Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rufan Mürsəlov, iş N 2 (002)–788/2013) 29 mart 2013-ci il tarixli qətnaməsinə dair A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ
Bakı Apellyasiya Məhkəməsinin MK-na
Cavabdehlər: 1. Umudova İradə Nüsrəddin qızı,
2. Umudova Elnarə Mahal qızı,
3. Umudova Sona Mahal qızı
Ünvanı: Bakı səh., Baş Ələt qəsəbəsi, Füzuli küç., ev-33, mən.-13
Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62(nümayəndə)
(bütün yazışmalar bu ünvanla aparılmalıdır)
XAHİŞ: Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rufan Mürsəlov, iş N 2 (002)–788/2013) 29 mart 2013-ci il tarixli qətnaməsinə dair
A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ
Möhtərəm hakimlər!
Nəsimi rayon məhkəməsinin 28 matr 2013-cü il tarixli qətnaməsi ilə həm iddiaçı Həsənov Rafiq
Qaradağ Rayon Məhkəməsinin 29 mart 2013-ci il tarixli qətnaməsi ilə iddiaçı Umudov Umud Nurəddin oğlunun bizə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddiası təmin edilmiş, bizim Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 37 saylı evin 75 saylı mənzilinə olan istifadə hüquqlarımızın itirilməsi ilə istifadə hüquqlarımıza xitam verilməsi qət edilmişdir.
Qətnamənin surəti bizə 09 aprel 2013-cü ildə poçt vasitəsi ilə təqdim edilmişdir.
Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
1. Maddi hüquq normaları pozulmuş, tətbiq edilmiş maddi hüquq normaları səhv təfsir edilmişdir.
AR MPM-nin 386-cı maddəsinə əsasən, “maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”.
Birinci instansiya məhkəməsi qətnamədə əvvəlcə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının olduğunu müəyyən etmək üçün işin faktiki hallarına, daxili və beynəlxalq maddi hüquq normalarına istinad etmiş və iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının, bizim isə istifadə hüquqlarımızın olduğu nəticəsinə gəlmişdir. Lakin daha sonra qətnamədə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə və həmin maddə haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir.
Həmin qərara əsasən, “AR Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarıdan məhrum etmir”.
Keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, “icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.
Məhkəmə qeyd edilən maddi hüquq normalarına istinad etdikdən sonra, maddi hüquq normalarını səhv təfsir edərək belə nəticəyə gəlmişdir ki, guya biz 1997-ci ildə mübahisəli mənzili daimi olaraq tərk etdiyimizə görə həmin evdə olan istifadə hüquqlarımıza xitam verilməlidir.
Halbuki, iddia ərizəsinə etirazımızda və məhkəmə iclasında verdiyimiz izahatlarımızda, 1997-ci ildə mübahisəli mənzildən, heç də, iddia ərizəsində göstərildiyi kimi, Ələt qəsəbəsində bizim üçün inşa edilmiş evdə yaşamaq məqsədi ilə deyil, həmin vaxt iddiaçının mübahisəli mənzili təmir edəcəyi bəhanəsi ilə bizi evdən çıxarması nəticəsində çıxdığımızı, bir müddət keçdikdən sonra mənzilin nə vaxt təmir olunacağı və evə qayıdacağımız barədə iddiaçıdan soruşduqda, onun bizi bir daha mənzilə buraxmayacağını dediyini dəfələrlə birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışıq və əlavə olaraq bildirmişik ki, bizim mübahisəli mənzildə yaşamamağımız öz iradəmizdən asılı olmamış, iddiaçı bizi buna məcbur etmişdir. Buna görə də bizim mübahisəli mənzildə deyil, başqa mənzildə yaşamağımız “daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmə” kimi qiymətləndirilə bilməz.
İddiaçı Umud Umudov 1997-ci ildə mərhum Mahal Umudovun yas mərasimindən yığılan puldan cavabdehlərdən İradə Umudovaya 1000 ABŞ dolları pul verərək ev almasını məsləhət görmüşdür. Cavabdeh İradə Umudova həmin pula sənədli ev tapa bilmədiyi üçün pulu qaytarıb iddiaçı Umud Umudova verəndə, o, mübahisəli evi təmir etdirməli olduğunu, buna görə də, ev təmir olub qurtaranadək uşaqlarla birlikdə həmin pulla müvəqqəti olaraq kirayədə yaşamağını cavabdehə təklif etmişdir. Cavabdeh iddiaçı ilə razılaşmış və bir müddət kirayədə qalmışdır. Pul qurtarandan sonra evə qayıdanda isə, iddiaçı Umud Umudov bizi evə buraxmamışdır.
Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarını təhrif etməklə, yalnız iddiaçının və onun yaxın qohumlarının məhkəmə iclasında verdiyi izahatlarına istinad etmiş, bizim hal-hazırada yaşadığımız evin kimin qanuni sahibliyində olduğunu müəyyənləşdirməmiş, 1997-ci ildə iddiaçının bizə verdiyi 1000 (min) ABŞ dolları məbləğində pula bizim ev alıb-almadığımızı aydınlaşdırmamışdır.
2. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
AR MPM-nin 385.1.4-cü maddəsinə əsasən, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır”.
Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, “Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur”.
Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-cü maddəsinin I hisəsinə istinad etmişdir.
Həmin maddəyə əsasən, “kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”.
Məhkəmə bunula bağlı qeyd etmişdir ki, biz mübahisəli mənzildə qeydiyyatda olsaq da, evin kommunal xərclərini ödəməmiş, mənzillə bağlı heç bir təmir-tikinti işlərində iştirak etməmiş və kirayə müqaviləsindən irəli gələn hər-hansı vəzifələri yerinə yetirməmişik.
Məhkəmə nəzərə almamışdır ki, bizim mübahisəli evə görə kommunal xərc ödəməməyimiz mənzilin təmir-tikinti işlərində iştirak etməməyimiz və kirayə müqaviləısindən irəli gələn digər vəzifələrimizi yerinə yetirməməyimiz iddiaçının bizi mübahisəli mənzildə yaşamağımıza imkan verməməsi olmuşdur. İddiaçı ilə aramızda olan faktiki münasibətlər çərçivəsində bizim keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan öhdəliklərimizi yerinə yetirməyimiz qeyri-mümkün olmuşdur.
Lakin birinci instansiya məhkəməsi bütün bunları nəzərə almamışdır.
3. Tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir.
Birinci instansiya məhkəməsi öz qətnaməsində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinin 1-ci hissəsinə və AR Mülki Məcəlləsinin 27-ci maddəsinə istinad etmişdir.
Halbuki, həmin maddi hüquq normalarının hazırki mübahisəyə tətbiq edilməsi yolverilməzdir. Çünki, hazırki mübahisə şəxsin yaşayış yeri üzrə qeydiyyata düşməsi ilə bağlı deyil, istifadə hüquqları ilə bağlıdır.
Birinci instansiya məhkəməsinin hazırki mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etməsi, öz qanunsuz qətnaməsinə qanunilik donu geydirməkdən başqa bir şey deyil.
4. Prosessual hüquq normaları pozulmuş, bu isə bizim hüquqlarımızı pozan qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
MPM-nin 14.1-ci maddəsinə əsasən, “Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır”.
Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, “217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”.
İş materialları, şahid ifadələri və işin faktiki halları ilə iddianın tamamilə əsassız olduğu təsdiq edilsə də, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olduğu nəticəsinə gəlmək üçün qətnaməsini kifayət qədər əsaslandırmamış, yalnız qanunla təsdiq edilməyən şəxsi fərziyyələrinə istinad etmişdir.
Bütün bunlar, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha sübut edir.
Yuxarıda qeyd edilənlərə, MPM-nin 357.1, 358.0.1, 360-362, 384.0.2 və 385-390-cı maddələrinə əsasən,
XAHİŞ EDİRİK:
Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rufan Mürsəlov, iş N 2 (002) – 788/2013) 29 mart 2013-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaaçı Umudov Umud Nurəddin oğlunun bizə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə qəbul edəsiniz.
Qoşma: — Apellyasiya şikayətinin surəti,
— Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
03 may 2013-cü il
İmzalar: /İ.N.Umudova/
/E.M.Umudova/
/S.M.Umudova/