Vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə İ D D İ A Ə R İ Z Ə S İ (İPM-nin 34.1-ci maddəsinə uyğun olaraq) Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə

Paylaşın

 Azərbaycan Respublikası

 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə

 

İddiaçı: Türkiyə Cumhuriyyətinin vətəndaşı

Mehmet Okur Hicabi oğlu

Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-08

Cavabdeh: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti

Ünvanı: Az-1008, Bakı şəh., Ş.İ.Xətai prospekti 9

 

 

Vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə

İ D D İ A     Ə R İ Z Ə S İ

(İPM-nin 34.1-ci maddəsinə uyğun olaraq)

Möhtərəm hakim!

İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən,Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər”.

Mən 2000-ci ildə Azərbaycan Respublikasına gələrək, Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi  ilə “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” 16.06.2000-ci il tarixli müqavilə bağlamışam. Həmin müqaviləyə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindən 4891 kv.m sahə, hər ay 200 (iki yüz) ABŞ dolları ödənilmək şərti ilə 27 il müddətinə, yəni 2027-ci ilədək mənim istifadəmə və qanuni sahibliyimə verilmişdir.

Mən, uzun müddət, yəni 2000-ci ilin iyun ayından 2011-ci ilin avqust ayınadək, icarəmdə olan sahədə öz şəxsi vəsaitim hesabına əsaslı təmir işləri aparmışam, boş sahəni futbol məktəbi kimi işlətmək üçün bütün lazımi avadanlıqlarla təchiz etmişəm, 4 ədəd futbol meydançası üçün, hər kv.m-i 60 manat olmaqla 4000 kv.m (cəmi dəyəri 240 000 manat) süni xalçalar, dəmir setkalar, işıqlandırıcı projektorlar və s., almışam, məktəbin inzibati binasında böyük həcmli hamam, istirahət otaqları, paltar dəyişmə otaqları, yeməkxana, qəbul otağı, iş otağı, sinif otağı inşa etdirmişəm, həmin otaqların istilik sistemi, daimi su, elektrik enerjisi və qaz yanacağı ilə təmin edilmələri üçün zəruri avadanlıqlar, digər mebel və məişət əşyaları, məktəbin şagirdlərinin istifadə etmələri üçün idman geyimləri, top və s. almışam. Yuxarıda qeyd edilən əmlakların ümumi dəyəri 650 000 (altı yüz əlli min) manatdan çox olmuşdur.

Lakin, 17 yanvar 2012-ci ildə Nərimanov RİH-nin əməkdaşları polis işçiləri ilə birlikdə mənim icarəmdə olan sahəyə daxil olmuş, 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Avroviziya 2012 mahnı müsabiqəsinə hazırlıq tədbirləri ilə əlaqədar qanuni sahibliyimdə olan futbol məktəbinin dərhal sökülməli olduğunu və mənim ərazini tərk etməli olduğumu bildirmişlər. Mən onların bu tələbinin qanunsuz olduğunu və qüvvəyə minmiş məhkəmə qərarı olmadan futbol məktəbinin sökülməsinə imkan verməyəcəyimi bildirsəm də, cavabdehin əməkdaşları məktəbin sökülməsində Mehriban xanım Əliyevanın xüsusi tapşırığının olduğunu bildirdi və polis əməkdaşları məni sahibliyimdə olan ərazidən güc tətbiq edərək zorla  çıxardılar. Bu zaman mən əmlakımı müdafiə etməyə çalışarkən, polis əməkdaşları məni saxlayaraq Nərimanov RPİ-nin 18-ci PB-nə aparmış, Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları isə hüquq mühafizə orqanının işçiləri ilə birlikdə mənim qanuni sahibliyimdə olan futbol məktəbini – 4 ədəd futbol meydançasını, məktəbin inzibati binasını və inzibati binanın içindəki şəxsi əşyalarımı dağıtmış və tam yararsız hala salmışlar. Bununla da, cavabdeh tərəfindən mənə külli miqdarda maddi zərər vurulmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, “21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

Mən Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi ilə müqavilə bağlayarkən ümid edirdim ki, mən 27 il ərzində həmin ərazini futbol məktəbi kimi istifadə etməkdə, davam etdirəcək, fəaliyyət sahəmi bir az da genişləndirməklə daha çox gəlir əldə edəcəyəm. Bunun üçün istifadəmə verilmiş torpaq sahəsində futbol məktəbi yaradaraq fəaliyyətə başlayarkən, aldığım bütün avadanlıqların və əşyaların hamısı keyfiyyətli və bahalı olmuşdur. Futbol məktəbi mənim tərəfimdən mütəmadi olaraq əsaslı və kosmetik təmir işləri aparılmış, daima yenilənmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mən əldə edəcəyim gəlirdən məhrum olmuşam. Nəzərə alsaq ki, mən futbol məktəbi açaraq fəaliyyətə başladığım vaxtdan etibarən fəaliyyətim nəticəsində kifayət qədər gəlir əldə etmişəm, deməli bundan sonra da fəaliyyətimə maneəsiz davam etsəydim hər il ən azı 16 600 manat olmaqla, 2027-ci ilədək 250 000 (iki yüz əlli min) manat gəlir əldə etmiş olardım ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mən əldə edəcəyim gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşam.

Möhtərəm hakim!

Mən uzun müddətdir ki, Azərbaycan Respublikasında ən yaxşı futbol məktəbinə rəhbərlik edirəm. Buna görə də, hər kəs məni işini bacarıqla yerinə yetirə bilən işgüzar şəxs kimi tanıyır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mənə qarşı qanunsuz hərəkət edilərək əmlakımın qanunsuz olaraq dağıdılması nəticəsində mənim uzun illər boyu qazandığım işgüzar nüfuzuma ciddi zərər dəymiş, məni ciddi iş adamı kimi tanıyan hər kəsin yanında özünü müdafiə etməyi belə bacarmayan şəxs kimi hörmətdən düşmüşəm və nəticədə, Azərbaycanlı həmkarlarım arasında mənə qarşı mənfi fikir formalaşmışdır.  Bununla da mənim işgüzar nüfuzuma ciddi zərər dəymiş, mənə külli miqdarda ziyan vurulmuşdur.

Mənim işgüzar nüfuzuma vurulmuş zərərin dəyəri qiymətsiz olsa da, mən bu zərəri 300 000 (üç yüz min) manat həcmində dəyərləndirirəm.

Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin”.

Möhtərəm hakim!

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, mənimlə əvvəlcədən razılaşdırılmadan, 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Avroviziya 2012 mahnı müsabiqəsinə hazırlıq məqsədi ilə, cavabdeh tərəfindən, qanuni sahibliyimdə olan futbol məktəbindən zorla çıxarılmağım və mülkiyyətimdə olan əmlakın tamamilə məhv edilməsi nəticəsində mənə ümumilikdə 1 200 000 (iki milyon iki yüz əlli min) manat həcmində zərər vurulmuşdur.

AR Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”.

Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”.

Mən uzun müddət, yəni 2011-ci ilin avqust ayınadək, icarəmdə olan sahədən futbol məktəbi kimi maneəsiz istifadə etsəm də, 2011-ci ilin avqust ayında Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi ilə aramızda mübahisə yaranmış və T.Bəhramov adına Respublika stadionunun rəhbərliyi “qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.06.2000-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

Mən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qərarından apellyasiya şikayəti vermişəm və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 04 aprel 2012-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2iq(82)-1957/2011 saylı iş üzrə qəbul etdiyi 21 noyabr 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, mənim apellyasiya şikayətimin təmin edilməməsi, apellyasiya şikayəti üzrə ödənilmiş 6 manat dövlət rüsumunun mənim özümə aid edilməsi qət edilmişdir.

Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət vermişəm.

Yəni, həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi bu gün də qanuni qüvvəyə minməmişdir.

Yuxarıda qeyd edilənlərə və İPM-nin 34.1, 45 və 45-cı maddələrinə əsasən,

 

XAHİŞ EDİRƏM:

 

– T.Bəhramov adına Respublika Stadionunun yaxınlığında qurduğum, ümumi sahəsi 4800 kv.m olan 5 ədəd mini futbol stadionunun cavabdeh tərəfindən dağıdılması nəticəsində mənə dəymiş 650 000 (altı yüz əlli min) manat məbləğində maddi ziyanın,

– İşgüzar nüfuzuma vurulmuş 300 000 (üç yüz min) manat həcmində zərərin əvəzinin,

– 250 000 (iki yüz əlli min) manat həcmində əldən çıxmış faydanın,

Ümumilikdə 1 200 000 (bir milyon iki yüz min) manatın cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətindən mənim xeyrimə tutulması barədə qərar qəbul edəsiniz.

 

Qoşma: — İddia ərizəsinin surəti,

              — Dövlət rüsumunun ödənilməsi barədə qəbz,

              — icarə müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti,

                      — 04 aprel 2012-ci il tarixli ərizənin surəti,

             — Nərimanov RİH-nin 20.04.2012-ci il tarixli cavab məktubunun surəti,

             — Foto-şəkil (cəmi 25 ədəd)

             — iddiaçının nüfuz cüzdanının təsdiqlənmiş surəti,

             — 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qətnaməsinin surəti,

             — Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 04 aprel 2012-ci il tarixli

               qətnaməsinin surəti,

             — Kassasiya şikayətinin surəti,

             — Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş

               surəti.

 

02 avqust  2012-ci il

                                                             İmza:                                     / Mehmet Okur /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir