“uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə” İDDİA ƏRİZƏSİ Xətai Rayon Məhkəməsinə İddiaçı: Vəlicanov Ağabala Vəlican oğlu

Paylaşın

Xətai Rayon Məhkəməsinə

 

İddiaçı: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

Cavabdeh: Vəlicanova Samirə Səməndər qızı

Ünvanı: Bakı şəh., General Şıxlinski küç., ev-37, mən.-30

XAHİŞ: “uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə”

İDDİA ƏRİZƏSİ

 

Möhtərəm hakim!

Mən cavabdeh Vəlicanova Samirə Səməndər qızı ilə 01 mart 2000-ci ildə rəsmi nikaha girərək ailə qurmuşam. Onunla birgə nikahımızdan 16 sentyabr 1999-cu il təvəllüdlü Vəlicanlı Vəlican  Ağabala oğlu, 23 dekabr 2001-ci il təvəllüdlü Vəlicanlı Nərmin Ağabala qızı, 10 aprel 2005-ci il təvəllüdlü Vəlicanlı Nərgiz Ağabala qızı və 28 iyul 2010-cu il təvəllüdlü Vəlicanlı Bəylər Ağabala oğlu adlı dörd övladımız olmuşdur.

Xətai Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və azyaşlı övladlarımın onun himayəsində saxlanılması qət edilmişdir.

Mən, azyaşlı övladlarımla görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsəm də, cavabdeh bizim görüşümüzə mane olur, öz övladlarımla görüşməyim üçün mənə şərait yaratmır. Bu isə, azyaşlı övladlarımın psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Belə ki, azyaşlı övladlarım anası tərəfindən mənimlə mütəmadi və sistemli görüşə buraxılmadıqlarına görə vaxtlı-vaxtında  ata qayğısı görmədiyi və normal mühitdə yaşamadıqları üçün  narahat ola və ya xəstələnə bilərlər.

Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən, “49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir”.

Həmin Məcəllənin 50.2 və 50.3-cü maddələrinə əsasən, “50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir”.

Həmin Məcəllənin 58.1 və 58.2-ci maddələrinə əsasən, “58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar”.

Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən,Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir”.

Ailə Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş bütün hüquq və vəzifələr borclu tərəfindən pozulur və onlara əməl edilmir.

Bütün bunlar nəzərə alınaraq, azyaşlı övladlarım 16 sentyabr 1999-cu il təvəllüdlü Vəlicanlı Vəlican  Ağabala oğlu, 23 dekabr 2001-ci il təvəllüdlü Vəlicanlı Nərmin Ağabala qızı və 10 aprel 2005-ci il təvəllüdlü Vəlicanlı Nərgiz Ağabala qızının həftənin 3 günü (cümə, şənbə, bazar) mənimlə, həftənin 4 günü isə (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı) cavabdehlə  saxlanılması, 28 iyul 2010-cu il təvəllüdlü Vəlicanlı Bəylər Ağabala oğlunun isə, 2 yaşı olduğu üçün mütəmadi ana qayğısına ehtiyacı olduğu nəzərə alınaraq həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək mənimlə birlikdə saxlanılması barədə qətnamə qəbul edilməlidir.

Azyaşlı övladlarımın doğum haqqında şəhadətnamələri  cavabdehdə olduğu üçün, həmin şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətlərinin MPM-nin 78.2-ci maddəsinə uyğun olaraq, cavabdehdən məhkəmə vasitəsilə tələb edilərək iş materiallarına əlavə edilməsini xahiş edirəm.

Yuxarıda qeyd edilənlərə və MPM-nin 149-150-ci maddəsinə əsasən,

 

XAHİŞ EDİRƏM:

 

Azyaşlı övladlarım 16 sentyabr 1999-cu il təvəllüdlü Vəlicanlı Vəlican  Ağabala oğlu, 23 dekabr 2001-ci il təvəllüdlü Vəlicanlı Nərmin Ağabala qızı və 10 aprel 2005-ci il təvəllüdlü Vəlicanlı Nərgiz Ağabala qızının həftənin 3 günü (cümə, şənbə, bazar) mənimlə, həftənin 4 günü isə (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı) cavabdehlə  saxlanılması, 28 iyul 2010-cu il təvəllüdlü Vəlicanlı Bəylər Ağabala oğlunun isə həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək mənimlə birlikdə saxlanılması barədə qətnamə qəbul edəsiniz.

Qoşma: — İddia ərizəsinin surəti,

              — Dövlət rüsumunun ödənilməsi barədə qəbz,

              — Xətai Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qətnaməsinin surəti,

              — Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial

                 qaydada təsdiqlənmiş surəti.

                     

24 avqust 2012-ci il

                                         İmza:                                    / A.V.Vəlicanov /

3 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir