Kreditə görə məhkəməyə getməyə dəyərmi?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, çox hörmətli Qurban bəy!

Dollarla olan avtomobil kreditində, bankın bizə güzəşt etməməsinə  görə məhkəməyə müraciət etmənin hər hansı bir əhəmiyyəti ola bilərmi?

Verəcəyiniz cavaba görə, sizə öncədən təşəkkürümü bildirirəm!

Marked as spam
Anvar tərəfindən göndərilmişdir
16 Yanvar 2016 00:06 dəqiqədə yazılıb.
1089 baxış
0
Məxfi cavab

Hörmətli, Ənvər bəy!

1. Təbii ki, əhəmiyyəti olacaq. Çünki bankın dollarla kredit verməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinin pozulmasıdır. Həmin maddəyə görə, “pul öhdəliyi manatla ifadə edilməlidir”.

2. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, “kredit üzrə faizlər bir ilin sonunda ödənilməlidir”. Bank isə sizdən faizləri aylar üzrə, hər ay almaqla həm qanunun bu tələbini pozur, həm də sizə ziyan vurur.

3. Mülki Məcəllənin 556.1-ci yarımmaddəsinə əsasən, “İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz” və 557.1-ci yarımmaddəsinə əsasən, “Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir”.

İndiki halda, Azərbaycan Respublikası Mərkəzi Bankının manatın bir dəfəyə 34 və 50 faizdən yuxarı devalvasiya edilməsi haqqında qərarı məhz bu maddələrin təsirinə düşür, “fors-major” halı kimi sizi bank qarşısında öhdəliklərinizdən azad edir. Sizin, hətta əsas borcu qaytarmamaq haqqınız yaranır.

4. Devalvasiya nəticəsində sizin ödəmə qabiliyyətinizin aşağı düşməsinə, kredit müqaviləsini imzalayarkən mövcud olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə əsaslanaraq, kredit müqaviləsindəki istədiyiniz şərtləri istədiyiniz kimi dəyişmək və ya müqaviləni tamamilə ləğv etmək barədə, Mülki Məcəllənin 421-423-cü maddələrinə uyğun olaraq, banka, rəsmi qaydada çatdırılmaqla, yazılı təklif göndərin. Ardınca isə, bankın mövqeyindən asılı olaraq, məhkəmədə iddia qaldırın.

5. Məhkəməyə müraciət etməyiniz fayda verəcək, ya yox, bu sualınıza isə birmənalı cavab vermək mümkün deyil. Azərbaycan məhkəmələrinin müstəqil olmadığı, İcra Hakimiyyətinin əlində oyuncaq olduğu bütün dünyaya bəllidir.
Lakin məhkəməyə müraciət vermək sizə aşağıdakı faydaları sunacaq:

-faizlər duracaq,
-siz vaxt udacaqsınız,
-məhkəmə çəkişməsinin uzanması nəticəsində bankın sizinlə razılaşmaq ehtimalı çoxalacaq,
-dövlət səviyyəsində hər hansı ümumi qərarın qəbulu mümkünlüyü artacaq,
-Avropa məhkəməsinə müraciət etmək üçün zəruri olan hüquqi prosedurları keçmiş olacaqsınız,

Bütün bunlar isə az deyil.
Onsuz da indiki vəziyyətdə bank sizə qarşı istədiyini edəcəkdir.

Mübarizədən qorxmayın!
İstənilən mübarizədə, ən azı, qələbə şansı var. Şansınızı sınayın!

Sizə uğurlar arzulayıram!

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
16 Yanvar 2016 00:56 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön