Sokulen evlerin sahibinin huquqlari

« Əvvəlki səhifəyə geri dön
0
0

Sokulen.evlerin sahibinin huquqlari

Marked as spam
Aylin Bekilova tərəfindən göndərilmişdir
02 Avqust 2017 03:02 dəqiqədə yazılıb.
248 baxış
0
Məxfi cavab

Salam, Aylin xanım.

Cavabı gecikdirməyimdən dolayı üzr istəyirəm. Şəxsi problemlərimlə bağlı vaxtında baxmamışam sayta.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun  7-ci maddəsinə (alınmanın təsirinə məruz qalan şəxs) əsasən,  “7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.

7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər:

7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər;

7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz);

7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər;

7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər;

7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər.

7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.

7.5. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər.

7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər.”

 

Qanunun  47-ci maddəsinə (kompensasiya ilə bağlı tələb) əsasən, “47.1. Kompensasiya və ya köçürülmə iddiasında olan alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) sahibliklə bağlı bildirişin alındığı gündən otuz gün müddətində və ya hər konkret halda işin hallarını nəzərə alaraq nəzarət orqanının müəyyən edə biləcəyi daha uzun müddətdə alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər.

47.2. Kompensasiya və ya köçürülmə ilə bağlı tələb aşağıdakıları əhatə edir:

47.2.1. kompensasiya tələb olunan alınacaq torpaqla bağlı hüququn növünü;

47.2.2. kompensasiya ilə bağlı iddia edilən məbləğ və bu məbləğin əsaslandırılmasını;

47.2.3. iddia edilən kompensasiyanın növünü və xüsusiyyətini (ziyanın müxtəlif növlərinə münasibətdə kompensasiyanın müxtəlif növləri iddia edilə bilər);

47.2.4. alınacaq torpağın ərazisinin ölçülməsi və nişanlanması ilə bağlı etirazları (mövcud olduqda);

47.2.5. hər hansı köçürülmə ərazisində iddia edilən torpağın ölçüsünü;

47.2.6. müəyyən edilə biləcək digər məsələləri.

47.3. Alan orqan tələbin tərtibində iddiaçılara yardım etmək öhdəliyini daşıyır və həmin məqsədlə bu Qanuna əsasən tətbiq ediləcək qaydaları izah etmək üçün qrup təşkil edir, ödəniləcək kompensasiya ilə bağlı danışıqlar aparmaq arzusunda olan şəxslərə məsləhət vermək və onları təmsil etmək üçün müstəqil peşəkar məsləhət xidməti ilə ödənişsiz təmin edir.

47.4. Alınmanın təsirinə məruz qalan şəxs alınacaq torpağından müvəqqəti uzaqda olması və ya digər üzrlü səbəbdən ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilmədikdə və ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilməməsi səbəbini alan orqana bəyan etdikdə, alan orqan ərizəni bu maddədə nəzərdə tutulmuş müddət keçdikdən sonra da qəbul edə bilər.”

Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya

 

54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.

54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

 

Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu

 

55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:

55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi;

55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.

55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.

 

Maddə 56. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər

 

56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:

56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;

56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya;

56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti;

56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;

56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;

56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.

 

 

Maddə 58. Bazar qiyməti

 

58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

 

58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

Maddə 63. Narahatlıq üçün kompensasiya

 

63.1. Narahatlıq üçün kompensasiya qiymətləndirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

63.1.1. iddiaçı ilə bağlı hallar;

63.1.2. torpağın alınması ilə bağlı hər hansı hüquqi xidmətlər, mərzlənmə, qiymətləndirmə və digər bu kimi məcburi tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar ağlabatan xərclərin məbləği;

63.1.3. alınmanın təsirinə məruz qalan şəxsin mal-qarasının saxlanıldığı yerdən şəxsin köçürüləcəyi yerə təhlükəsiz və salamat şəkildə nəql edilməsi ilə bağlı xərclər;

63.1.4. alınmanın təsirinə məruz qalan şəxsin alınma nəticəsində gəliri ilə bağlı hər hansı itkiləri və həmin şəxsin yeni yaşayış yerində işindən və ya torpaqdan əldə edəcəyi gəlir köçürüldüyü yerdə torpaqdan və ya işindən əldə etdiyi gəlirlə bərabər olanadək mütəmadi ödənişlərin təmin edilməsi ilə bağlı ehtiyacı;

63.1.5. alınmanın təsirinə məruz qalan şəxsin yeni yaşayış yerində onun şəraitinə uyğun olan iş yerində işləyə bilməsi üçün tələb olunan təlimlə bağlı xərclər;

63.1.6. alınmanın təsirinə məruz qalan şəxsin ailəsinin ehtiyaclarının tam və ya qismən ödənilməsi üçün qida məhsulları onun torpağından təmin edildiyi halda, həmin şəxsin yeni yaşayış yerində olan torpaqdan və ya yeni yaşayış yerində işindən həmin qida məhsullarını əldə edəcəyi vaxtadək eyni növlü və məbləğli qida məhsulları ilə mütəmadi təmin edilməsi xərcləri;

63.1.7. ödənilən kompensasiyanın ədalətli olmasını təmin etmək üçün nəzərə alınacaq digər məsələlər.

Maddə 64. Ümumi istifadədə olan torpağa hüquqların itirilməsinə görə kompensasiya

 

Alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş, istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə kompensasiya almaq hüququna malikdirlər.

 

Maddə 65. Ödənilən kompensasiyanın mahiyyəti və növü

 

65.1. Kompensasiya aşağıdakı formalarda ödənilə bilər:

65.1.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;

65.1.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;

65.1.3. kənd təsərrüfatı torpaqları itirildikdə bu Qanunun 65.1.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;

65.1.4. bu Qanunun 64-cü maddəsində müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;

65.1.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;

65.1.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;

65.1.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;

65.1.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;

65.1.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.

65.2. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.

65.3. Alan orqan kompensasiyaların növləri, onların hansının daha faydalı olması haqqında alınmanın təsirinə məruz qalan şəxsin məlumata malik olduğuna əmin olmalıdır. Əks təqdirdə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə bu barədə ətraflı məlumat verir.

65.4. Qəbiristanlığın ərazisi olan torpaq alındıqda, alan orqan həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qohumları ilə dəfn edilmiş şəxslərin eksqumasiyası və başqa yerdə basdırılması, onların həmin məqsədlə üstünlük verdikləri yerlə bağlı məsləhətləşmələr aparır və həmin şəxslər eksqumasiya və başqa yerdə basdırılma ilə bağlı qərar qəbul etdiyi halda, alan orqan eksqumasiya və başqa yerdə basdırılma, habelə bununla əlaqədar bütün müvafiq və ənənəvi mərasimlərlə bağlı xərcləri ödəyir.

65.5. Ümumi istifadədə olan bina alındıqda, alan orqan:

65.5.1. həmin binadan istifadə edən şəxsləri onların istifadə edə biləcəkləri yerdə eyni məqsədli (təyinatlı) bina ilə (binalarla) təmin edir və ya;

65.5.2. bu Qanunun 59-cu maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərə həmin binanın bərpa qiymətini ödəyir.

65.6. Köçürüləcək şəxslər alınan torpaqda elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizatına, habelə yol və sair bu kimi infrastruktur təchizatına malik olduqda alan orqan alınmanın təsirinə məruz qalan həmin şəxsləri köçürüləcəkləri ərazidə müqayisə ediləcək keyfiyyət, rahatlıq və kəmiyyətə malik olan müvafiq infrastruktur təchizatı ilə təmin etmək öhdəliyini daşıyır, bu şərtlə ki, həmin ərazidə əvvəllər yaşayan şəxslərin infrastrukturlarının və tikililərinin keyfiyyəti, rahatlığı və kəmiyyəti azalmasın.

 

Maddə 66. Çətinliklərə görə kompensasiya

 

66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir.

66.2. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir.

66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər.

66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir:

66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz;

66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz;

66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz;

66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz;

66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz;

66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz.

Əvvəla, Sizə bu qanunu yaxşı-yaxşı öyrənməyinizi tövsiyyə edirəm.

İkincisi, nəzərə alın ki, bu qanun yalnız torpaqların dövlət ehtiyacları üçün alınması zamanı vətəndaş-mülkiyyətçi ilə dövlət orqanlarının münasibətlərini nizamlayır. Əgər Sizin mülkünüz özəl firmalar və şəxslər tərəfindən sökülürsə-alınırsa, onda bu qanuna yox, MM-nin alqı-satqı ilə bağlı müəyyən etdiyi qaydalara istinad etməlisiniz. Burada isə Siz istədiyiniz ağlabatan şərti irəli sürə bilərsiniz. Razı olmayacaqlarsa, almayacaqlar. Heç kim, heç bir məhkəmə sizi öz mülkünüzü kiməsə satmağa məcbur edə bilməz. Ancaq Siz də normal şərtlər irəli sürün ki, bu qanunsuz ölkədə Sizin təkliflərinizdən öz əleyhinizə istifadə edə bilməsinlər. Bu zaman yuxarıda qeyd etdiyim Qanunu nümunə kimi, yəni kompensasiya məbləğini hesablamqda, istifadə edə bilərsiniz.

Nəhayət, qızım, bu məsələlərdə, təcrübə göstərir ki, vətəndaşları çox vaxt aldadır, onlara təzyiqlər göstərərək, mülklərini dəyər-dəyməzinə almağa nail olurlar. Ona görə də Sizə məsləhət görürəm ki, inanıb etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Bu zaman hüquqşünasın əməyinə ödəyəcəyiniz haqq Sizi daha çox ziyanlardan qoruyar.

Sizə bollu səbr, uğurlar və əzmkarlıq arzulayıram.

Hörmət və ehtiramla.

Cavabı keçikdirdiyimə görə, bir daha üzr istəyirəm.

 

 

 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
07 Avqust 2017 00:25 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön