Məhkəmənin tezliklə olunmasını bankdan necə tələb edə bilərəm?

« Əvvəlki səhifəyə geri dön
0
0

Mən əvvəllər işçisi olduğum bankdan 2014-cü ilin yanvarında 36 ay müddətinə 8000m istehlak krediti götürdüm(800m MMC-də maaş alırdım). 800m – lıq kredit kartı da verdilər. 12 ay ərzində banka kredit kartının faizi də daxil olmaqla 2480m məbləğində əsas məbləğdən əlavə faiz ödədim. Digər bankda 2 yaxın adamın adına götürdüyüm kreditləri bağlamaq və aylıq ödənişimi azaldaraq 1 banka rahat ödəmək üçün üçün yenidən həmin banka müraciət etdim və 406AZN olmaqla 36 ay müddətinə 10000AZN kredit götürdum. Məlum fevral devalvasiyası nəticəsində – kredit götürdüyümdən 1 ay sonra işlədiyim MMC bağlandı və mən və zaminim(1000m maaş alırdı, hazırda 124m asma olduğuna görə daimi təqaüd alır) işsiz qaldıq. Bankdan da bilirlər ki, götürdüyüm kreditlər hamısı digər kreditlərin bağlanılmasına sərf olunub. Mərkəzi bank reystrində adımın problemli müştəri kimi görsənməməsivə bank karyeram zədələnməməsi üçün 6 ay müddətində hər ay borc alaraq(daima iş yeni axtarışında idim) banka ayda 406m ödəniş edərək əsas məbləğdən əlavə1303m məbləğində faiz ödəmişəm. İyulun əvvəlində banka mənə aylıq ödəniş 50m olması şərti ilə 6 ay güzəşt periodu verilməsini gərəkləndirən sənədləri(əmək kitabçamı və rayon məşğulluq mərkəzindən verilən arayışı) təqdim edəndə onların surəti alınaraq, mənə istehlak kreditində heç bir güzəşt periodu olmadığı deyildi. İyul ayının sonunda yenidən banka gedərək filial müdiri ilə görüşdüm, vəziyyətimi izah etdim, adımın gecikməyə düşməməsi üçün ondan güzəşt müddəti məsələsində köməklik göstərməsini xahiş etdim. O mənə avqust ayının ödənişini də borc aldığım pulla ödəməyi tövsiyyə etdi və mərkəzi ofisdəki bu işlə məşğul olan xanımın məzuniyyətdə olduğunu deyərək tezliklə mənə güzəşt olunacağını bildirdi. Avqust ayının sonunda banka zənglərimdən sonra məni filiala dəvət etdilər və kredit müqaviləsinin yenilənməsi şərti ilə 6 aylıq hər ay 200m ödəniş olacağı güzəşt müddətini verəcəkləri və 30 ay isə hazırki ödənişimdən – 406m – dan çox olacaq kredit veriləcəyini dedilər. Yenidən daha bir 36 ay müddətinə faizlərlə yüklənməməyim üçün aylıq gəliri “0” olan və maliyyə imkanları tükənən normal düşüncəli bir adam kimi mən bununla razılaşmadım və yenidən aylıq əmək haqqı ən azı ödəniş qədər olacaq iş axtarmağa davam etdim, hətta ehtiyyatda olan zabit olduğumdan Müdafiyə Nazirliyinə məktub yazdım və rəsmi “yox” cavabı aldım. Bu səbəbdən artıq gecikmə faizləri ilə yüklənməməyim üçün məhkəməyə verilməyimi tələb etdim və nəticədə ” məhkəməyə hələ göndərə bilmərik, ancaq 3 aydan sonra” cavabını aldım. Artıq 6-cı aydır ödənişim gecikmədədir və mənə məlum olmayan səbəbdən məhkəməyə verilmirəm. Bu isə mənim gələcəkdə 8867,92AZN real qalıq borcumdan əlavə artıq faizlərlə ədalətsiz olaraq yüklənməyim deməkdir. Axı mən son 18 ay ərzində banka 280AZN bank xərcindən əlavə 3783AZN də faiz ödəmişəm. Artıq 6 aydır ödəniş edə bilmirəm və məhkəməyə verilmirəm. Bu da məndə psixoloji gərginliklər yaradır. İş də ölkədə məlum vəziyyətə görə təbii ki, yoxdur. 10 aydır qeydiyyatda olduğum rayon Məşğulluq mərkəzindən çox “get-gəldən” və baş idarələrinə şikayətdən sonra gələn aydan iş tapana qədər ayda 128m işsizlik müavinəti alacam. Mən 6 aylıq gecikmə faizi hesablanmasının silinməsinə və ancaq əsas qalıq məbləğinin zaminimin(hazırda o da işləmir) təqaüdünün yarısı qədər aylıq ödəniş təyin olunması üçün məhkəməyə verilməyimi necə tələb ede bilərəm?

Marked as spam
Vidadi Fərid tərəfindən göndərilmişdir
06 Fevral 2016 10:32 dəqiqədə yazılıb.
453 baxış
0
Məxfi cavab

Salam.

Ətraflı sual üçün təşəkkürlər. Qətiyyətli olun. Haqq-hüquq Sizin tərəfinizdədir.

Narahat olmayın.

Hüquq müstəvisində mübarizəniz gec, ya da tez Sizə uğur gətirəcək.

Ağıllı  bank yaranmış vəziyyətdən daha az ziyanla çıxmaq üçün mütləq güzəştlər etməlidir.

İndiki vəziyyətdə bankların ən düzgün yolu budur.

MM-nin 557-ci maddəsinə əsasən, banklar çəkdikləri ziyanı dövlətdən tələb edə bilərlər. 

Hələ ki, banklar, dövlət və vətəndaşlar arasında əsəb və səbr müharibəsi gedir. Vətəndaşlar borclarını yeni məzənnə ilə ödəyəcəkləri halda vəziyyət ağırlaşmaqda davam edəcək. Bunun əksi baş versə, dövlət əvvəl-axır öz vəzifələrinin icrasına başlayacaq.

 

Sizə SƏBR və ALLAH(c.c)dan kömək diləyi ilə. Salamat qalın. ALLAH(c.c) amanında.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
06 Fevral 2016 11:12 radələrində cavablandırılıb
0
Məxfi cavab

Salam, sabahınız xeyirli olsun, Vidadi bəy!

1. Sualınızdan aydın deyil ki, bank Sizi məhkəməyə niyə verməlidir? Kredit müqaviləsində belə bir bəndmi var, bank sizi mütləq məhkəməyə verməlidir? Sualınızı çalışın ki, müqavilənizə istinadən ətraflı yazın.

2. Müqavilədə nəzərdə tutula bilər ki, məsələn, “borclu öz öhdəliklərini 2, 3 ay ardıcıl yerinə yetirmədikdə, bank müqaviləni birtərəfəli qaydada ləğv edə və məhkəməyə müraciət edə bilər”.  Bu halda da bankın  məhkəməyə müraciət etməsi onun hüququdur, vəzifəsi deyil. Əslində, banklar bunu etməməklə müştərini daha çox ziyana salır, özləri isə daha çox fayda götürürlər. Hər gecikdirilən gün üçün müştəriyə cərimə  hesablanır və əvvəl-axır məhkəmə vasitəsi ilə həmin borc, faizlər və cərimələrin məhkəmə qaydasında alınacağın ada bank arxayındır. Yəni, bankın məhkəməyə müraciət etməməsi qanun pozuntusu olmamaqla birlikdə, müştərinin ziyanına olan hərəkətdir. 

3. Bankın belə hallarda məhkəməyə müraciət etməməsi, bankı daxili intizam qaydalarına əsasən, “problemli kreditlər şöbəsinin” əməkdaşları ilə bank rəhbərliyinin arasındakı münasibətlərin mövzusu ola bilər ki, bunun da müştərilərə aidiyyatı yoxdur.

4. Borclu gözləməməlidir ki, bank onu məhkəməyə versin. Yuxarıda qeyd etdim: Bu, bankın vəzifəsi deyil, hüququdur. Borclu özü istədiyi vaxt, istədiyi şərtlərlə öncə banka, sonra da, Mülki Məcəllənin 421-424-cü maddələrinə uyğun olaraq, məhkəmyə müraciət edə bilər.

5. Borclunun iqtisadi, sosial, məşğulluq (iş) durumundakı dəyişikliklər kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına avtomatik olaraq təsir etmir və edə də bilməz. Belə hallar, yuxarıda qeyd etdiyim kimi, borcluya məhkəməyə müraciət etdiyi zaman istifadə edilə bilən hallardır. Məsələn, devalvasiya, ölkədə biznes mühitinin korlanması, manapoliya, korrupsiya, ölkə üzrə işsizliyin artması, iş yerini itirmə, ağır xəstələnmə, qəzalar və sair hallar MM-nin 421-422-ci maddələrində nəzərdə tutulan “Şəraitin əhəmiyyətli şəkildə dəyişməsi” kimi qiymətləndirilə və müqavilə şərtlərinin dəyişdirilməsinin hüquqi əsası kimi istifadə edilə bilər. 

Mülki Məcəllənin  aşağıda qeyd etdiyim maddələrini diqqətlə öyrənin.

Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları

 

421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

 

Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi

 

422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

 

Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası

 

423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

 

Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri

 

424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 

6. Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir. Hüquqi yardıma görə bu başdan çəkəcəyiniz xərc Sizi gələcəkdə daha çox ziyanlardan qoruya bilər. 

 

Uğurlar Sizə. Hörmətlə.

 

 

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
06 Fevral 2016 10:59 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön