T Ə K L İ F – “BankVTB” (Azərbaycan) ASC-nın 4 saylı “Həzi Aslanov” filialının direktoruna – “30 iyun 2014-cü il tarixli, 127205-1-11445/1 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”
“BankVTB” (Azərbaycan) ASC-nın 4 saylı “Həzi Aslanov” filialının direktoruna
Surəti : (məlumat üçün) “BankVTB” (Azərbaycan) ASC-nın idarə heyətinin sədrinə
30 iyun 2014-cü il tarixli, 127205-1-11445/1 saylı “Kommersiya Krediti Müqaviləsi” üzrə
Borclu: Məmişov Əkbər İsa oğlu tərəfindən,
Ünvanı: Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu
Əlaqə tel.: (050) 202-72- 60
“30 iyun 2014-cü il tarixli, 127205-1-11445/1 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi
barədə”
T Ə K L İ F
Hörmətli sədr!
Bildirirəm ki, mən, 30 iyun 2014-cü ildə Azərbaycan manatı ilə sizin banka 100 000 ( yüz min manat) “biznes krediti” götürmək üçün müraciət etmişdim. Lakin mən xəstəxanada yatarkən bank əməkdaşları tərəfindən 2 ay sonra müqavilə mənə imza etdiriləndə məlum oldu ki, mənim istəyimin əleyhinə olaraq, kredit məbləği mənə manatla yox, ABŞ dolları ilə ödənilir, 100 000 AZN-nin qarşılığında, 127 000 ABŞ dolları verilir. Bunun səbəbi olaraq kassada manatın olmamasını göstərdilər və söz verdilər ki, bankda manat olan kimi müqaviləni dəyişdirəcəklər.
Sonradan mən dəfələrlə, şifahi və yazılı formada kreditin manatla ifadə olunmasını tələb etsəm də, müxtəlif bəhanələrlə məsələnin həlli uzadıldı.
Halbuki, mövcud qanunvericilik Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir və bu qadağa imperativ (məcbur edici) normalarla nəzərdə tutulub.
Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.”
Bu maddənin məzmunundan da göründüyü kimi yerli bankların, yerli vətəndaşlara verdiyi kreditlər yalnız manatla ifadə olunmalıdir. Qanunu bu tələbinə əməl edillməməsi, müqavilənin AR MM-nin 337-ci maddəsinə uyğun olaraq, “etibarsız əqd” kimi mübahisələndirilməsinə əsasdır.
Hörmətli sədr!
Məhs sizin bankın qanunsuz hərəkətləri və lənğliyi nəticəsində, müqavilə milli qanunvericiliyə uyğunlaşdırilmadı və mən, 21 fevral 2015-ci ildə, birinci 34 faizlik devalvaisyadan sonra borcumu yeni məzənnə ilə, yəni 0,78 dollarla yox, 1,05 məzənnəsi ilə ödəməli oldum və nəticədə nəinki müqavilə imzalanarkən ehtimal edilən gəlir əldə etdim, əksinə, çox böyük ziyana düşdüm.
Birinci devalvasiyadan sonra da mən, kredit müqaviləsində göstərilən məbləğin manatla ifadə edilməsini sizdən dönə-dönə xahiş etdim, lakin yenə də müxtəlif bəhanələr, süründürməçilik və ikinci 60-70 faizlik devalvasiya …
Hətta mən, “Əmrahbank”la danışaraq razılaşmışdım ki, sizə olan borcumu dollarla ödəsin və özü mənə manatla yeni kredit xətti açsın. Bu barədə “Əmrahbank”ın ABHD – 2004/15 saylı, 15 dekabr 2015-ci il tarixli, “Qarantiya məktubu” sizə vaxtında təhvil verilsə də, siz müxtəlif bəhanələrlə əsassız olaraq və heç bir ciddi və qanuni əsas göstərmədən “Əmrahbank”ın təklifini də yerinə yetirməyərək, məni indiki problemlərlə üz-üzə qoydunuz.
Başqa sözlə, bu gün mənim ödəmə qabiliyyətimin olmamasının və mövcud problemlərin səbəbkarı sizsiniz. Onu da sizə xatırladım ki, məhz sizin mənə əlverişli kredit şərtləri ilə bağlı vədlərinizə aldanaraq, əvvəl əməkdaşlıq etdiyim “Parabank” və “AGbank”a olan 6 və 20 faizli,
manatla olan borcumu siz mənə zorla bağlatdınız. Faktik olaraq, siz mənim o vaxtkı ağır maddi və sağlamlıq durumumdan istifadə edərək, aldatma yolu ilə bu müqaviləni mənə imzalatmısınız.
Hal-hazlrda mən, ölkədə mövcud olan qanunvericiliyin və mənim iradəmin ziddinə olaraq, sizin bankın əməkdaşları tərəfindən tərtib olunmuş həmin müqavilə üzrə, illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 127 000 ABŞ dolları məbləğində kreditin ödənişlərini, müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilirəm.
Indi mənə məlum olur ki, siz bir bank olaraq manatın belə sürətlə ucuzlaşacağını, ABŞ dolları qarşısında dəyərdən düşəcəyini əvvəlcədən bilmiş və məni aldadaraq bu müqaviləyə imza etdirmisiniz. Görünür, elə buna gorədir ki, 127 000 ABŞ dolları nəqd olaraq mənə verildikdən 3 ay sonra mən xəstəxanada ağır xəstəlikdən yatarkən həmin kredit müqaviləsi və sair sənədlər mənə imzalatdırıdı.
Hörmətli sədr!
AR Mülki Məcəllənin 556-cı maddəsinin tələblərinə görə,
556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
Həmin məcəllənin 557-ci maddəsinə görə,
557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.
Hörmətli sədr!
Mən qanunun mənə verdiyi bu imkanlardan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərimi icra etməkdən imtina da edə bilərəm. Çünki, MM-nin 557-ci maddəsinə uyğun olaraq, əslində, Mərkəzi Bank tərəfindən manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı, həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.
Bu isə hüquqi dildə desək, “ Fors-major” halıdır.
Müqavilənin 10.4-cü bəndində isə yazılıb ki, “fors-mayor halı müqavilə üzrə faizlərin hesablanıb-hesablanmamasına, faiz dərəcəsinin azaldılmasına və digər maliyyə öhdəliklərinin dəyişdirilməsi məsələsinə təsir etmir”.
Bu isə AR MM-nin 556 və 557-ci və MPM-nin 4-cü maddələrinin tələblərinə tamamilə ziddir.
Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən,
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
Bundan başqa, müqavilənin 4.7.1-ci yarımbəndində deyilir ki, “kredit müddətində istənilən vaxt, vaxtından əvvəl ödəniş edildikdə, ödənişin məbləğinin 2 (iki) faizi, (minimum bir AZN və ya kreditin valyutası ekvivalenti) həcmində komissiya tutulur”
Cənab sədr!
Bu bənddə yazılanların sağlam məntiqə zidd olduğu göz qabağındadır. Borcunu vaxtından əvvəl qaytarana, “sağ ol”– deyib, onu mükafatlandırmaq əvəzinə, 2 faiz cərimələmək də sizin bankın kəşfidir. Bu müddəa faktik olaraq, müştəriləri öz borclarını vaxtından əvvəl qaytarmaqdan çəkindirməyə yönəlib. Bu ki, absurtdir!
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələblərinə görə, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə,
faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”.
Qanunun bu tələbi də bank tərəfindən pozulmuş müqavilədə faizlərin bir ilin başında yox, aylar üzrə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu hal da müqavilənin AR MM-nin 337-ci maddəsinə uygun olaraq etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır.
Həmin məcəllənin 422.1-ci yarımmaddəsinə əsasən, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”
Hörmətli sədr!
Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 9 ay ərsində 100 faizdən çox qiymətdən düşməsini, həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini, müqavilə şərtlərinin bəzilərinin mövcud qanunvericiliyə zidd olmasını və müqavilənin vaxtında, məhz sizin təqsiriniz ucbatından milli qanunvericiliyimizə və öncədən aramızda əldə olunmuş razılıqlara uyğunllaşdırılmamasını nəzərə alaraq,
TƏKLİ F EDİRƏM :
1.Müqavilənin 5.1.3-cü bəndnə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Valyutasından fərqlidirsə” sözlərindən sonraki ifadələrin yerinə belə yazılsın: “Bu halda bu müqavilə imzalanarkən qüvvədə olan məzənnəyə uyğun olaraq “kredit alan”nin hesabından silinir”.
2. Müqavilənin 5.1.3-cü bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:
“Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir ”.
3.Müqavilənin 4.2-ci yarımbəndinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Bu müqavilə üzrə əsas borc, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə (Əlavə №1) uyğun olaraq aybaay, illik borc faizləri isə hər bir ilin sonunda ödənilməlidir”.
4.Müqaviləyə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:
“Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 faizdən artıq ucuzlaşması “fors-major” halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir) yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.
5.Müqavilənin 4.7.1-ci yarımbəndi ləğv edilsin.
6.Müqavilənin 10.4-cü yarımbəndi ləğv edilsin.
Hörmətli sədr!
Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.
Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, 30 iyun 2014-cü il tarixli, 127205-1-11445/1 saylı müqavilənin ləğv edilməsi və dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcəyəm.
Hörmətlə, borclu – Məmişov Əkbər İsa oğlu.
09 yanvar 2016-cı il
İmza: /Ə.İ.Məmişov/