Dollarla götürülən kreditlərə dair iddia ərizəsi (nümunə)

Paylaşın

                                                           “Beynəlxalq Bank”ın idarə heyətinin sədrinə

_____tarixli, _________ saylı “Kredit müqaviləsi” üzrə

Borclu: Əliyev Əli Əli oğlu tərəfindən,

Ünvanı:____________________________

Əlaqə tel.:__________________________

___tarixli, __saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə

T Ə K L İ F

 Hörmətli sədr!

Həmin müqavilə ilə mən Beynəlxalq Bankdan illik __faiz dərəcəsi ilə____ min ABŞ dolları məbləğində kredit götürmüşəm.

   Həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq müqavilə şərtlərini dəyişdirməyinizi xahiş edirəm.

Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında  birdən-birə  50 faiz qiymətdən düşməsi    mənim həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir. 

   Bu müqavilə bağlanarkən, mən, eləcə də Siz,  milli valyutamızın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik.

Azərbaycan Respublikası  Mülki Məcəlləsinin  422.1-ci yarımmaddəsinə əsasən, “ tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Hörmətli sədr!

Biz nəinki manatın belə sürətlə və yüksək faizlə ucuzlaşmasını görə bilməzdik, həm də dövlət rəsmilərimizin çıxışlarında manatın sabitliyi ilə bağlı dedikləri fikirlərə əsaslanaraq, bu prosesin tam əksini düşünürdük.

Ona görə də, hesab edirəm ki, milli valyutamızın indiki qaydada, yəni birdən-birə, yüksək faizlə ucuzlaşması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi  qiymətləndirilməli və müqavilə şərtlərinə  yenidən baxılmalıdır.

Qeyd edilənlərə əsasən,

                                                T Ə K L İ F         E D İ R Ə M :

Müqavilənin ____ bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:

 “Bu müqavilə üzrə əsas borc və aylıq faizlər   müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun  Azərbaycan manatı ilə  ödənilməlidir.

(Yaxud, əsas borc-  müqavilə bağlanan gün qüvvədə olan,  müqavilə üzrə faizlər isə ödənildiyi gün qüvvədə olan məzənnəyə uyğun  Azərbaycan manatı ilə ödənilməlidir.

Yaxud, tərsinə.

Yaxud, milli valyuta ucuzlaşacağı halda, aylıq faizlər müqavilədə nəzərdə tutulan dərəcənin yarısı qədər ödənilməlidir.

Yaxud, əsas borc və faizlər dəyişmiş məzənnənin 50 faizi həcmində ödənilməlidir.

 Və sair variantlar )”

(yaxud,_____bəndinə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin):

  1. Yeni bənd: “Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 5, yaxud 10, yaxud 15, yaxud 20 və s. faizdən artıq ucuzlaşması “fors-major” halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir)  yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.”

Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.

Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyəm.

Hörmətlə, borclu Əliyev Əli Əli oğlu.

Qeyd: Başqa şərtlər də təklif edilə bilər.

Tarix.

                                   İmza:                         /Ə.Ə.Ə/

Qeyd :   Bu təklifdə göstərilən müddət keçdikdən sonra bir ay müddətində, yaxud da cavab aldığınız gündən bir ay ərzində aşağıdakı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz.

 _____________________məhkəməsinə (Bankın yerləşdiyi rayon məhkəməsi)

İddiaçı: Əliyev Əli Əli oğlu

Ünvanı:________________________________

Əlaqə tel.:_________________________

Cavabdeh: Beynəlxalq Bank,

Ünvanı:___________________

Əlaqə tel.:_________________

Müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi barədə

                                              İDDİA    ƏRİZƏSİ

                              (Mülki Məcəllənin 423-cü maddəsinə uyğun)

Beynəlxalq Bankla mənim aramda ______tarixli, _______saylı kredit müqaviləsi bağlanıb.

Müqavilə üzrə mən, əsas borcla birlikdə, illik 24 faiz əlavə məbləğ ödəməliyəm.

Müqavilənin _________ bəndinə əsasən, borc və faizlər ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”

Müqavilə bağlandıqdan sonra, yəni 22 dekabr 2015-ci ildə Azərbaycan manatı ABŞ dolları qarşısında birdən-birə 50 faizdən artıq ucuzlaşmış və bu hal mənim həmin müqavilə üzrə öhdəliklərimin yerinə yetirilməsini qeyri-mümkün etmişdir.

Çünki Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, “ Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.”

Mən həmin müqaviləni imzalayarkən, 1 dollar 1, 05 manat idi.  Yəni, mən müqavilə öhdəliklərimi yerinə yetirmək üçün, müqaviləni imzaladığım vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdım və həmin şərtlər daxilində borcumu qaytarmaqda heç bir problemim yox idi. İndi isə, ABŞ dollarının dəyəri birdən-birə 50 faizdən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət  orqanları  da qiymətlərin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər.

    Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikamızdakı mövcud biznes mühitinin korlanmasına səbəb olmuşdur

  Mən daha əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığım vaxt ümid etdiyim gəlirləri əldə edə bilmirəm.

  Beləliklə də,  həmin müqavilə bağlanarkən əsas götürdüyümüz şərait əhəmiyyətli dərəcədə dəyişmişdir.

 Bu dəyişikliyi isə, nə mənim, nə də cavabdehin  “ağlabatan şəkildə əvvəlcədən görə bilməsi” mümkün idi.

Şəxsən mən, əvvəlcədən milli valyutamız olan manatın  ABŞ dolları qarşısında birdən-birə və 10 faizdən çox ucuzlaşacağını görə bilsəydim, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdım.

Yuxarıda qeyd edilənlərə əsasən,

                                                  X A H İ Ş     E D İ R Ə M :

Cavabdehlə mənim aramda bağlanmış __________tarixli, ____saylı “Kredit Müqaviləsi”nin ____-cu bəndinin  aşağıdakı redaksiyada dəyişdirilməsi barədə qətnamə qəbul edəsiniz:

“Bu müqavilə üzrə əsas borc və aylıq faizlər  müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun  Azərbaycan manatı ilə  ödənilməlidir.

(Yaxud, əsas borc-  müqavilə bağlanan gün qüvvədə olan,  müqavilə üzrə faizlər isə ödənildiyi gün qüvvədə olan məzənnəyə uyğun  Azərbaycan manatı ilə ödənilməlidir.

Yaxud, tərsinə.

Yaxud, milli valyuta ucuzlaşacağı halda, aylıq faizlər müqavilədə nəzərdə tutulan dərəcənin yarısı qədər ödənilməlidir.

Yaxud, əsas borc və faizlər dəyişmiş məzənnənin 50 faizi həcmində ödənilməlidir.

 Və sair variantlar)

      VƏ   YAXUD:

Cavabdehlə mənim aramda bağlanmış __________tarixli, ____saylı “Kredit Müqaviləsi”nin ____-cu bəndinə  aşağıdakı redaksiyada  yeni yarımbənd əlavə edilməsi barədə qətnamə qəbul edəsiniz:

“Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 5, yaxud 10, yaxud 15, yaxud 20 və s. faizdən artıq ucuzlaşması “fors-major” halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir)  yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.”

Qoşma:  —  İddia ərizəsinin surətləri (2 nüsxə)

               –  Dövlət rüsumu haqqında qəbz,

               —    ___tarixli, ___saylı “Kredit müqaviləsi”nin surəti,

  • Müqavilə şərtlərinin dəyişdirilməsilə bağlı cavabdehə edilən təklifin surəti,
  • Təklifə cavabdehin verdiyi cavabın surəti,

                                Və s.

Tarix.

                                                                             İmza:                    /Ə.Ə.Ə/

Qeyd: Bu mübahisənin həllində istinad edilməli hüquqi əsaslar bunlardır.

   Azərbaycan Respublikası Mülki Məcəlləsi

 Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları

 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [i]

421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

 Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi

422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. [ii]

422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası

 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

 Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri

424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.