Sökülən evlərin və obyektlərin əvəzinin ödənilməsi barədə. Bu sizə də lazım olacaq.

Paylaşın

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına

(sədrlik edən hakim: Şamil Rzaquliyev)

İddiaçı İsgəndərova Pərvanə Cəfər qızının

cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə

qarşı iddiası üzrə

iddiaçının etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlunun

İZAHATI

Möhtərəm hakimlər!

AR Konstitusiyasının 29-cu maddəsinin II hissəsinə əsasən, “Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur”.

Bu, əsas Qanunun vətəndaşlarımıza verdiyi hüquqlardan biridir. Ancaq məmləkətimizdə bu hüquq həqiqətən qorunurmu?

İcraatınızda olan indiki iş göstərir ki, bu, əslində belə deyil. Mülkiyyət hüququnun qorunması ilə bağlı Konstitusiyamızda bu yazılanlar, sadəcə, deklarativ xarakter daşıyır və kağız üzərində qalan ölü hüquqlarımızdan biridir. Belə olmasaydı, nümayəndəsi olduğum Pərvanə İsgəndərova məhkəmə zallarında vaxt itirmək əvəzinə, öz əməyi ilə bu vaxtını milli gəlirimizin artırılmasına sərf edərdi.

Həmin maddənin IV hissəsinə əsasən, “Heç kəs, məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Doğrudanmı?

Möhtərəm hakimlər!

P. İsgəndərovanın bu hüququ da kobud şəkildə pozulmuş, heç bir məhkəmə qərarı olmadan, Gəncə şəhəri, Cavad Xan küçəsi-34 ünvanında yerləşən ona məxsus obyektlər sökülərək mülkiyyətindən məhrum edilmişdir.

Bu gün qanun Pərvanə İsgəndərovanın mülkiyyət hüququnu qorumur. Qoruya bilmir yox, məhz, qorumur. Məhkəmələr qanunun tələblərini yox, icra strukturlarının göstəriş və maraqlarını qorumaqdan dolayı, Ana Yasamızda təsbit edilən bu hüquqlar, sadəcə, qulaq oxşayan xoş sözlər kimi kağızları bəzəyir. Vəssəlam !

Möhtərəm hakimlər!

Pərvanə İsgəndərovaya qarşı “delikt” baş vermişdir. Yəni, AR Konstitusiyasının 29-cu maddəsinin II və IV hissəsi və AR Mülki Məcəlləsinin 157-ci maddəsi ilə müdafiə edilən mülkiyyət hüquqlarına qəsd edilmiş, ona məxsus obyektlər məhkəmə qərarı olmadan dağıdılmış, yerində kimlər üçünsə biznes mərkəzi tikilmişdir. Bunun dövlət ehtiyacları üçün edilmədiyi iş materiallarındakı mötəbər sübutlarla tam təsdiqini tapır,

Möhtərəm hakimlər!

Çox istərdim ki, istirahət etdiyiniz vaxtlarda, məşhur “Möhtəşəm Yüzyıl” serialının 91-92-ci bölümlərinə baxaydınız. Orada tarixi bir hadisə təsvir edilir. Zamanında dünyaya hökm edən böyük Türk İmperiyasının sultanı Suleyman Qanuninin həyat yoldaşı Hürrəm Sultan İstanbulun mərkəzində məscid-mədrəsə kompleksi (diqqət edin: ticarət mərkəzi yox) tikdirmək üçün vətəndaşlara məxsus bir ərazini almaq istəyir. Həmin ərazidə yaşayan vətəndaşların hamısından onlara məxsus torpaq sahələri və evlər alınır. Lakin bir qadın evini satmaqdan imtina edir. Hürrəm Sultanın tapşırığı ilə əmlakın haqqı 2-3 qat artıq təklif edilsə də, qadın satmamaqda israr edir. Bundan sonra, görün nə baş verir… Zəmanəsində birləşmiş Avropanı diz üstünə çökdürən, dünyanı lərzəyə salan Sultan Süleymanın xanımı həmin qadının evinə gedir, onunla insani münasibətlər quraraq qadının ürəyini ələ alır, bir yerdə ağlaşaraq, halallaşaraq, bu işi bitirirlər.

Möhtərəm hakimlər!

Heç şübhə etmirəm ki, Sultan Süleymanın xanımının yerinə Gəncə Şəhər İcra Hakimiyyəti olsaydı, yazıq qadın, cibinə narkotik atılaraq, yaxud da, evinə silah qoyularaq, şərlənərək həbs edilər, mülkü dağıdılar, yerində 7 mərtəbəli ticarət mərkəzi tikilərdi. Ancaq, Türk Sultanının xanımı məhz dövlət və ictimai ehtiyaclar üçün almaq istədiyi bu ərazini sadə, kimsəsiz və arxasız bir qadının qarşısında dərdlərini danışmaqla, ağlamaqla, ən vacibi isə, qanunun aliliyi, mülkiyyət hüququnun toxunulmazlığı prinsiplərinə əməl etməklə əldə edir.

AR Mülki Məcəlləsinin 1096.2-ci yarımmaddəsinə əsasən, “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”.

Nə qədər inkar etsə də, həmin ünvanda, yəni Gəncə şəhəri, Cavad Xan küçəsi-34-də inşaat işlərinin kimin tərəfindən aparıldığını bilmədiyini iddia etsə də, P.İsgəndərovaya qarşı bu delikti, bu hüquq pozuntusunu Gəncə şəhər İcra Hakimiyyəti törətmişdir və buna görə də, məhz o, mülki hüquq məsuliyyəti daşıyır.

Möhtərəm hakimlər!

Mülki Məcəllənin 1097.1-ci yarımmadəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”.

Pərvanə İskəndərovanın əmlakına ziyan vurulmaqla yanaşı, bir iş adamı olaraq, onun işgüzar nüfuzuna böyük zərər vurulmuş və onu həmin obyektlərdən götürdüyü gəlirlərdən məhrum etməklə, son 5 ildə əldən çıxmış fayda qismində ona çox böyük maddi ziyan yetirilmişdir.

Keçmiş məhkəmə iclaslarının birində Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Cavad Xan-34 ünvanında aparılan inşaatın kim tərəfindən icra edildiyini bilmədiyini iddia etmişdir. Bununla da, məsuliyyətdən yayınmağa çalışırlar.

Əvvəla, şəhər rəhbərliyinin belə bir iddiada bulunması, sadəcə, absurddur və məhkəməyə hörmətsizlikdir.

İkincisi isə, bu həqiqətən belədirsə, demək, şəhər rəhbərliyi öz yerində deyil. Belə çıxır ki, bütün insanların gözü qarşısında Gəncə şəhərinin mərkəzində aparılan 7 mərtəbəli tikilinin kim tərəfindən icra edildiyini bilməyənlər, sabah hansısa erməninin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında atom bombası stansiyası inşa etməsindən xəbəri olmayacaq.

Mən bununla, sadəcə olaraq, bir məsələyə qəti aydınlıq gətirmək istəyirəm: Pərvanə İskəndərovanın mülkünü kim dağıdıb, ona ziyan vuran kimdir?

İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin arasındakı yazışmalarla, rəsmi məktublarla sübut edilir ki, Pərvanə İsgəndərovanın obyektinin sökülməsi və yerində yeni ticarət mərkəzinin tikilməsi məhz Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi və bilavasitə iştirakı ilə baş vermişdir. Mülki hüquq məsuliyyəti daşıyan da, Gəncə şəhər İcra Hakimiyyətidir.

Möhtərəm hakimlər!

P.İsgəndərovanın obyektləri, onların yerləşdiyi Cavad Xan-34 ünvanındakı binanın qəzalı vəziyyətdə olması bəhanəsi sökülmüşdür. Həm də, bu binada Pərvanə xanımdan başqa ayrı vətəndaşlar da yaşayıb, işləyirdilər. Başqa sözlə, həmin bina həm də yaşayış binası olmaqla, ümumi paylı mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olmuşdur. Belə binaların hüquqi rejimi isə, Mülki Məcəllənin 226-237-ci maddələri və Mənzil Məcəlləsinin 6, 7-ci fəsilləri ilə nizama salınır.

Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən, Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

Möhtərəm hakimlər!

Bu maddədəki “habelə yerləşdiyi torpaq sahəsi” sözləri ““Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir. Yəni, çoxmənzilli binaların yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Bu isə, o deməkdir ki, həmin torpaq sahəsində yerləşən binanın sökülməsi, yenidən qurulması, təmiri, saxlanması və s. hüquqları da, həmin mülkiyyətçilərə mənsubdur.

Eyni hüquqi mövqeni, Mülki Məcəllənin 245-ci maddəsində də görə bilərsiniz.

Həmin maddədə deyilir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”.

Bu baxımdan, Cavad Xan küçəsi 34-də yerləşən binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də, Pərvanə İsgəndərovadır və onun bu hüququ həm milli qanunvericiliyimizlə, həm də beynəlxalq hüquqla qorunur. Həmin torpaq sahəsindəki ona məxsus pay, qanuni əsaslar olmadan alına bilməz və həmin torpaq sahəsində, qanuni əsaslar olmadan, bir kimsə ticarət mərkəzi tikə və ya tikdirə bilməz.

Həmin obyektlərin altındakı torpaq sahəsi üzərində Pərvanə İsgəndərovanın da mülkiyyət hüququnun olduğunu nəzərə alaraq, qanunun bir normasını da diqqətinizə çatdırıram.

AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”.

Pərvanə xanım cavabdehdən öz torpaq sahəsini geri tələb edir. Haqsızdırmı? Xeyr, əlbəttə ki haqlıdır. Bu onun konstitusion hüququdur.

AR Mülki Məcəlləsinin 234-cü maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər”.

Bu maddədəki Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə… sözləri o deməkdir ki, qəzalı vəziyyətdə olan bina üzərində mülkiyyət hüquqlarına o halda xitam verilə bilər ki, mülkiyyətçilər özləri binanın bərpasına qadir olmasınlar. Bunu başa düşmək o qədərmi çətindir?

Gəncə şəhəri, Cavad Xan-34 ünvanında yerləşən, indi artıq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dağıdılaraq, yerində şəxsi biznes mərkəzi tikilən və cavabdehin iddia etdiyi kimi, qəzalı vəziyyətdə olmuş binanın bərpa edilməsi Pərvanə İsgəndərovaya və başqa mülkiyyətçilərə təklif edilibmi? Təbii ki, yox! Təklif edilə də bilməzdi.

Çünki;

– həmin bina ümumiyyətlə, qəza vəziyyətdə olmamışdır,

– cavabdehin niyyəti, indi artıq göz qabağında olan nəticədən də göründüyü kimi, guya həmin binanı bərpa etmək yox, binanın yerləşdiyi yerin ticari baxımdan üstünlüklərini nəzərə alaraq, onun yerində öz şəxsi biznes mərkəzlərini tikmək olmuşdur.

Möhtərəm hakimlər!

Mülki Məcəllənin çoxmənzilli binalarla bağlı yuxarıda qeyd etdiyim maddələrindəki hüquqi mövqe, Mənzil Məcəlləsinin 28-ci maddəsində də eynilə ifadə edilmişdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən,

28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

28.2. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır.

28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

28.4-1. Bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür.

28.4-2. Bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:

28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;

28.4-2.2. hərracın iştirakçısı olmadıqda;

28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

28.4-2.4. hərracı udmuş iştirakçı «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın.

28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir.

28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu Məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

28.4-5. Bu Məcəllənin 28.4-2.2 – 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır.

28.4-6. Bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.

28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir”.

Möhtərəm hakimlər!

Mən Mənzil Məcəlləsinin 28-ci maddəsini burada bütövlükdə göstərməklə, diqqətinizi bir məsələyə xüsusilə cəlb etməyi vacib bilirəm. İddiaçı ilə cavabdeh arasında, eləcə də, Gəncə şəhər sakinlərinin Gəncə şəhər İcra Hakimiyyəti ilə bundan sonra da yarana biləcək eyni xarakterli problemlərin həllinin hüquqi əsaslarını bir daha diqqətinizə çatdırmağı zəruri bildim.

Mənzil Məcəlləsinin 28-ci maddəsində şirin ana dilimizdə yazılanların əsas mahiyyəti ondan ibarətdir ki, qəzalı vəziyyətdə olan mənzilin və ya binanın təmiri vəzifəsi və hüququ ilk növbədə həmin mənzilin və binanın mülkiyyətçilərinə məxsusdur. Bu hüquq və vəzifələrin üçüncü şəxslərə keçməsi isə, yalnız və yalnız məhkəmə qərarları əsasında mümkündür.

Mən soruşuram: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin belə bir qərarı vardırmı? Cavabı da özüm vermək istəyirəm: xeyr, belə bir qərar yoxdur və ola da bilməz! Çünki, nümayəndəsi olduğum Pərvanə İsgəndərova və həmin binanın başqa mülkiyyətçiləri o binanın yerində cavabdehin tikdiyindən daha gözəl, daha hündür, daha böyük obyekt tikmək üçün kifayət edəcək maddi imkanlara sahibdirlər.

Mənzil Məcəlləsinin 28.6-cı yarımmaddəsi isə, Azərbaycan dilində o qədər aydın və sərrast ifadə edilib ki, onu başa düşməmək sadəcə, mümkün deyil. Maddənin məzmununu anlamaq üçün hüquşünas olmağa ehtiyac yoxdur. Sadəcə vicdanlı adam olmaq yetərlidir.

Təkrarçılığa görə üzr istəyərək, həmin yarımmaddəni bir daha diqqətinizə çatdırıram: “Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır”.

Möhtərəm hakimlər!

İndi mən, soruşmağa məcburam:

1. Gəncə şəhəri, Cavad Xan küç.-34 ünvanında yerləşən binanın qəza vəziyyətində olması və bərpasının mümkün olmaması barədə məhkəmə qərarı vardırmı?

2. Gəncə şəhəri, Cavad Xan küç.-34-də yerləşən binanın müəyyən müddətdə sökülərək, yenidən tikilməsi barədə Pərvanə İskəndərova və başqa mülkiyyətçilərə konkret vaxt təyin edilməsi barədə məhkəmə qərarı varmı?

3. Gəncə şəhəri, Cavad Xan küç.-34-də yerləşən binanın mülkiyyətçiləri Pərvanə İsgəndərova və başqalarının həmin binanın məhkəmə tərəfindən müəyyənləşdirilmiş müddətdə sökülərək yenidən tikilməsindən imtina etmələri barədə rəsmi sənəd, yaxud da hansısa fakt varmı?

Yoxdur, möhtərəm hakimlər! Yoxdur! Çünki, indiki halda, Gəncə şəhərində qanunlar yox, ayrı-ayrı vəzifəli və imkanlı şəxslərin şəxsi iradəsi şahlıq edir. “Qanunun şah olması, şahın isə Qanun olmaması barədə” taa qədimlərdən deyilən fikir Gəncə şəhərində məsxərə obyektindən başqa bir şey deyildir. Gəncədə Qanun əvəzinə şahlıq edənlər, haqqında söz etdiyimiz binanı öz şəxsi niyyətləri naminə dağıdaraq, Pərvanə İsgəndərova və başqa mülkiyyətçilərə külli miqdarda ziyan vurmuşlar. Bu ziyanın ödənilmə qaydası isə, yuxarıda qeyd etdiyim kimi, Mülki Məcəllənin 59-cu fəsli ilə nizama salınır. Bir daha həmin normalara qayıdaraq, bu maddələri diqqətlə incələmənizi sizdən rica edirəm.

AR Mülki Məcəlləsinin 1096.2-ci yarımmaddəsinə əsasən, “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”.

Həmin Məcəllənin 1097.1-ci yarımmadəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”.

Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir”.

Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur”.

Görəsən, bu dünyada elə bir məhkəmə varmı ki, elə bir cihaz, elə bir üsul varmı ki, insana dəymiş mənəvi ziyanın həcmini hesablaya bilsin? Ailəsini öz halal, namuslu əməyi ilə yaşadan bir Azərbaycan qadınının əmlakının dağıdılması nəticəsində, 5 il müddətində aylıq gəlirlərindən məhrum edilməsi, məhkəmələr və dövlət orqanlarında vəzifəli şəxslərin rüşvət və korrupsiya iyi verən qəbul otaqlarında süründürülməsi nəticəsində çəkdiyi mənəvi əzabın ölçüsünü müəyyən etmək mümkündürmü? Yox, yox, yenə də yox! Bu, mümkün deyil. Bunu anlamaq üçün, sadəcə olaraq, o qadının yaşadıqlarını yaşamaq lazımdır. Mən də daxil olmaqla, zalda əyləşənlərdən heç kim onu duya bilməz. Müqəddəs Ramazan ayından yenicə ayrılmışıq. Orucluqla bağlı deyilmiş məşhur bir fikri burada, məhz Pərvanə İsgəndərovanın çəkdiyi mənəvi əzabların dərk edilməsi baxımından, səsləndirməyi faydalı hesab edirəm.

Bu fikir belədir: “Ey varlılar, Siz oruc tutmaqla, aclıq çəkənlərin halını duya bilməzsiniz. Çünki Sizin iftara ümidiniz var”. Səhv etmirəmsə, bu sözləri hörmətli ziyalımız Firuz Mustafanın internet səhifəsində oxumuşam.

Nümayəndəsi olduğum Pərvanə İsgəndərovanın da çəkdiklərini bizlərin duyması mümkünsüzdür. Ancaq, biz, istənilən halda, Gəncə şəhər İcra Hakimiyyətinin–cavabdehin ona vurduğu zərərin həcmini təqribi olsa da, hesablamalı və tələbimizi dəqiqləşdirməliyik. Bu məsələdə isə, bizə Mülki Məcəllənin 21 və 23-cü maddələri qismən yol göstərir.

Pərvanə İsgəndərova nə istəyir?

İsgəndərova Pərvanə Cəfər qızı, mülkiyyət hüququ ilə ona məxsus olan, dağıdılmış obyektlərinin yerində tikilmiş yeni binadan eyni həcmdə sahə istəyir. Yaxud da ona məxsus torpaq sahəsinin boşaldılaraq geri qaytarılmasını tələb edir. Haqsızdırmı? İstəyi qanunsuzdurmu? Tələbinin icrası mümkünsüzdürmü? Artıqtamahlıqmı edir? Bəlkə, onun tələblərinin heç bir hüquqi əsası yoxdur? Gəlin, bu barədə mövcud normaları birlikdə incələyək.

AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, “21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

Bu maddədə anlaşılmayan nəsə varmı? Pərvanə İsgəndərova dağıdılmış obyektlərinin həcminə uyğun, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində, eyni həcmdə obyektlər tələb edir. Yəni, Mülki Məcəllənin 21.1-ci maddəsində deyildiyi kimi, “ona vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsini” tələb edir.

Bəs, hansısa Qanunda və ya müqavilədə Pərvanə İsgəndərovaya vurulmuş zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulubmu? Şəxsən bizə, belə bir qanun və ya müqavilə məlum deyil. Cavabdehə məlumdursa, buyurub, öz sübutlarını məhkəməyə təqdim etsinlər. Onlar bunu da edə bilməzlər. Çünki, qədim Çinlilər demişkən, “qaranlıq otaqda qara pişiyi tutmaq mümkün deyil”. İndiki halda isə, Gəncə adlı bu qaranlıq otaqda, o qara pişik, ümumiyyətlə, yoxdur. Bəs, cavabdeh hansı pişiyin axtarışındadır? Hansı hüquqi əsaslara görə, Pərvanə xanıma vurduğu zərəri ödəməkdən yayınmağa çalışır? Belə bir pişik, üzr istəyirəm, hüquqi əsas vardırmı? Təbbi ki, yoxdur! Bunu, onlar bilməsə də, siz, möhtərəm hakimlər, çox yaxşı bilirsiniz. Pərvanə İsgəndərova, sadəcə olaraq, dağıdılmış obyektinin əvəzinə obyekt istəmir, o, bu obyekti Mülki Məcəllənin, yuxarıda da qeyd etdiyim kimi, 227.1-ci yarımmaddəsinə əsasən, mülkiyyət hüququ ilə ona məxsus olan həmin obyektlərin əvvəl yerləşdiyi torpaq sahəsinin özündə istəyir. Pərvanə xanım öz torpağını istəyir.

Həmin torpağı Pərvanə İsgəndərovaya şəhərin başqa yerində vermək olarmı, bu mümkündürmü?

Möhtərəm hakimlər!

Bu dünyada möcüzələrə, son möcüzə olan Qurani Kərimin nazili ilə son qoyulmuşdur. Cavad Xan küç.-34-də olan torpaq sahəsinin başqa bir ünvanda verilməsi yeni bir möcüzə olardı.

Bəs, o torpağın əvəzi, yaxud da, o torpaq üzərində olmuş obyektlərin əvəzi verilə bilərmi? Təbii ki, verilə bilər. Lakin, Pərvanə İsgəndərovanın iddiası açıq və aydındır. O, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində olmuş, dağıdılan obyektlərinin yerində, elə həmin ünvandaca, yəni Cavad Xan küç.-34-də öz obyektlərinin naturada bərpasını tələb edir.

Pərvanə İsgəndərova öz hüquqlarını qorumağa məcbur edilib, bununçün o, hüquqşünaslarla müqavilə bağlayıb, onlara xidmət haqqı verib, onların yol, hotellərdə qalma və yemək haqqlarını ödəyib. Bu proses isə, artıq, 5 ildir ki davam edir. Bu isə, az xərc deyil.

Pərvanə İsgəndərova onun şərəf və ləyaqətinə, eləcə də, işgüzar nüfuzuna vurulan zərərin əvəzini tələb edir. Pərvanə İsgəndərova iş adamıdır, “biznes-ledy”dir. O, obyektləri dağıdıldığından dolayı, bu 5 ildə bir çox biznes tərəfdaşlarını itirmiş, istər Gəncə əhalisi, istərsə də, əvvəllər əməkdaşlıq etdiyi bir çox xarici iş adamları arasında, öz malını-mülkünü, hüquqlarını qorumaqda aciz olan bir iş adamı kimi nüfuzdan düşmüşdür. Gəncə şəhər İcra Hakimiyyətinin, eləcə də, qanunsuz qərarlar qəbul edən bəzi hakimlərin “səyi” nəticəsində, Pərvanə xanımın etimadlı və qabiliyyətli bir tərəfdaş kimi işgüzar nüfuzuna çox böyük zərər dəymişdir. Ona dəymiş mənəvi zərər haqqında isə, mən artıq yuxarıda qeyd etmişəm. Bu zərərin həcminin dəqiq müəyyənləşdirilməsi qeyri-mümkündür.

Yuxarıda qeyd edilənlərə əsasən, mən ilkin iddianın və həmin iddiaya verilmiş əlavələrdəki tələblərin tam həcmdə təmin edilməsini xahiş edir və səbrlə məni dinlədiyinizə görə təşəkkür edir, qanuni və ədalətli qərar qəbul edəcəyinizə ümid edərək sizə öncədən öz minnətdarlığımı bildirir, uca məqamınıza ehtiramımı bəyan edirəm.

08 iyul 2016-cı il

İmza: / Q.C.Məmmədov /