T Ə K L İ F – “Azər-Türk Bank” ASC-nın idarə heyətinin sədrinə – “17 sentyabr 2014-cü il tarixli, 01 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”

Paylaşın

“Azər-Türk Bank” ASC-nın idarə heyətinin sədrinə
Surəti: (məlumat üçün) Azərbaycan Respublikasının Maliyyə Naziri S.Şərifova
17 sentyabr 2014-cü il tarixli, 01 saylı “Krediti Müqaviləsi” üzrə
Borclu: Dünyamalıyev Ələddin Hüseyn oğlu tərəfindən,
Ünvanı: Bakı şəhəri, Sabunçu ray.,Bakıxanov qəs., R.Qəmbərov küç., ev-12, mən.-51
Əlaqə tel.: (070) 993-99-99

“17 sentyabr 2014-cü il tarixli, 01 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”

T Ə K L İ F

Hörmətli sədr!
Həmin müqavilə ilə mən, “Azər-Türk Bank”- dan 36 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə, 620 000 (altı yüz iyirmi min ) ABŞ dolları məbləğində hesab xətti açılıb. Mən həmin xətt üzrə 560 000 ABŞ dolları kredit götürmüşəm.
Bu günədək həmin müqavilə üzrə 100 000 ABŞ dolları ödəmişəm .
20 fevral 2015-ci ildə Azərbaycan manatının birinci, 34 faizlik devalvasiyasından sonra və 22 dekabr 2015-ci ildə Azərbaycan manatının 2-ci dəfə, 50 faizdən artıq devalvasiyası ölkəmizdə biznes mühitinə çox ağır zərbə vurmuş, həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556 və 557-ci maddələrinə əsasən,
556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.
Hörmətli sədr!
Bu günkü manatın ABŞ dollarına nisbətdə məzənnəsi faktik olaraq, 100 faizdən də çox aşağı düşmüş və vəziyyət pisləşməyə doğru davam etməkdədir.
Iqtisadiyyatda məşhur olan aşağıdakı prinsipə əməl edilməsini zəruri edən bir şərait yaranmışdır: “ Daha çox ziyan çəkməmək üçün vaxtında az ziyanı qəbul etmək lazımdır”.
Hörmətli sədr!
Artıq mənə də və sizə də aydındır ki, həmin müqavilə üzrə öhdəliklərimi obyektiv səbəblərdən, yəni bizdən asılı olmayan səbəblərdən yerinə yetirə bilməyəcəyəm.
Bu gün biz, bir müqavilənin iki tərəfi olan və bu müqavilə imzalanarkən o vaxtkı şərtlər daxilində normal gəlir götürəcəyini güman edən mən və rəhbərlik etdiyiniz sizin bank, indi qarşılıqlı olaraq az ziyanları qəbul etməsək, gələcəkdə daha böyük ziyanlar çəkəcəyimiz mütləqdir.
Belə ki, mən öhdəliyimi icra edə bilməyəcəyəm, yəni sizə olan borcumu yeni məzənnə ilə qaytara bilməyəcəyəm. Siz məni məhkəməyə verəcəksiniz. Məhkəmə aylarla, bəlkə də illərlə uzanacaq. Son nəticədə, məhkəmə qətnaməsi ilə ödəmə, borcun təminatı kimi girov qoyduğum və bank tərəfindən o vaxtkı məzənnə ilə, yəni bir manatın 0, 78 ABŞ dolları olduğu vaxtda, 780 000 manat ( o vaxtkı məzənnə ilə
1 000 000 dollar ) qiymət qoyduğunuz obyektin qiyməti, bir ildən sonra 100 000 (yüz min)dollar da olmaya bilər. Həmin obyektdən başqa isə, mənim satıb sizə ödəməyə, şəxsi həyatımdan başqa heç nəyim yoxdur.
Hörmətli sədr!
Ona görə də mən sizə aşağıdakı təklifi edirəm:
Bu gün mənim həmin obyektimə 600 000 manat ödəyən müştəri var. Bu məbləğ müqavilə imzalanan zaman qüvvədə olan məzənnə ilə 770 000 dollar, birinci devalvasiyadan sonrakı məzənnə ilə 571 000 dollar, indiki məzənnə ilə isə, 387 000 dollar edir.
Təkrar edirəm! Bu gün obyekti bu qiymətə satıb, sizə həmin məbləği ödəyə bilməsəm, bir müddətdən sonra, bu da mümkün olmayacaqdır.
Ona görə də xahiş edirəm:
1. Ya həmin obyekti bankın mülkiyyətinə götürməklə mənim borclarımı bağlayasınız,
2. Ya da həmin obyekti 600 000 manata indiki müştəriyə satmağa şərait yaradıb məbləğin hamısını bankın hesabına köçürməklə borcumu bağlayasınız.
Onu da nəzərə almağınızı xahiş edirəm ki, indiki müştəri son bir ildə obyekti, real olaraq, həmin qiymətə almaq istəyən yeganə şəxsdir və Azərbaycandan kənarda yaşadığı üçün tələsir.
Hörmətli sədr!
Xahiş edirəm, təklifimi anlayışla qarşılayıb nəzərə alasınız və 3 gün müddətində mənə cavab verəsiniz.
Əks təqdirdə, mən, AR Mülki Məcəlləsinin 337, 339.2, 422, 423, 556, 557 və 714-cü maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam.
Hörmətlə, borclu Dünyamalıyev Ələddin Hüseyn oğlu .

08 yanvar 2016-cı il

İmza: /Ə.H.Dünyamalıyev /