ŞİKAYƏT Türkiyə Cumhuriyyətinin Bakıdakı Səfirliyinə Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabinin Etibarnamə üzrə nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu
Türkiyə Cumhuriyyətinin
Bakıdakı Səfirliyinə
Türkiyə Cumhuriyyətinin vətəndaşı
Mehmet Okur Hicabinin
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08
ŞİKAYƏT
Hörmətli Səfir!
Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabi Tofiq Bəhramov adına Respublika Stadionu ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə, hər ay 200 (iki yüz) ABŞ dolları ödənilmək şərti ilə 27 il müddətinə Mehmet Okur Hicabinin istifadəsinə və qanuni sahibliyinə verilmişdir.
Mehmet Okur uzun müddət, yəni 201-ci ilin avqust ayınadək, icarəsində olan sahədən maneəsiz istifadə etsə də, 2011-ci ilin avqust ayında Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi ilə Mehmet Okur arasında mübahisə yaranmış və T.Bəhramov adına Respublika stadionunun rəhbərliyi “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.06.2000-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarının surəti Mehmet Okur Hicabiyə 04 yanvar 2012-ci ildə poçt vasitəsi ilə təqdim edilmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, tərəflər məhkəmə qərarını rəsmi qaydada aldıqdan sonra 30 (otuz) gün ərzində həmin qərardan şikayət verə bilərlər.
AR İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, “Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir”.
Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarı Mehmet Okur Hicabinin hüquqlarını pozduğu üçün, o, həmin məhkəmə qərarından şikayət verməyə hazırlaşır.
Lakin, 17 yanvar 2012-ci ildə T.Bəhramov adına Respublika stadionunun rəhbərliyi hüquq mühafizə orqanının əməkdaşları ilə birlikdə, M.Okurun icarəsində olan sahəyə daxil olmuş və onun faktiki sahibliyində olan ərazidən güc tətbiq edərək onu zorla çıxarmağa çalışmışlar. M.Okur faktiki sahibliyində və mülkiyyətində olan əmlakını müdafiə etməyə çalışarkən, polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 18-ci PB-nə aparmışlar.
Hal-hazırda o, inzibati xəta törətməkdə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılmaqdadır. Bunun qarşısının alınması üçün zəruri prosessual hərəkətlər edilsə də, heç bir nəticəsi olmamışdır.
Hörmətli Səfir!
Hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan M.Okuru əmlakından məhrum edən Nərimanov RPİ-nin əməkdaşları, onu əmlakının mühafizəsinə çalışdığı üçün cəzalandırmağa çalışırlar.
Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və Türkiyə Cumhuriyyətinin vətəndaşı Mehmet Okur Hicabiyə qarşı qanunsuz hərəkətlərə yol verilməsinin qarşısının alınması məqsədi ilə, əlinizdə olan imkanlardan istifadə edərək lazımi orqanlara müraciət etməyinizi xahiş edirəm.
Qoşma: Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin surəti.
17 yanvar 2012-ci il
İmza: / Q.C.Məmmədov /