Elxan Şükürlü: “Doğum gününüz mübarək”

Paylaşın

Doğum gününüz mübarək, Qurban bəy! Amerikan pedaqoqu Devid Star Cordan məqsədi, hədəfi aydın olan insanlar haqda deyib: “Haraya getdiyini bilən adama bütün aləm yol verər”. Mən Sizin qəzetə – “Hürriyyət”ə gələndə, Siz həbsxanada idiniz və Sizinlə ilk tanışlığım da məhz Xələcdəki həbsxanada olmuşdu. Aradan 20 il keçsə də, o söhbəti indiyədək xatırlayıram: dustaq çarpayısında əyləşmiş, qara paltarlı, bəstəboy, bir barmağı kəsik, suyuşirin adamın ağzından od-alov yağırdı, cümləsinin əvvəli də, sonu da Azərbaycan, onun xoşbəxt və firavan gələcəyinə necə nail olmağın yollarının tapılması idi… Bizə – Heydər Oğuza, mənə, təsisçimiz Vüqar Məmmədova “bir yazı yazanda nəzərə alın ki, yazdıqlarınız həm də bu dörd divar arasında haqsız yerə yatmış insanlara həyat ümididir” deyə tövsiyə edir, milli dəyərlərimizin qorunmasının vacibliyini ən ümdə şərt kimi irəli sürürdünüz. “Namusunu, şərəfini, ləyaqətini qorumaq üçün ağır cinayətlər törətməyə məcbur qalmış adamları müdafiə edin, onları hüquq-mühafizə orqanlarının çəkici altında tək buraxmayın! Cəmiyyət belə insanlarla inkişaf edər!” – deyirdiniz… Unutmadım! O cümlələr heç vaxt silinməyəcək şəkildə beynimə həkk olundu! Bəli, həyat göstərdi ki, bir cəmiyyət, bir ölkə məhz namusunu, şərəf və ləyaqətini qorumağı bacara bilən insanların varlığı və çoxluğu şəraitində inkişaf edə bilər. Əks halda isə, elə indiki vəziyyətə – bzim günümüzə düşər… Mən Sizi 20 il əvvəl haraya getdiyini bilən, ancaq bu yolda tənha yürüyən adamlardan biri kimi tanıdım, sevdim! Yolunuz uğurlu olsun! Zaman nəyin doğru, nəyin yanlış olduğunu mütləq üzə çıxarır! Ömrünüzün bundan sonrakı hissəsində də həmişə haqlı çıxanlardan olasınız!