ŞİKAYƏT Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Türkiyə Respublikasının vətəndaşı Mehmet Okur Hicabi oğlu

Paylaşın

Azərbaycan Respublikasının Prezidenti

İlham  Əliyev cənablarına

 

Türkiyə Respublikasının vətəndaşı

Mehmet Okur Hicabi oğlu

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-1”, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62

ŞİKAYƏT

 

Cənab Prezident!

Mən, 2000-ci ildə Azərbaycan Respublikasına gələrək, Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi  ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışam. Həmin müqaviləyə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə, hər ay 200 (iki yüz) ABŞ dolları ödənilmək şərti ilə 27 il müddətinə, yəni 2027-ci ilədək mənim istifadəmə və qanuni sahibliyimə verilmişdir.

Mən, uzun müddət, yəni 2000-ci ilin iyun ayından 2011-ci ilin avqust ayınadək, icarəmdə olan sahədə öz şəxsi vəsaitim hesabına əsaslı təmir işləri aparmışam, boş sahəni futbol məktəbi kimi işlətmək üçün bütün lazımi avadanlıqlarla təchiz etmişəm, 4 ədəd futbol meydançası üçün, hər kv.m-i 18 Evro, yəni 20 manat olmaqla 4000 kv.m (cəmi dəyəri 80 000 manat) süni xalçalar almışam, dəmir setkalar, işıqlandırıcı projektorlar və s., məktəbin inzibati binasında böyük həcmli hamam, istirahət otaqları, paltar dəyişmə otaqları, yeməkxana, qəbul otağı, iş otağı, sinif otağı, həmin otaqların istilik sistemi, daimi su, elektrik enerjisi və qaz yanacağı ilə təmin edilmələri üçün zəruri avadanlıqlar, digər mebel və məişət əşyaları, məktəbin şagirdlərinin istifadə etmələri üçün idman geyimləri, top və s. almışam. Yuxarıda qeyd edilən əmlakların ümumi dəyəri 650 000 (altı yüz əlli min) manatdan çox olmuşdur.

Lakin 17 yanvar 2012-ci ildə, özünü mənə Koreyalı iş adamı kimi təqdim edən bir şəxs  hüquq mühafizə orqanının və Nərimanov RİH-nin əməkdaşları ilə birlikdə mənim icarəmdə olan sahəyə daxil olmuş, 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Avroviziya 2012 mahnı müsabiqəsinə hazırlıq tədbirləri ilə əlaqədar, qanuni sahibliyimdə olan futbol məktəbinin dərhal sökülməli olduğunu və mənim ərazini tərk etməli olduğumu bildirmişdir. Mən, onun bu tələbinin qanunsuz olduğunu və qüvvəyə minmiş məhkəmə qərarı olmadan futbol məktəbinin sökülməsinə imkan verməyəcəyimi bildirsəm də, Koreyalı iş adamı, məktəbin sökülməsində Mehriban xanım Əliyevanın xüsusi tapşırığının olduğunu bildirdi və polis əməkdaşları məni sahibliyimdə olan ərazidən güc tətbiq edərək zorla  çıxardılar. Bu zaman mən əmlakımı müdafiə etməyə çalışarkən, polis əməkdaşları məni saxlayaraq Nərimanov RPİ-nin 18-ci PB-nə aparmış, Nərimanov rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanının əməkdaşları isə mənim qanuni sahibliyimdə olan futbol məktəbini – 4 ədəd futbol meydançasını, məktəbin inzibati binasını və inzibati binanın içindəki şəxsi əşyalarımı dağıtmış və tam yararsız hala salmışlar.

Bununla da mənim işgüzar nüfuzuma ciddi zərər dəymiş, mənə külli miqdarda ziyan vurulmuşdur.

Cənab Prezident!

Mən uzun müddətdir ki, Azərbaycan Respublikasında ən yaxşı futbol məktəbinə rəhbərlik edirəm. Buna görə də, hər kəs məni işini bacarıqla yerinə yetirə bilən işgüzar şəxs kimi tanıyır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mənə qarşı edilmiş qanunsuz hərəkət, eləcə də, Nərimanov RPİ-nin rəis müavinin mənim haqqımda böhtan xarakterli ifadələr işlərməsi (onun sözlərinə görə guya mən Azərbaycan dövlətini və bayrağını təhqir etmişəm) nəticəsində mənim uzun illər boyu qazandığım işgüzar nüfuzuma ciddi zərər dəymiş, məni ciddi iş adamı kimi tanıyan hər kəsin yanında hörmətdən düşmüşəm. Mən Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olduğuma görə, polis rəisinin müavininin mənim haqqımda böhtan xarakterli yalan məlumatlar yayması nəticəsində Azərbaycanlı həmkarlarım arasında mənə qarşı mənfi fikir formalaşmışdır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, mənimlə əvvəlcədən razılaşdırılmadan, 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Avroviziya 2012 mahnı müsabiqəsinə hazırlıq məqsədi ilə, qanuni sahibliyimdə olan futbol məktəbindən zorla çıxarılmağım və mülkiyyətimdə olan əmlakın tamamilə məhv edilməsi nəticəsində mənə ümumilikdə 1 200 000 (iki milyon iki yüz əlli min) manat həcmində zərər vurulmuşdur.

Mən qəti əminəm ki, mənə qarşı edilən bu qanunsuzluqdan və vandalizm aktından nə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın, nə də Sizin heç bir xəbəriniz yoxdur.

Bu qanunsuz hərəkətin nəticələrinin aradan qaldırılması üçün məsələyə şəxsən müdaxilə etməyinizi xahiş  edir və Azərbaycan Respublikasında  investisiya mühitinə ziyan vura biləcək bu hərəkətin qarşısını almaq üçün  təcili tədbirlər görməyinizi xahiş edirəm.

Nəzərinizə çatdırım ki, hal-hazırda həmin ərazidə Azərbaycan Respublikasının Cüdo Federasiyasının idman kompleksi inşa edilməkdədir.

05 fevral 2013-cü il

                                   Hörmət və ehtiramla:                                         / Mehmet Okur /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir