“Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hacıyev Sənan Firudin oğlu, iş N 3(005)-81/2012) 17 yanvar 2012-ci il tarixli qərarına dair” APELLYASİYA ŞİKAYƏTİ Bakı Apellyasiya Məhkəməsinə Türkiyə Cumhuriyyətinin vətəndaşı Okur Mehmet Hicabi oğlu
Bakı Apellyasiya Məhkəməsinə
Türkiyə Cumhuriyyətinin vətəndaşı
Okur Mehmet Hicabi oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08
XAHİŞ: “Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hacıyev Sənan Firudin oğlu, iş N 3(005)-81/2012) 17 yanvar 2012-ci il tarixli qərarına dair”
APELLYASİYA ŞİKAYƏTİ
Hörmətli hakimlər!
Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) manat məbləğində cərimə edilmişəm.
Qərarın surəti mənə 19 yanvar 2012-ci ildə şəxsən təqdim edilmişdir.
Qərar aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
Belə ki, birinci instansiya məhkəməsi öz qərarında, mənim, ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığımı əsaslandırmaq üçün, məhkəmə iclasında ifadə vermiş şahidlərin izahatlarına və iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokola istinad etmiş, mənim izahatıma heç bir hüquqi qiymət verməmişdir. Hətta, məhkəməyə təqdim etdiyim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: Xaliq İmanov, İş N 2iq(82)-1957/2011) 21 noyabr 2011-ci il tarixli qətnaməsini və qətnamənin mənə 04 yanvar 2012-ci ildə təqdim edildiyi təsdiq edən poçt zərfinin surətini öz qərarında şərh etməmişdir.
Halbuki, mən məhkəmə iclasında verdiyim izahatımda da qeyd etmişəm ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qətnaməsi ilə Tofiq Bəhramov adına Respublika Stadionunun mənə qarşı qaldırdığı iddiası təmin edilmiş, Bakı şəh., F.X.Xoyski küç., 98/a saylı ünvanda yerləşən stadionun girişinin sol tərəfində, yarmarkanın arxasında yerləşən ümumi sahəsi 4,891 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə Tofiq Bəhramov adına Respublika Stadionunun müdiri A.A.İsmayılov ilə mənim aramda 16 iyun 2000-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və bununla əlaqədar icarəyə verilmiş sahənin boşaldılması, həmin sahədə aparılmış uzunluğu 20 m, eni 10 m, eləcə də uzunluğu 18 m, eni 10 m olan iki qanunsuz tikilinin mənim vəsaitim hesabına sökülməsi və mənim həmin sahədən çıxarılmağım qət edilmişdir. Həmin qətnamənin yekun hissəsində yazılmışdır: “Qətnamədən apellyasiya şikayəti qətnamə rəsmi qaydada verildiyi vaxtdan sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər”.
AR İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, “Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir”.
Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, “Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi … hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir”.
Qətnamənin surəti mənə 04 yanvar 2012-ci ildə poçt vasitəsilə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsinə və bununla bağlı mənim məhkəmə iclasında verdiyim izahata istinad etsəydi və düzgün hüquqi qiymət versəydi, müəyyən edilərdi ki, mənim qanuni sahibliyində olan sahənin boşaldılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığı halda, qanuni sahibliyimdə olan futbol məktəbin tanımadığım şəxslər tərəfindən sökülməsinə cəhd edilmiş, mən AR Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulan “mülkiyyətin müdafiəsi” hüququmdan istifadə edərək buna mane olarkən, polis əməkdaşları qanunsuz olaraq məndən söküntüyə mane olmamağı tələb etmiş, mən isə zəruri müdafiə vəziyyətində polis əməkdaşlarının qanunsuz tələblərinə əməl etməmişəm, ümumiyyətlə inzibati xəta hadisəsi olmamış və əməlimdə inzibati xəta tərkibi mövcud olmamışdır. Nəticədə mən əsassız olaraq polis bölməsinə aparılmışam və yalnız bundan sonra futbol məktəbinin qanunsuz olaraq söküntüsü baş tutmuşdur.
AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”.
Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, “Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir”.
Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin IV bəndinə əsasən, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”.
Konstitusiyanın 79-cu maddəsinə əsasən, “Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz”.
AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, “Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır”.
Belə olan halda, hazırki mübahisəyə AR İnzibati Xətalar Məcəlləsinin 367.0.1-367.0.4-cü maddələri tətbiq edilməklə, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli idi.
Belə ki, AR İXM-nin 367.0.1-367.0.4-cü maddələrinə əsasən, “367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
367.0.1. inzibati xəta hadisəsi olmadıqda;
367.0.2. inzibati xəta tərkibi olmadıqda;
367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə”.
Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, mənim izahatıma, eləcə də, mövcud qanunvericilik aktlarına istinad etməməklə və ya hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəlmiş, bu isə, mənim hüquqlarımı pozan qanunsuz və əsassız qərar qəbul edilməsi ilə nəticələnmişdir.
Yuxarıda qeyd edilənlərə və İXM-nin 430.1, 430.2.1, 431.1.1, 432.1 və 436.1.4-cü maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hacıyev Sənan Firudin oğlu, iş N 3(005)-81/2012) 17 yanvar 2012-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə yeni qərar qəbul edəsiniz.
Qoşma: — Apellyasiya şikayətinin surəti,
— 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qətnaməsinin və həmin
qətnamənin Okur Mehmet Hicabi oğluna 04 yanvar 2012-ci ildə çatdırıldığını təsdiq edən poçt zərfinin surəti.
24 yanvar 2012-ci il
İmza: / Okur Mehmet Hicabi oğlu /