“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 yanvar 2013-cü il
№ 5
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması
QAYDASI
- Ümumi müddəalar
1.1. Bu Qayda “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydalarını tənzimləyir.
1.2. Elektron məlumat bankının təşkili məqsədi ilə proqram təminatı və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir.
1.3. Elektron məlumat bankının istifadəçiləri (bundan sonra – istifadəçilər) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır.
1.4. Elektron məlumat bankını uşaqlar haqqında məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki proqram kompleksi təşkil edir.
1.5. Elektron məlumat bankının strukturuna bankın administratorunda olan mərkəzi server və hər bir istifadəçinin bu sistemə qoşulmasını təmin etmək imkanına malik bir və ya bir neçə kompyuterləşdirilən iş yerləri daxildir.
1.6. Uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir.
1.7. Elektron məlumat bankına hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir.
1.8. Elektron məlumat bankına uşaq barəsində məlumatlar daxil edən mərkəzi və yerli icra hakimiyyəti orqanları yalnız bu Qaydanın əlavəsindəki formaya uyğun elektron anketin öz səlahiyyətlərinə aid hissələri üzrə bəndləri doldururlar.
1.9. Elektron məlumat bankı elektron anketə daxil edilmiş məlumatlara əsasən statistik hesablama sisteminə malikdir. Məsələn, məlumat bankının proqramında statistika bölməsinə daxil olmaqla, “a) sağlamlıq imkanları məhdud uşaq” və “b) idman nailiyyətləri olan uşaq” menyularını seçdikdə, idman nailiyyətləri olan sağlamlıq imkanları məhdud olan uşaqların adları və onların sayı barədə məlumat almaq olur. Uşaqların adları üzərinə daxil olmaqla, həmin uşağın elektron anketinə baxmaq mümkündür. Eyni zamanda, uşaq hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin təsnifatını və həmin şikayətlərin icraatını nəzərdən keçirmək də mümkündür.
1.10. Məlumat bankında fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir.
- Elektron məlumat bankının administratoru
2.1. Elektron məlumat bankının idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru həyata keçirir.
2.2. Elektron məlumat bankının administratoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
2.3. Elektron məlumat bankının administratoru elektron məlumat bank sisteminin təhlükəsizliyinə cavabdehlik daşıyır.
2.4. Elektron məlumat bankının administratorunun vəzifələri aşağıdakılardan ibarətdir:
2.4.1. elektron məlumat bankının fasiləsiz fəaliyyətini və daxil edilən məlumatların mühafizəsini təmin edir;
2.4.2. işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət edir;
2.4.3. mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini verir, elektron məlumat bankının mühafizəsini təmin etmək məqsədi ilə istifadəçinin adının, parolunun və digər parametrlərinin dəyişdirilməsi üçün tədbir görür;
2.4.4. elektron məlumat bankında qeydiyyata alınmış uşaq barəsində məlumatları mərkəzi serverə daxil edir;
2.4.5. məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;
2.4.6. bütün işçi stansiyalarda çalışacaq operatorlar tərəfindən proqram təminatından effektiv istifadə olunması üçün treninqlər həyata keçirir;
2.4.7. müvafiq statistik məlumatlar hazırlayır və təhlillər aparır.
2.5. Aşağıdakı hallarda işçi stansiyasının fəaliyyətini məhdudlaşdırır və ya dayandırır:
2.5.1. serverə virus hücumları olduqda;
2.5.2. texniki problemlər yarandıqda;
2.5.3. serverə səhv məlumatlar göndərildikdə.
- Elektron məlumat bankının istifadəçiləri
3.1. Elektron məlumat bankına məlumatların vaxtlı-vaxtında daxil edilməsinə nəzarət etmək və oradan məlumatların alınmasını təşkil etmək üçün elektron məlumat bankının istifadəçisi olan orqanlarda cavabdeh şəxs və məlumatları banka daxil etmək və oradan məlumatları almaq səlahiyyətinə malik operator təyin edilir.
3.2. Cavabdeh şəxs elektron məlumat bankına daxil edilmiş məlumatların düzgünlüyünü, onlarda müvafiq dəyişikliklərin mütəmadi olaraq aparılmasını təmin etməlidir.
3.3. Operator elektron məlumat bankının administratoru tərəfindən müəyyən edilən və ona təhvil verilən istifadəçi adına, parola və digər bağlantı parametrlərinə malik olur.
3.4. İstifadəçilər öz fəaliyyət istiqamətlərinə aid olan informasiyaları xüsusi proqram təminatı vasitəsilə dolduraraq məlumat bankının mərkəzi serverinə ötürürlər.
3.5. Məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə istifadəçi həmin məlumatı 3 (üç) gün müddətində müvafiq qaydada mərkəzi serverə ötürür və ya elektron daşıyıcılarla administratora çatdırır.
3.6. İstifadəçi mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq, yalnız özlərinə aid məlumatlara sərbəst çıxış əldə edə bilər.
3.7. Cavabdeh şəxs və operator vəzifəsini icra edən şəxslər digər şəxslərlə əvəz edildiyi təqdirdə istifadəçi bu barədə administratora dərhal məlumat verir.
- Məlumat bankından məlumatların alınması qaydaları
4.1. Dövlət orqanları, hüquqi və fiziki şəxslər məlumat bankından məlumat almaq üçün bilavasitə məlumat bankının administratoruna sorğu vasitəsilə müraciət edirlər.
4.2. Daxil olan sorğu administrator tərəfindən öyrənilir və sorğunun daxil olduğu gündən 7 (yeddi) iş günü müddətində onun icrası təmin edilir.
4.3. Məlumat bankından statistik məlumatlar adsızlaşdırılmış şəkildə verilir. Fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada verilir.
4.4. Məlumat bankında toplanmış məlumatların konfidensiallığı administrator tərəfindən təmin edilir.
- Yekun müddəalar
5.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək istifadəçi tərəfindən dövlət orqanlarında hər bir uşağa dair mövcud olan məlumatlar 6 (altı) ay müddətində elektron məlumat bankına daxil edilməlidir.
5.2. Elektron məlumat bankında qeydiyyata alınmış uşağın elektron anketi 18 yaşına çatdıqdan 25 (iyirmi beş) il sonra məhv edilir.
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na
ƏLAVƏ |
Elektron anketin forması
- Uşağın adı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın soyadı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın atasının adı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın Fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın doğum tarixi (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın doğumunun qeydiyyata alındığı yer (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnaməsinin seriya və nömrəsi (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın yaşadığı ünvan (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi).
- Uşağın atasının vətəndaşlıq vəziyyəti və doğum tarixi, ölüm tarixi (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın anasının vətəndaşlıq vəziyyəti və doğum tarixi, ölüm tarixi (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın atasının yaşadığı ünvan (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi).
- Uşağın anasının yaşadığı ünvan (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi).
- Uşağın digər ailə üzvlərinin sayı – qardaş və bacılarının adı, soyadı, atasının adı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın qardaş və bacılarının yaşadıqları ünvan (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi).
- Uşağın valideynlərinin nikah vəziyyəti – nikahın qeydə alındığı tarix və nikah pozulmuşdursa, pozulma tarixi (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağın atasının məşğulluq vəziyyəti – işsiz və ya məşğul olması, fəaliyyət növü, əmək miqrantı olub-olmaması barədə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti).
- Uşağın anasının məşğulluq vəziyyəti – işsiz və ya məşğul olması, fəaliyyət növü, əmək miqrantı olub-olmaması barədə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti).
- Uşağın himayədə və ya qəyyumluqda olması – himayəsində olduğu təşkilat və ya şəxs barədə; uşaq valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olmuşdursa, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix; övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanı).
- Uşağın qeydiyyatda olduğu səhiyyə müəssisəsi – ünvanı və sahə həkiminin adı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi).
- Uşağın sağlamlıq tarixçəsi – peyvəndlər, keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və sağlamlıq imkanları barədə məlumat (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi).
- Uşağın müalicə aldığı səhiyyə müəssisəsi – adı, ünvanı və telefon nömrəsi, müəssisədə keçirilmiş monitorinqin tarixi və nəticələri, nəzarətində olduğu tibb işçisinin adı, soyadı və telefon nömrəsi (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi).
- Uşağın təhsil aldığı müəssisə – adı, ünvanı və telefon nömrəsi, həmin müəssisədə keçirilmiş monitorinqin tarixi və nəticələri, hər 6 (altı) aydan bir uşağın təhsilə davamiyyəti haqqında yenilənmiş məlumat, əgər evdə təhsil alırsa, bu barədə qeyd (Azərbaycan Respublikasının Təhsil Nazirliyi).
- Uşağın xüsusi təhsil nailiyyəti – fənnin növü, olimpiadanın tarixi və yeri (Azərbaycan Respublikasının Təhsil Nazirliyi).
- Uşağın xüsusi idman nailiyyəti – idmanın növü, yarışmanın tarixi və yeri (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi).
- Uşağın üzv olduğu idman dərnəyi – dərnəyin ünvanı və uşağın üzv olduğu tarix (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi).
- Uşağın asudə vaxtını təmin edən istirahət düşərgəsi – düşərgənin adı, yeri, uşağın istirahət düşərgəsinə gəldiyi və getdiyi tarix (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi).
- Uşağa təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər – növlər üzrə ayrı-ayrılıqda (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu).
- Uşağa ünvanlı sosial yardım təyin edilmişdirsə, məbləği və verilmə müddəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi).
- Uşağa təyin edilmiş aliment və onun məbləği, alimentin təyin edildiyi müddət, verilmə ardıcıllığı barədə hər 6 (altı) aydan bir yenilənmiş məlumat (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşağa və onun valideynlərinə yönləndirilmiş sosial xidmətlər – xidmətin göstərilmə səbəbi, xidmətin növü, xidməti göstərən müəssisə və onun ünvanı, xidməti göstərən müəssisədə keçirilmiş monitorinqin tarixi və nəticələri, xidmətin başlama və bitmə tarixləri (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ).
- 15 yaşından yuxarı uşağın məşğulluq vəziyyəti – iş yeri, işə qəbul olunduğu və ya məşğulluq orqanında işsiz olaraq qeydiyyata alındığı tarix (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi).
- Uşağın hüquqpozmaları – cinayət və yaxud inzibati xəta üzrə məsuliyyət müəyyən edən məcəllələrin müvafiq maddəsi, məhkəmə qərarı, cəza çəkdiyi müəssisə, cəzanın bitdiyi tarix, cəza çəkdiyi müəssisədə keçirilmiş monitorinqin tarixi və nəticələri (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşaqla bağlı həyata keçirilmiş tərbiyəvi tədbirlər – təlim-tərbiyə müəssisəsinin adı və yerləşdiyi ünvan, uşağa tətbiq edilmə tarixi, müəssisədə keçirilmiş monitorinqin tarixi və nəticələri (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi).
- Uşağa qarşı hüquqpozmalar – hüquqpozmanı qeydə alan hüquq mühafizə orqanı, hüquqpozmanın qeydəalınma tarixi, cinayət və yaxud inzibati xəta üzrə məsuliyyət müəyyən edən məcəllələrin müvafiq maddəsi, məhkəmə qərarı, hüquq pozuntusunu törədənə qarşı görülmüş tədbirlər (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanı).
- Yetkinlik yaşına çatmayan qız dünyaya körpə gətirmişdirsə – uşağın doğulduğu yer və tarix, doğulmuş uşağın sağlamlıq vəziyyəti (çəkisi, boyu, xəstəliyi) doğulmuş uşağın atasının adı, soyadı, təvəllüdü və yaşayış yeri (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
- Uşaq ölmüşdürsə – onun ölümünün qeydiyyatı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi).
- Uşağın hüquqları ilə bağlı qəbul edilmiş ərizə, şikayət və müraciətlərin səbəbləri, onların icraata götürülmə və işə xitam verilmə tarixi (istifadəçilər).