Maşın aldım: bizdə manat yoxdur, biz dollarla kredit veririk dedilər – “DəmirBank”

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim!

Belə xeyirxah iş üçün ALLAH Sizdən razı olsun.

Hakimə belə bir ərizə yazmışam, bilmirəm hüquqi cəhətdən bu düzdürmü?

Mən mağazadan maşın almışam. Qiyməti 15050 (on beş min əlli) AZN. Əlimdə olan 5000 (beş min) manatı mağazaya ödədim. 10050 (on min əlli) manat pulum çatmadı.

Ona görə iddiaçıya (əslində mən “Dəmirbank”a müraciət etmək istəyirdim, mağaza məni iddiaçıya istiqamətləndirdi) müraciət etməli oldum. Bildirdim ki, mənə yuxarıda qeyd olunan məbləğdə pul lazımdır. Sənədlər hazırlandı. İmzalanma ərəfəsində bəlli oldu ki, iddiaçı məndən konvertasiya pulu istəyir. Səbəbini soruşanda bildirdi ki, bizdə manat yoxdur, biz dollarla kredit veririk.

İddiaçı iddia edir ki, mən kredit müqaviləsini (bundan sonra Müqavilə) imzalamışam. Ona görə krediti dollarla qaytarmalıyam. Ancaq iddiaçı da Müqaviləni imzalayıb. Əvvala mənim yerimə iddiaçının yazdığı ərizədə göstərilən məbləğ dollarladır. Orada İddiaçıdan xahiş edilməyib ki, dolları manata konvertasiya etsin. İkinci, Müqavilənin 3.01 a) 3.04 a) bəndlərində də kreditin dollarda verilməsi göstərilib, onun manat ekvivalentində verilməsi göstərilməyib.

Göründüyüz kimi İddiaçı imzaladığı Müqaviləyə hörmətsizlik edərək şərtləri pozmuşdur. Üçüncü, kreditlə bağlı bütün əməliyyatlar manatla aparılmışdır ki, bu da bank tərəfindən verilən qəbzlərdə öz əksini tapmışdır. Dördüncü, kreditimin məqsədi əmlakın alınmasıdır.

Əmlakın dəyərini manatla ödəsəm də, kredit mənə nədənsə ABŞ dollarında verilib. Təbii, İddiaçı əmlakın dəyərinin manatla ödəniləcəyini bilirdi. Həm də Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarı da bu yanaşmanı təsdiqlədi: hər hansı əmlakın dəyəri yalnız manatla ödənilməlidir. Ona görə də sual yaranır: bilə-bilə ki, mənə manat lazımdır, İddiaçı mənə krediti niyə ABŞ dolları ilə verib? Buradan həm də o nəticəyə gəlmək olar ki, mən Müqaviləni aldatma (Mülki Məcəllənin 339.2-ci maddəsi) və vacib əhəmiyyətli yanılmanın təsiri altında (Mülki Məcəllənin 347-ci maddəsi) bağlamışam.

Digər tərəfdən Mülkü Məcəllənin 405.1.bəndində deyilir ki,tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, (imzalandıqda yox X.T) müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülkü Məcəllənin 419.1.maddəsində göstərilir: müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2. maddəsində göstərilir: müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 420.2. maddəsində göstərilir: müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilənin şərtlərini diqtə edən tərəf İddiaçıdır.

Nəinki müqavilə bağlanarkən, hətta, fevral ayında baş verən devalvasiyadan sonra, ölkə rəhbərliyinin və ölkənin ali məhkəmə instansiyasının qərarlarını saya almayan İddiaçı, hələ də, öz monopolist iddialarından əl çəkmək istəmir.

Üstəlik müqavilənin tərəfdaşı kimi,verdiyim bütün təklifləri qulaqardına vurmaqla, İddiaçı məni günahlandırır ki,təklif verməmişəm. Verdiyim bütün təkliflər, vaxtı göstərilməklə,məhkəməyə təqdim olunmuşdur. Kredit Müqaviləmizin 7.02.bəndində göstərilir ki, bu Müqavilə üzrə hər hansı bildirişlər yazılı surətdə olmalıdır və göndəriləcək tərəfin bu Müqavilədə imzasından sonra qeyd olunmuş ünvanına və ya həmin tərəfin göndərən tərəfə bildirdiyi digər ünvana poçt ilə,hava poçtu ilə, faks ötürülməsi vasitəsilə çatdırıldıqda göndərilmiş hesab olunur.

İddiaçının belə bir təklifi yoxdur və verdiyim təklifləri vaxtında dəyərləndirmədiyinə görə mənim hüquqlarımı pozmuşdur. Çünki mən, İddiaçıdan fərqli olaraq, bütün Müqavilə öhdəliklərimi vicdanla yerinə yetirmişəm.

Hörmətlə,

Xudaqulu Tahirov

Marked as spam
admin tərəfindən göndərilmişdir
12 Yanvar 2016 00:26 dəqiqədə yazılıb.
3937 baxış
« Əvvəlki səhifəyə geri dön