Konstitusiya Məhkəməsinin Qərarı Bakı şəhəri, 27 iyul 2001-ci il.

Paylaşın

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci
maddəsinin Mənzil Məcəlləsinin 123- maddəsinin
birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

Bakı şəhəri, 27 iyul 2001-ci il.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X. Hacıyev (sədr), hakimlər: F. Babayev, B. Qəribov, R. Qvaladze, E. Məmmədov, S. Salmanova, Ə. Sultanovdan (məruzəçi hakim) ibarət tərkibdə,

V. Zeynalovun katibliyi,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri – Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B. Əsədov və Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini İ. Rəfibəylinin,

ekspert – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Mülki hüquq kafedrasının müəllimi A. Talıbovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 28 iyun tarixli, 8-6/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə. Sultanovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri B. Əsədov və İ. Rəfibəylinin çıxışlarını, ekspert A. Talıbovun rəyini dinləyərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

müəyyən etdi:

Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsinin istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Ali Məhkəməsi təcrübədə yaranan mübahisələri nəzərə alaraq, Mülki Məcəllənin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsi barədə sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin rəsmi mətnləri əlavə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir.

Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir.

2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.

Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.

Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Belə müddəa Mənzil Məcəlləsində yoxdur.

Göstərilənlərdən göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir.

Bu isə vətəndaşlar üçün Konstitusiyada təsbit olunmuş mülkiyyət və mənzil hüquqlarına riayət olunmasına və onların müdafiəsinə zəmin yaradır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir.

Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir.

Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır: «Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir».

Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsi xüsusilə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

qərara aldı:

1. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 iyul 2001-ci il, № 169).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir