Özəlləşdirilmiş mənzildən ərim məni çıxarda bilərmi?

« Əvvəlki səhifəyə geri dön
0
0

Fəridə Əliyeva:

Hələ SSRİ-nin vaxtında beş nəfərdən ibarət ailəmizə ümumi sahəsi 85 kvadrat metr olan 3 otaqlı mənzil verilmişdi.

Mənzil ailə üzvlərimizin razılığı ilə keçmiş həyat byoldaşımın adına rəsmiləşdirilib.

Üç il bundan öncə ailəmiz dağıldı. İndi uşaqlarımın keçmiş atası yeni eşqə düşüb, məni məhkəməyə verib kompensasiya ödəməklə mənzildən çıxarmaq istəyir.

Bu yaşda küçələrdə qalmalı olacağam. Mənə pay düşmürmü? Özəlləşdirilən evlər ər-arvadın birgə mülkiyyəti sayılmırmı?  Xahiş edirəm, mənə bir çarə qılın, yol göstərin.

Marked as spam
admin tərəfindən göndərilmişdir
15 Yanvar 2016 01:37 dəqiqədə yazılıb.
916 baxış
0
Məxfi cavab

Cavab:
Hörmətli Fəridə xanım, bəri başdan deyim ki, qətiyyən narahat olmayın. İNŞALLAH, məhkəmələr belə ağılsız qərar qəbul etməzlər və “uşaqalrın atası”nın da bu çirkin niyyəti həyata keçməz.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli, 463 saylı Qanununun 5-ci maddəsinə əsasən, “mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.”

Təəssüf ki, bu normanın təcrübədə icra hakimiyyətləri tərəfindən səhv tətbiqi və məhkəmələr tərəfindən səhv təfsiri vətəndaşlarımıza böyük problemlər yaradır.

Problem ondadır ki, maddədə yazılan “ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər” ifadələri vaxtında vətəndaşlara düzgün izah edilmədiyindən dolayı və İcra hakimiyyətlərində ailə üzvlərinin mənzilin özəlləşdirilməsinə dair razılıq ərizələrində yazılanların məzmununa fikir vermədən qərar qəbul etmələri belə acı nəticələrə gətirib çıxardır.
Bu maddə ilə qanunverici tələb edir ki, mənzil özəlləşdirilərkən, ailə üzvləri öz razılıq ərizələrində iradələrini açıq ifadə etsinlər ki, mənzili kimin mülkiyyətinə vermək istəyirlər: ailə üzvlərindən birinin, bir neçəsinin, yaxud bütün ailə üzvlərinin?
Təcrübədə isə, bir qayda olaraq ailə üzvlərindən belə bir məzmunda razılıq ərizəsi alınır: “mənzilin özəlləşdirilməsinə etiraz etmirəm”.
Ərizədə konkret olaraq mənzilin kimin mülkiyyətinə verilməsi göstəriləndə ciddi problem yaşanmır.
Ancaq ümumi razılıq ərizələrini, nədənsə, İcra hakimiyyətləri mənzilin, adına icarə müqaviləsi olan ailə üzvünün mülkiyyətinə verilməsi kimi qəbul edir və icarə müqaviləsi kimin adınadırsa, mənzilin də onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edilir.
Mentalitetimiz isə bu məsələdə həmişə qadınların əleyhinə işləyir. İcarə müqaviləsi çox vaxt kişilərin adına olduğu üçün, mənzil də kişinin mülkiyyəti kimi qeydə alınır və sonradan Sizin timsalınızda olduğu kimi, problemlər yaşanır.
Məhkəmə təcrübəsi özəlləşdirilmə yolu ilə əldə edilən mənzilləri ər-arvadın birgə mülkiyyəti kimi qəbul etmir.
Bu barədə hüquqşünaslar arasında ciddi fikir ayrılığı mövcuddur.
Məhkəmələrimiz haqlı olaraq öz mövqelərini Mülki Məcəllənin 146-cı maddəsi ilə əsaslandırırlar. O maddədə deyilir ki, “146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.”
Başqa sözlə, 146.2-ci maddəyə əsasən, sərəncam hüququnun əmələ gəlməsi ilə də mülkiyyətçinin kimliyi müəyyənləşir. Bu baxımdan, Sizin mənzilin mülkiyyətçisi keçmiş həyat yoldaşınız sayılır.

MM-nin 228.2-ci maddəsinə əsasən isə, “yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər”.
Keçmiş həyat yoldaşınız bu maddənin ona verdiyi hüquqdan sui-istifadə edir.

MM-nin 560-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə qadağandır. Həmin maddəyə görə, “560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.”
Hüquqdan sui-istifadənin bir növü də məhz bu maddənin 560.3.4-cü yarımmaddəsində nəzərdə tutulan “digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi”dir.
Bu o deməkdir ki, Siz vaxtilə mənzilin həyat yoldaşınızın adına özəlləşdirilməsinə razılıq verəndə o vaxtkı münasibətlərinizə güvəndiyiniz üçün bunu etmisiniz. İndi həmin güvənmiş olduğunuz rəftara zidd hüququn həyata keçirilməsi bu maddəyə uyğun olaraq yolverilməzdir. Məhkəmələr belə işlərdə bunları nəzərə almalıdırlar.

Əslində, özəlləşdirilmiş mənzillər vaxtilə ailə üzvlərinin sayı, cinsi və bəzən də peşəsi nəzərə alınmaqla verildiyi üçün, həmin mənzillər faktik olaraq ailə üzvlərinin birgə mülkiyyəti hesab edilməlidir.
Görünür, bu barədə Konstitusiya Məhkəməsinin öz mövqeyini bildirmə zamanı gəlmişdir.
Digər tərəfdən, uşaqlar doğulduqları andan yaşadıqları mənzildən istifadə hüququ əldə edirlər.
MM-nin 228-ci maddəsi, faktik olaraq, gəlinlərə görə qəbul edilmiş və reallıqlara cavab verməyən bir normadır.
İstənilən halda, hüquq və qanun Sizin tərəfinizdədir və mən də bu prosesdə təmənnasız olaraq Sizə yardım etməyə həmişə hazıram, Fəridə xanım!
Heç kim Sizi mənzilinizdən çıxara bilməz.
Uğurlar Sizə. Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
15 Yanvar 2016 01:43 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön