“İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə

Paylaşın

“İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli, 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009 — 2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009 — 2013-cü illər)”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)” təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

  Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

Bakı şəhəri, 3 sentyabr 2009-cu il

№ 131

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli, 131 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)

 ÜMUMİ MÜDDƏALAR

 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli, 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009 — 2013-cü illər)”na uyğun olaraq hazırlanmışdır və şəxsin insan alverinin qurbanı (bundan sonra — qurban) olmasını təyin etməyə imkan verən mexanizmləri müəyyən edir.

1.2. Qurbanların müəyyənləşdirilməsi insan alverindən zərər çəkmiş şəxslərin müdafiəsi üzrə tədbirlər sisteminin vacib elementlərindən olmaqla, onların zəruri yardım almaq hüquqlarının həyata keçirilməsinə təminat verən, o cümlədən onların cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qayıtmasına şərait yaradan, habelə yenidən qurbana çevrilmələri riskini azaldan başlıca amillərdəndir.

1.3. Bu Qaydaların məqsədi qurbanların daha asanlıqla aşkarlanması və hüquqlarının müdafiəsi üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən, həmçinin aidiyyəti qurumların əməkdaşlarının insan alverindən zərər çəkmiş şəxslərin müəyyənləşdirilməsi ilə bağlı zəruri biliklərə yiyələnmələrini təmin etməkdən ibarətdir.

1.4. Bu Qaydalar həmçinin daxili işlər, milli təhlükəsizlik, prokurorluq, gömrük, sərhəd və miqrasiya orqanları, respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, habelə digər dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.

  1. QURBANLARIN MÜƏYYƏN EDİLMƏSİNİN HÜQUQİ ASPEKTLƏRİ

2.1. Qurbanların müəyyən edilməsinin əsas üsullarından biri törədilmiş ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin cinayət qanunvericiliyində nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərlə müqayisə olunmasıdır. Müəyyən edilmənin bu növü şəxsin qurban olub-olmaması qənaətinə gəlməyə imkan verməklə yanaşı, ona qarşı cəlbetmə, daşınma və ya digər hüquqazidd əməllərin törədilib-törədilməməsini, istifadə edilən təsir vasitələrini (hədə-qorxu, aldatma və s.) və istismar formalarını (cinsi, əmək və s.) dəqiqləşdirməyə şərait yaradır.

2.2. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 435-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolun 3-cü maddəsinə əsasən insan alveri — güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə, insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınmasıdır. İstismar ən azı digər şəxslərin fahişə qismində istismarını və ya cinsi istismarın digər formalarını, icbari əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər adətləri, asılılıq vəziyyətini və ya insan orqanlarının çıxarılmasını nəzərdə tutur.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən isə insan alveri — zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir (uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu bənddə göstərilən üsullardan istifadə olunmasa da insan alveri hesab edilir).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə insan alveri — şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi müəyyən olunmuşdur.[1]

  1. QURBANLARIN ƏLAMƏTLƏRİ

3.1. Qurbanların müəyyən edilməsi zamanı onların əlamətlərini xarakterizə edən aşağıdakı göstəricilər (indikatorlar) nəzərə alınır:

3.1.1. ümumi göstəricilər (indikatorlar):

qurban əksər hallarda:

öz iradəsi ziddinə işləməyə məcbur olduğunu, işdənçıxma imkanlarının olmamasını düşünür;

öz hərəkətlərinin nəzarət altında olduğunu, hərəkət azadlığının olmadığını və ya məhdud olduğunu düşünür;

qorxu və narahatlıq hissləri keçirir;

daim və ya bəzən özü, ailə üzvləri, yaxınları zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə məruz qalır;

istismara, zorakılığa və ya hərəkət azadlığını məhdudlaşdıran təsir tədbirlərinə məruz qalmaya xarakterik olan xəsarətlərdən əziyyət çəkir;

dövlət orqanlarına təhvil verilməsi hədəsi ilə üzləşir;

digər şəxslərdə saxlanıldığına görə özündə şəxsiyyəti təsdiq edən, yaxud yol sənədləri olmur və ya saxta sənədlərə malik olur;

yerli dili, yaşadığı və ya işlədiyi yerin ünvanını bilmir;

digər şəxslərin göstərişləri üzrə hərəkət edir, onların müəyyən etdiyi şərtlərlə işləyir, gördükləri iş müqabilində çox az və ya heç bir gəlir əldə etmir;

ümumyaşayış normalarına cavab verməyən şəraitdə yaşayır;

tibbi, sosial xidmətdən yararlanma imkanları, həmçinin öz ailə üzvləri və digər yaxınları ilə əlaqələri məhdud olur;

3.1.2. insan alverinin qurbanı olan uşaq əksər hallarda:

uşaqlara aid olmayan işlərə cəlb olunur;

valideynləri və ya himayədarları ilə əlaqəsi olmur;

işlədiyi yerdən kənar uşaqlarla əlaqəsi, təhsil almaq, uşaq oyunları ilə əylənmək imkanı olmur;

digər uşaqlardan ayrı və ümumyaşayış normalarına cavab verməyən şəraitdə yaşayır;

3.1.3. cinsi istismara məruz qalan qurban əksər hallarda:

30 yaşdan aşağı olur;

istismar olunduğu yeri tez-tez dəyişir, müxtəlif yerlərdə işləyir; müşayiət altında işləyir və hərəkət edir;

üzərində istismarçıya məxsusluğunu göstərən döymə və ya digər işarələr daşıyır;

istirahət günləri olmadan və ya az müddət olmaqla fasiləsiz işləyir;

işlədiyi yerdə yaşayır;

3.1.4. əməyin istismarına (xidməti istismara) məruz qalan qurban əksər hallarda:

kənd təsərrüfatı, tikinti, sənaye, xidmət və əyləncə sahələri üzrə istismar olunur;

qrup halında işlədikləri yerlərdə yaşayır və adətən hərəkət azadlığı olmur;

işlədiyi yerlər müvafiq standartlara cavab vermir, həmin iş üzrə zəruri geyim və avadanlıqla təmin olunmur;

əmək müqaviləsi olmur, müvafiq normadan artıq işləyir, gördüyü iş müqabilində çox az və ya heç bir gəlir əldə etmir, qidalanma problemləri ilə üzləşir;

işəgötürənin müşayiəti altında işləyir və hərəkət azadlığı məhdud olur;

mütəmadi olaraq zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə, təhqirlərə, ləyaqətsiz davranışa məruz qalır, bir sıra hallarda isə xəsarət alır;

cəlb edildiyi işlər üzrə xüsusi hazırlığı olmur;

3.1.5. məcburi ev qulluğuna məruz qalan qurban əksər hallarda:

ailədə yaşamasına baxmayaraq, ailənin digər üzvlərindən ayrı qidalanır, qidalanma problemləri ilə üzləşir;

nadir hallarda evdən çıxır və ya heç çıxmır, yaxud evdən müşayiət altında çıxır;

özünün yaşayış yeri olmur, ümumi istifadədə olan və müvafiq tələblərə cavab verməyən yerlərdə yatır;

bəzi hallarda zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə, təhqirlərə, ləyaqətsiz davranışa məruz qalır, bir sıra hallarda isə xəsarət alır.

  1. QURBANLARIN MÜƏYYƏN EDİLMƏSİ ÜSULLARI

4.1. Bəzi hallarda qurban psixoloji vəziyyətindən asılı olaraq, məruz qaldığı hərəkətlərlə bağlı bu və ya digər məlumatı bildirmir, digər mənbələrdən alınan informasiya isə tam dolğun olmur. Bu zaman sorğu aparan əməkdaş qurbanın orta statistik psixoloji portreti haqqında məlumatlı olmalı, onun yaxınları və digər əlaqələri haqqında məlumat toplamalıdır.

4.2. Qurbanın orta statistik sosial portretinə onun cinsi və yaşı, sosial mənşəyi, təhsili, ixtisası, ailə vəziyyəti, əmək məşğuliyyəti və gəlir səviyyəsi haqqında məlumatlar aiddir.

4.3. İnsan alverindən zərər çəkmiş şəxslərdə dağınıq təfəkkür, huşun dolaşıqlığı, yuxu və ya yaddaş pozuntusu, yüksək oyanıqlıq, impulsiv davranış, psixoloji və s. amillər onun orta statistik psixoloji portretini təşkil edir.

4.4. Qurbanların müəyyənləşdirilməsində aşağıdakı üsullardan (tədbirlərdən) istifadə edilir:

4.4.1. proaktiv üsullar (tədbirlər) — müvafiq dövlət orqanları tərəfindən qurbanların dərhal aşkarlanmasına yönəlmiş aktiv fəaliyyəti təşkil edən zəruri və effektli tədbirlərdir. Proaktiv tədbirlərə aşağıdakılar aid edilir:

qurbanların qısa müddət ərzində müəyyən edilməsi üçün müvafiq dövlət orqanları arasında məlumat mübadiləsinin əlaqələndirilməsi üzrə tədbirlərin gücləndirilməsi;

hüquq mühafizə orqanları tərəfindən ölkəyə daxilolma, ölkəni tərketmə və digər yerlərdə insan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi;

cinsi xarakterli xidmətlərin göstərilməsində şübhəli olan ictimai-iaşə, əyləncə obyektlərində və digər yerlərdə qurbanların müəyyən edilməsi məqsədi ilə insan hüquq və azadlıqları, qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməklə reydlərin keçirilməsi;

tikinti sahələrində, bazarlarda, vağzallarda və bu kateqoriyadan olan digər obyektlərdə monitorinqlərin keçirilməsi;

miqrantların daha çox olduğu “qara əmək birjaları”nda reydlərin keçirilməsi;

kütləvi-informasiya vasitələrində, internetdə və digər yerlərdə verilmiş reklamların monitorinqi;

əmək və əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə orqanları, eləcə də qeyri-hökumət təşkilatları tərəfindən şəxsin qurban və ya ehtimal olunan qurban olması ilə bağlı hər hansı bir məlumat əldə edildikdə, bu barədə dərhal xüsusi polis qurumuna məlumat verilməsi;

4.4.2. reaktiv üsullar (tədbirlər) dedikdə, zərərçəkmişlərin passiv aşkarlanması başa düşülür. Bu zaman onların özü və ya yaxınları hüquq mühafizə orqanlarına müraciət edirlər. Bu üsulun səmərəliliyini təmin etmək üçün zərərçəkmiş dövlət strukturlarına etimad göstərməli, öz hüquqlarını və müraciət etməli olduğu təşkilatın ünvanını bilməlidir. Bu işdə əsas təyinatı insan alverindən zərərçəkənlərə, xüsusən qadın və uşaqlara yardım məqsədi ilə məlumat-məsləhət xidməti göstərməkdən ibarət olan “Qaynar xətt” telefon xidmətinin imkanlarından geniş istifadə edilməlidir. Xidmətin operatoru abonentin psixoloji vəziyyətindən asılı olmayaraq, onunla etimad doğuran, qayğıkeşlik duyulan tərzdə, xeyirxahcasına söhbət apararaq müraciətin motivini aydınlaşdırır, abonent qərar qəbul etməkdə çətinlik çəkdikdə, ona düzgün istiqamət verir.

Bundan əlavə, reaktiv tədbirlərə aşağıdakılar da aid edilir:

ayrı-ayrı cinayətlərin aşkarlanması məqsədi ilə reyd və tədbirlərin həyata keçirilməsi, təhqiqatların aparılması;

üçüncü tərəfin müraciəti (belə “tərəf” kimi şəxsin insan alverinin qurbanı olması barədə məlumat almış qeyri-hökumət təşkilatları, sosial işçilər, təhsil müəssisələrinin və digər təşkilatların nümayəndələri, hüquqi şəxslər ola bilər);

mətbuatda dərc edilmiş məlumatların əldə edilməsi.

  1. MÜƏYYƏNLƏŞDİRMƏ METODİKASI

5.1. Qurbanların müəyyən edilməsi zamanı aşağıdakı parametrlər təhlil edilir:

5.1.1. yaş —insanın yaşı çox olduqca onun insan alveri qurbanına çevrilməsi ehtimalı azalır;

5.1.2. cins — qurbanların hansı cinsdən olmasının əhəmiyyəti təyinat ölkəsindən və istismarın növündən asılıdır;

5.1.3. vətəndaşlıq — yoxsulluq, maddi imkansızlıq, irqi ayrı-seçkilik faktorları nəzərə alınır;

5.1.4. sənədlər — şəxsiyyət vəsiqələri, pasportlar, müvəqqəti olma, müvəqqəti və daimi yaşama və ya yol sənədlərinin olub-olmamasına diqqət yetirilir. İnsan alverinin coğrafi miqyasının da sənədlərin istifadəsinə və əhəmiyyətinə təsiri vardır;

5.1.5. qurbanın son dəfə olduğu yer — qurbanın aşkar edildiyi yerdən əvvəl sonuncu dəfə olduğu yerin müəyyənləşdirilməsi vacibdir;

5.1.6. aşkar edilmə halları — polis, sərhəd və miqrasiya xidmətinin əməkdaşları tərəfindən səlahiyyətləri daxilində əxlaqsızlıq yuvalarında, qanunsuz iş yerlərində, sərhəd xidməti əməkdaşları tərəfindən isə sərhədboyu zonalarda keçirilmiş reydlər zamanı zərərçəkmişlərin aşkar edilməsi onların insan alveri qurbanı olmasına daha çox dəlalət edir;

5.1.7. fiziki və ya psixoloji zorakılıq əlamətləri — şəxsdə hər hansı fiziki və ya psixoloji travma əlamətlərinin mövcudluğu yoxlanılır;

5.1.8. qurbanı təhvil verən hüquqi və fiziki şəxsin ilkin məlumatı — insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən mütəxəssisin qurbanı müəyyənləşdirmə metodu üçün mühüm amil olmaqla, ümumi qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

  1. MÜƏYYƏNLƏŞDİRMƏ SORĞUSU

6.1. Sorğu zamanı şəxsin qurban və ya qeyri-qanuni miqrant olmasından asılı olmayaraq, ona diqqətlə yanaşılmalı və hüquqlarına hörmət edilməlidir.

6.2. İnsan alverindən zərər çəkməsi ehtimal olunan uşaqlar üçün xüsusi müdafiə tədbirləri həyata keçirilməlidir. Belə hallarda sorğu bioqrafik məlumatların aydınlaşdırılması ilə məhdudlaşmalıdır. Uşağın sorğu edilməsi onun qanuni nümayəndəsinin, zəruri hallarda isə həkimin, psixoloqun, qəyyumluq və ya himayə orqanının nümayəndəsinin iştirakı ilə aparılır.

6.3. Sorğunun effektli keçirilməsi üçün aşağıdakılar tövsiyə olunur:

sorğu “yalnız zəruri məlumatlara malik olmaq” prinsipinə əsaslanmalıdır;

digər şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə sorğu qapalı və ayrıca otaqda aparılmalıdır;

zəruri hallarda sorğuda vəkil və psixoloqun iştirakı təmin edilməlidir;

sorğu edilən yerli dili bilmədikdə, tərcüməçidən istifadə olunmalıdır;

texniki vasitələrin istifadəsi müvəqqəti dayandırılmalıdır (mobil telefon, televizor və radioqəbuledici cihazlar söndürülməlidir);

ayrıca otaq olmadıqda, sorğu aparan əməkdaş digər şəxslərin sorğuya müdaxiləsinin qarşısını almaq üçün müvafiq yer seçməlidir.

6.4. Sorğunun birinci mərhələsi:

sorğunu aparan əməkdaş özünü təqdim edir, vəzifəsini və təmsil etdiyi təşkilatın adını bildirir;

sorğunu aparan əməkdaş qurbanların özlərini təhlükəsiz və rahat hiss etmələrinə əmin olmalıdır;

sorğu edilənin tibbi yardıma ehtiyacının olub-olmaması dəqiqləşdirilir;

tibbi yardıma ehtiyac olduqda, sorğu yardımdan sonra davam etdirilir;

verilən sualların onun şəxsi həyatına aid olacağı əvvəlcədən bildirilir;

qurbanlara fikirləşməyə və fasilə etməyə vaxt verilir;

daha çox məlumat verən qurbanlara bu və ya digər yardımın göstərilməsinin asanlaşacağı izah olunur;

qurbana istədiyi zaman sual vermək və dəqiqləşdirmə aparmağın mümkünlüyü izah olunur;

bu mərhələdə suallarının olub-olmaması dəqiqləşdirilir;

sorğu edilənin sorğunun keçirilməsinə razı olub-olmaması aydınlaşdırılır.

6.5. Sorğunun ikinci mərhələsi:

qurbana sorğunun məqsədi, məzmunu və gedişatı izah olunur;

qurbanın şəxsiyyəti müəyyən olunur;

qurbanın tərcümeyi-halı ilə verdiyi məlumatlar arasında dəqiqləşdirmə aparılır;

qurbanın düçar olduğu hadisə ilə bağlı söylədiklərinə həqiqi maraq göstərilir, onun emosional vəziyyətinə diqqət yetirilir;

qurbanın mövcud vəziyyətə düşməsinin səbəbi öyrənilir, hadisələrin zaman və məkan göstəricilərinə xüsusi diqqət yetirilir, hadisələr baş verərkən ayrı-ayrı epizod və faktlar üzrə şahidlərin olub-olmamasının müəyyən edilməsinə səy göstərilir.

6.6. Sorğunun üçüncü mərhələsi:

qurbana insan alveri cinayətinin mümkün əlamətləri bildirilir;

bu əlamətlər üzrə qurbanın dedikləri diqqətlə dinlənilir;

zəruri hallarda əvvəlcədən siyahı üzrə tərtib olunmuş istiqamətləndirici və ya yoxlama suallarından istifadə edilir.

6.7. Sorğunun dördüncü mərhələsi:

qurban dinlənildikdən sonra ona seçim imkanları barədə məlumat verilə bilər;

qurbana (həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxsə) qanunvericilikdə nəzərdə tutulmuş hüquqları izah edilir, təhvil veriləcəkləri qurum, həmin qurumun səlahiyyətləri, eləcə də sonrakı mümkün prosessual hərəkətlər barədə məlumatlar verilir;

araşdırılması zəruri olan digər xüsusatlar müəyyən edilir və həmin xüsusatlar üzrə sorğu aparılır;

qarşılıqlı razılaşma əsasında gələcəkdə həyata keçirilə biləcək hərəkət və tədbirlər müəyyən edilərək dəqiqləşdirilir;

qurbanın ümumilikdə sorğu ilə bağlı fikirləri öyrənilməklə, onunla gələcəkdə əlaqə üsulları müəyyən edilir və sorğu başa çatdırılır.

6.8. Ehtimal olunan qurbanlara 3 dildə (Azərbaycan, ingilis, rus) dərc edilmiş məlumat kitabçaları verilir. Belə kitabçalar ilkin mərhələdə ünsiyyət yaratmaq üçün yardımçı vasitədir.

  1. QİYMƏTLƏNDİRMƏ ÜÇÜN SUALLAR

7.1. Qiymətləndirmə üçün qurbanlara aşağıdakılar barədə suallar verilir:

7.1.1. sorğu edilənlə insan alveri ilə məşğul olan şəxs arasında əlaqənin yaradılması (bilavasitə insan alveri ilə məşğul olan şəxsin özü və ya qohumları tərəfindən, yaxud xaricdə işə düzəltmə haqqında verilmiş elan vasitəsilə və s.);

7.1.2. qurban istismar edilməsi üçün xarici ölkəyə aparılarkən ona qarşı zor tətbiq edilib-edilməməsi;

7.1.3. qurbanın xarici ölkədə konkret olaraq yaşadığı yer (bölgə, şəhər, kənd və s.);

7.1.4. qurbanın xarici ölkədə yerli hakimiyyət və ya hüquq mühafizə orqanlarına, yaxud tibb müəssisələrinə müraciət edib-etməməsi;

7.1.5. qurbanın qrup və ya mütəşəkkil dəstə tərəfindən istismar edilməsi, onların cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi;

7.1.6. qurbana öz ölkəsində və ya xarici ölkədə təklif olunan iş (əvvəlki iş yeri ilə təklif olunan iş arasında fərqin müəyyənləşdirilməsi);

7.1.7. təyinat ölkəsində qurbana vəd edilən iş şəraiti və əməkhaqqı;

7.1.8. cəlb edən şəxsə avans ödənilib-ödənilməməsi;

7.1.9. nəqliyyat xərclərinin ödənilməsi (bir çox hallarda cinsi istismara məruz qalan qurbanların nəqliyyat xərcləri üçün pulları olmur);

7.1.10. dövlət sərhədindən keçməsi (aşkar və yaxud gizli, saxta sənədlərdən istifadə olunub-olunmaması, viza açılması);

7.1.11. qurbanın sənədlərinin harada olması (əksər hallarda qurbanların sənədləri əllərindən alınır);

7.1.12. qurbanın tranzit ölkədə qalma müddəti və fəaliyyət növü (adətən qurbanlar təyinat ölkəsinə birbaşa aparılmır, onlar müxtəlif tranzit ölkələrdə bir neçə həftə və ya ay ərzində saxlanılır, yaxud məcburi istismar olunur);

7.1.13. təyinat yerinə gəldikdən sonra qurbanın fəaliyyət növü;

7.1.14. təyinat yerinə çatdıqdan sonra qurbanın istismar edildiyi vaxt (bu vaxtın dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Qurban həmin ölkədə qısa müddətdə istismara məruz qalmışdırsa, o, qurban hesab edilə bilər. Çünki insan alverçiləri qurbanlardan dərhal səmərə götürmək niyyətində olurlar. Şəxsin həmin ölkədə qalmasından çox müddət keçmişdirsə, o, təsadüfi miqrant da hesab edilə bilər);

7.1.15. hər hansı fəaliyyətlə məşğul olmağa məcbur edilmə faktı və forması;

7.1.16. sorğu edilən şəxsin fəaliyyət dövründəki qazancı (əksər hallarda qurbanlar qazandıqları pulları əldə edə bilmir və ya çox cüzi hissəsini alırlar);

7.1.17. insan alverçilərinə və ya onlarla əlbir olmuş şəxslərə qurbanların məcbur ödədiyi borc və ya məbləğ;

7.1.18. qurbanın işləməyə məcbur edildiyi iş şəraiti;

7.1.19. qurbana hər hansı sərbəst hərəkət edə bilmək imkanının verilib-verilməməsi (əksər hallarda qurban göstərdiyi “xidmət” və ya gördüyü iş vaxtı azad hərəkət etmək imkanına malik olmur).

  1. ƏLAVƏ TƏSDİQEDİCİ MATERİALLAR

Aşağıdakılar əlavə təsdiqedici materiallar qismində istifadə edilə bilər:

polis və ya miqrasiya orqanları tərəfindən təqdim edilmiş sənədlər;

nəqliyyat sənədləri və ya yol biletləri;

uçma və enmə zamanı doldurulan miqrasiya kartları;

zədələnmə, bioloji və ya cərrahi əməliyyatlar barədə hər hansı tibbi arayış;

əmək müqaviləsi və ya elanın surəti;

qurbanların məktubları və ya gündəlikləri;

viza sənədləri.

  1. İNSAN ALVERİNİN QURBANLARI İLƏ ANKET SORĞUSUNUN APARILMASINA DAİR ƏLAVƏ TÖVSİYƏLƏR

9.1. Anket sorğuları ölkədə insan alveri ilə mübarizənin vəziyyətinin öyrənilməsi və ümumiləşdirilməsi, insan alverinin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, onun inkişafına təsir göstərən faktorların dəqiqləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu zaman əldə edilən məlumatların təhlili insan alverinə qarşı mübarizə sisteminin təkmilləşdirilməsi, o cümlədən cinayətlərin bu növünün qarşısının alınması, qurbanların müdafiəsi və onlara yardım göstərilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üzrə təkliflərin hazırlanmasına geniş imkanlar yaradır.

9.2. İnsan alverindən zərər çəkməsi ehtimal olunan şəxslərlə sorğunun aparılması üçün standart anketdə aşağıdakı məsələlər öz əksini tapmalıdır:

fərdi reabilitasiya planının hazırlanması məqsədi ilə qurbanın ehtiyacları barədə məlumatlar;

təqsirkar şəxslərə qarşı verilən ifadələrlə bağlı olan təhdidlər, təhlükəsizliyin təmin edilməsi imkanları, tətbiq edilən müdafiə tədbirləri barədə məlumatlar;

qurban barədə sair məlumatlar (təhsili, yaşayış yeri, gəlir mənbəyi, cinayətin təşkilinin üsulları, o cümlədən cəlbetmə metodları, ölkədən getmənin təşkili və s.).

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 26 iyul 2013-cü il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 iyul 2013-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 887)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 26 iyul 2013-cü il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 iyul 2013-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 887) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 2.2-ci bəndinin üçüncü abzası ləğv edilmişdir və ikinci abzasına “Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə” sözləri əlavə edilmişdir.