Salam, Elşad bəy.
Təəssüf ki, yenə də son illər tez-tez rast gəlinən, cahillikdən, nadanlıqdan, savadsızlıqdan doğan ailədaxili münaqişənin şahidiyik. Təəssüf. Bütün bunlar övladlarımıza, cavanlarımıza verdiyimiz səhv tərbiyənin və ya lazımi tərbiyə verməməyimizin nəticəsidir.
1. Baş verənlər, yəni “bacı”nın etdikləri qeyri-insani olsa da, tam qanunidir. Evin mülkiyyətçisi sadaladıqlarınızı etməkdə tam haqlıdır.
2. Gəlin yaranmış bu problemi, məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 34-cü maddəsi ilə tənzimləyə bilər.
3. Alimentlə bağlı məhkəmə qətnaməsi varsa, alimenti vermədiyinə görə tədbirlər görülməsi (xaricə çıxışına qadağa qoyulması, inzibati qaydada cərimələnməsi və nəhayət, cinayət məsuliyyətinə cəlb edilməsi) ilə bağlı icra məmurlarına, Ədliyyə Nazirliyinin Baş icra idarəsinə müraciət edə bilər.
4. Yaranmış indiki çətin vəziyyətdə, “gəlin”ə və uşaqlarına təcili yardım edilməsi üçün, yaşadığı rayonun İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət edə bilər. Uşaqlar dövlət müəssisəsinə yerləşdirilə, ailəyə ünvanlı sosial yardın verilə bilər və s.
5. “Gəlini” başa salmaq lazımdır ki;
— evlənəndə gülə-gülə evləndikləri kimi, boşananda da sivil qaydada, yəni qanunların müəyyənləşdirdiyi qaydalarla boşanmaq lazımdır.
— Evdə yaşamaq hüququ yoxdursa, yəni məhkəmə qaydasında bu hüququ əldə edə bilmirsə, evi dərhal tərk etməlidir.
— Uşaqları saxlamaq imkanı yoxdursa, onları ataya verməlidir, imkanı olanda geri tələb edə bilər.
6. Çox təəssüf ki, bizim qadınlar boşandıqdan sonra uşaqlarını atalarına qarşı silaha çevirir və uşaqları özlərində saxlamaqla özlərinin yenidən ailə qurmaq imkanlarını məhdudlaşdırır, ərlərinə isə bu baxımdan əla şərait yaradırlar. Uşaqları təkbaşına böyütdükdən sonra, onları ərə verdikdən, evləndirdikdən sonra isə əksər analar atılır, tənhalıqda qalırlar.
7. Ev faktik olaraq ərinin və onundursa, lakin bacısının adına yalan, yaxud da uydurma müqavilə ilə rəsmiləşdiribsə, bunu da məhkəmə qaydasında həll etmək olar.
8. Nəhayət, daha real kömək etmək üçün, istədiyiniz bir hüquqşünasın yardımından istifadə etməyiniz məsləhətdir.
Mən özüm də, əvəzsiz olaraq, şəxsən gəlinin hüquqlarını müdafiə edə bilərəm. Bununçün ofisimizə gəlməyiniz lazımdır.
Hörmətlə.