Suraxanı Rayon Məhkəməsinin (hakim: Namiq Cəfərov, iş N 2(010)-2278/2012) 06 avqust 2012-ci il tarixli qətnaməsinə dair APELLYASİYA ŞİKAYƏTİ Beybutova Könül Mahmud qızına qarşı

Paylaşın

Bakı Apellyasiya Məhkəməsinin MK-na

İddiaçı: hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

 fiziki şəxs (VÖEN: 1401582432): İsmayılzadə Telman Feyruz oğlu

                     Ünvanı: AZ 1009, Bakı şəhəri, Nəsimi r-n, Əlimərdan Bəy Topçubaşov ev-37, mən.-2

Faktiki olduğu yer: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: 050-200-66-10, 012-564-42-08

XAHİŞ: Suraxanı Rayon Məhkəməsinin (hakim: Namiq Cəfərov, iş N 2(010)-2278/2012) 06 avqust 2012-ci il tarixli qətnaməsinə dair

 APELLYASİYA ŞİKAYƏTİ

 Möhtərəm hakim!

Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(010)-2278/2012 saylı qətnaməsi ilə mənim cavabdeh Beybutova Könül Mahmud qızına qarşı “Müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə” iddiamın təmin olunmaması qət edilmişdir.

Qətnamənin surəti mənə 29 avqust 2012-ci ildə poçt vasitəsilə təqdim edilib.

Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.

 1. Maddi hüquq normaları pozulub, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilib və tətbiq edilmiş maddi hüquq normaları səhv təfsir edilib.

 a) Birinci instansiya məhkəməsi cavabdehlə aramızda bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəvdinin qanunvericiliyin göstərişlərinə zidd olduğunu qeyd etmiş və bu mövqeyini əsaslandırmaq üçün AR Konstitusiyasının 35-ci maddəsinin ikinci bəndinə istinad etmişdir.

Həmin maddəyə əsasən, Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”.

Birinci instansiya məhkəməsi qətnamədə qeyd edilən maddi hüquq normasını təfsir edərkən, mübahisəli əmək müqaviləsində cavabdehin əmək müqaviləsini pozacağı təqdirdə mənə 10 000 manat ödəmək öhdəliyinin müəyyən edilməsi, cavabdehin işdən çıxmaq istəyinin qarşısının alınması, onun işləməyə məcbur edilməsi kimi qəbul olunduğunu qeyd etmişdir.

Halbuki, məhkəmə nəzərə almamışdır ki, AR Konstitusiyasının 35-ci maddəsinin ikinci bəndində göstərilən müddəa işçiyə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ verir. Cavabdeh də, mənimlə birlikdə işləmək üçün mənə müraciət etməklə həmin konstitusion hüququndan istifadə edib. Nəzərə alsaq ki, hazırki mübahisə cavabdehlə aramızda bağlanmış mübahisəli əmək müqaviləsinin işçi tərəfindən əsassız olaraq pozulması nəticəsində mənə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır, deməli, hazırki mübahisəyə AR Konstitusiyasının 35-ci maddısinin ikinci bəndinin tətbiq edilməsi və maddənin məhkəmə tərəfindən təfsir olunmuş forması tamamilə qanunsuz və əsassızdır.

 b) Qətnamədə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə istinad edilmiş və işçinin əmək müqaviləsini pozmaq hüququnun azad olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə Əmək Məcəlləsinin 69-cu  maddəsini əsas gətirərək, qanunvericilikdə əmək müqaviləsinə xitam verilərkən işçinin üzərinə pul öhdəliyinin qoyulmadığını qeyd edib və mübahisəli əmək müqaviləsinin 9.5.1-ci bəndini işçinin əmək müqaviləsinə xitam vermək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirib.

Möhtərəm hkimlər!

Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan əqdlər, eləcə də, əmək müqaviləsi müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşması ilə bağlanır və müqavilədə müəyyən olunan şərtlər müqavilə üzrə tərəflər arasında tam razılaşdırıldıqdan sonra imzalanaraq qüvvəyə minir. Mənimlə cavabdeh arasında bağlanmış mübahisəli əmək müqaviləsində nəzərdə tutulan bütün şərtlər, eləcə də, müqavilənin 9.5.1-ci bəndində göstərilən şərt müqavilə bağlanarkən cavabdehə izah edilmiş və müqavilənin şərtləri ona aydın olduqdan sonra onun tərəfindən imzalanmışdır.

Onu da qeyd edim ki, mövcud qanunvericiliyimizdə, əmək müqaviləsində müqaviləyə işçi tərəfindən  xitam verilərkən işçinin işəgötürənə vurduğu zərərin əvəzi olaraq hər hansı məbləğdə kompensasiyanın nəzərdə tutulmasını qadağan edən hər hansı nörma müəyyənləşdirilməmişdir.

Belə olan halda, birinci instansiya məhkəməsinin AR ƏM-nin  75-ci maddəsinin 5-ci bəndinə istinad etməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki, cavabdehlə aramızda bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndi cavabdehin Əmək Məcəlləsində nəzərdə tutulan hər hansı hüquqlarını pozmur, əksinə, bu, onun və mənim müqavilə azadlığı hüquqlarımızın təminatı kimi qiymətləndirilməlidir.

 c) Birinci instansiya məhkəməsi qətnamədə göstərib ki, guya əmək qanunvericiliyinin mənasına görə zərərin əvəzinin qabaqcadan müəyyən edilməsi mümkün deyil, buna görə də, mübahisəli əmək müqaviləsi həmin maddi hüquq normasına zidddir.

Məhkəmə özünün bu mövqeyini əsaslandırmaq üçün AR Əmək Məcəlləsinin 192-ci maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, “Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır”.

Qeyd edilən maddənin məzmunundan da aydın görsənir ki, həmin maddi hüquq norması vurulmuş zərərin həcminin dəyərləndirilməli olduğu anı deyil, tərəflərin maddi məsuliyyətinin yarandığı anı müəyyən edir ki, bu da, tərəflərin özlərinə vurulan zərərin həcminin əvvəlcədən müəyyənləşdirilməsini qadağan etmir.

2. Tətbiq edilməli maddi hüquq norması tətbiq edilməyib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə mənim aramda bağlanmış 18 avqust 2010-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh 5 (beş) il müddətinə mənim rəhbərliyim altında çalışmalı idi. Lakin cavabdeh öz öhdəliklərini sonadək icra etməmiş, heç bir xəbərdarlıq etmədən və üzrlü səbəb olmadan işə çıxmamışdır.

Halbuki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər”.

Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən,Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”.

Cavabdehlə aramızda bağlanmış 13 avqust 2010-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh 5 (beş) il müddətində mənim təqsirim olmadan əmək müqaviləsini birtərəfli qaydada pozacağı təqdirdə mənə 10 000 manat ödəməsi barədə öhdəlik götürmüşdür.

Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən,Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür”.

Cavabdeh isə, aramızda bağlanmış müqavilənin ləğv edilməsi barədə mənə heç bir təklif etməmiş və bizim aramızda bu barədə razılaşma olmamışdır.

Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

Mülki Məcəllənin 430-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir”.

Cavabdehlə aramızda bağlanmış 13 avqust 2010-cu il tarixli əmək müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün nə müqavilədə nə də Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmamışdır.

Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, ”Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.

Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”.

Möhtərəm hakimlər!

Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad etməli olduğu halda, bunu etməyib. Əgər həmin maddi hüquq normaları tətbiq edilsəydi, iddianın tamamilə qanuni və əsaslı olduğu bir daha öz təsdiqini tapardı.

3. Prosessual hüquq normaları pozulub, bu isə mənim hüquqlarımı pozan qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnib.

Birinci instansiya məhkəməsi qətnamədə cavabdehin məhkəmə iclasında verdiyi şifahi izahata istinad etmiş, mənim cavabdehi zəruri müştəri kontingenti ilə təmin etməli olduğumu (əmək müqaviləsinin 4.25.2-ci bəndi), əmək müqaviləsinin pozulmasının səbəbinin üzrsüz olmasını sübut etmək vəzifəsinin mənim üzərimə düşdüyünü və bu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyimi qeyd etmişdir.

Birinci instansiya məhkəməsinin bu arqumenti əsassız olmaqla yanaşı, eyni zamanda normal məntiqdən tamamilə uzaqdır. Çünki, mən iddia ərizəmdə də qeyd etmişdim ki, cavabdeh K.M.Behbutova onunla aramızda bağlanmış əmək müqavilənin şərtlərini pozaraq, 05 may 2011-ci il tarixdən etibarən işə gəlməmiş, bununla da, aramızda bağlanmış müqaviləni şifahi qaydada pozduğu barədə iradə ifadə etmişdir.

Göründüyü kimi, cavabdehlə aramızda bağlanmış müqavilənin mənim təqsirim üzündən və ya üzrlü səbəbdən pozulmadığı aşkardır.

Birinci instansiya məhkəməsi cavabdehin əmək müqaviləsinin şərtlərini pozaraq işə çıxmamasını, bununla da əmək müqaviləsini mənim təqsirim və ya üzrlü səbəblərim olmadan ləğv etdiyini mənim sübut etməyimi tələb etmişdir.

Məhkəmə bunu məndən, cavabdehin məhkəmə iclasında mənim onu müştəri kontingenti ilə təmin etmədiyim və ondan hər ay 100 manat pul tələb etdiyim, əmək müqaviləsinin ləğvinə də məhz bu halın səbəb olduğu barədə izahat verdiyinə görə tələb edib.

Lakin, mən, cavabdehin mövqeyinin əksini sübut etməyə borclu deyiləm. Çünki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.

Lakin cavabdeh mənim onu müştəri ilə təmin etmədiyim və ondan hər ay 100 manat pul tələb etdiyim barədə bildirdiklərini məhkəmə iclasında sübut edə bilməmişdir.

Birinci instansiya məhkəməsi, cavabdehin AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydalarının pozduğu və qaydaların pozaulması nəticəsində mənə maddi ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyimi göstərmişdir.

Halbuki, cavabdehin əmək müqaviləsini ləğv etmə qaydalarını pozduğu və bunun nəticəsində mənə ziyan vurulduğu iş materialları ilə tam sübuta yetirilmişdir.

Belə ki, mən, cavabdehi işə götürərkən, aramızda bağlanmış müqaviləyə əsasən cavabdehi zəruri müştəri kontingenti ilə təmin etməyi, onun iş yerinin reklamı ilə bağlı xərcləri öz hesabına qarşılamağı, istehsalat zamanı işçinin qəsdi ilə bağlı olmayan istehsalat xəsarətlərinə görə onu müalicə etdirməyi, müalicə və dərman xərclərini qarşılamağı və onu həmin vəziyyətdə müvafiq işlə təmin etməyi, peşəsinin sirrlərinə yaxşı yiyələnməsi üçün onu öyrətməyi və müasir texniki avadanlıqlarla təmin etməyi öz öhtəliyimə götürmüşəm və bu öhdəliklərimi vaxtında icra etmişəm. Mənim sayəmdə cavabdeh öz peşəsinin sirlərinə tam yiyələnmiş və kifayət qədər müştəri kontingenti qazanmışdır. Mən, bütün bunları ona görə edirdim ki, cavabdeh 5 (beş) il müddətində mənimlə birlikdə çalışsın və müqavilə üzrə öhtəliklərini icra etsin. Cavabdeh mənimlə bağladığı müqavilə üzrə öhdəliklərini sonadək icra etməmiş, aldığım müasir texniki avadanlıqlardan istifadə etməklə manikür sənətinin incəliklərinə yiyələnmiş, aramızda bağlanmış müqaviləni bir tərəfli qaydada heç bir üzrlü səbəb olmadan pozmaqla, həmin texniki avadanlıqlardan götürməli olduğum gəlirdən məni məhrum etmişdir.

Hal-hazırda, mən cavabdehin əvəzinə başqa bir işçi götürərək, indiyə kimi cavabdehə öyrətdiklərimi ona öyrətməliyəm ki, cavabdehin əməyi vasitəsilə əldə etdiyim gəliri 1 il sonra əldə etməyə başlayım. Bu isə mənə, faktiki olaraq, külli miqdarda ziyan vurma kimi qiymətləndirilməlidir.

Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə mənim aramda bağlanmış 18 avqust 2010-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh 5 (beş) il müddətinə mənim rəhbərliyim altında çalışmalı idi. Lakin cavabdeh öz öhdəliklərini sonadək icra etməmiş, heç bir xəbərdarlıq etmədən və üzrlü səbəb olmadan işə çıxmamışdır.

Halbuki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər”.

Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən,Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür”.

AR Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, “217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”.

Yuxarıda qeyd edilənlərə və MPM-nin 384.0.2, 385.1.1 – 385.1.4,  386, 387.1 və 388-390-cı maddələrinə əsasən,

 X A H İ Ş    E D İ R Ə M:

 Suraxanı Rayon Məhkəməsinin (hakim: Namiq Cəfərov, iş N 2(010)-2278/2012) 06 avqust 2012-ci il tarixli  qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edəsiniz.

 Qoşma: — Apellyasiya şikayətinin surəti,

             — Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

28 sentyabr 2012-ci il

                             İmza:                                                        / T.F.İsmayılzadə /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir