsinə bax)

5. Gələcəkdə isə uşaqlar sizin vərəsələriniz kimi miras əmlakın bölgüsündə iştirak edəcəklər.

6. Ailə Məcəlləsinin aşağıdakı maddələri ilə diqqətlə tanış olun:

                  Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 

44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.

44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.

44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.

44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

 

Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması

 

45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

 

Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd

 

46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.

46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.

46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.

 

Maddə 47. Atalığa, analığa dair mübahisə açma

 

47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.

47.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur.

47.4 Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.

 

Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri

 

Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi

 

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

 

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

 

76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

 

Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin növləri

 

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması

 

78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 

 

 

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı

 

81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

 

 

 Sizə uğurlar arzulayıram.

Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Nümayəndəyə çəkəcəyiniz  xərc sizi daha çox ziyanlardan qoruyar.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
26 Fevral 2017 20:33 radələrində cavablandırılıb