“Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 15 mart 2012-ci il tarixli qərardadına dair” ŞİKAYƏT Xətai Rayon Məhkəməsinə (hakim: İbrahim İbrahimli)

Paylaşın

Xətai Rayon Məhkəməsinə

(hakim: İbrahim İbrahimli)

 

Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

XAHİŞ: “Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 15 mart 2012-ci il tarixli qərardadına dair”

ŞİKAYƏT

 

Möhtərəm hakim!

Xətai Rayon Məhkəməsinin 15 mart 2012-ci il tarixli 2(011)-164/12 saylı qərardadı ilə mənim həmin mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardaddan verdiyim şikayət ərizəmin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

Qərardadın surəti mənə 24 mart 2012-ci ildə poçt vasitəsilə təqdim edilmişdir.

Qərardad aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.

Qərardadda AR Mülki Prosessual Məcəlləsinin 395.1 və 395.2-ci maddələrinə istinad edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, guya Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadından şikayət vermək hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, həmin qərardaddan verdiyim şikayət ərizəm və ona əlavə edilmiş sənədlər mənə geri qaytarılmalıdır.

AR MPM-nin 395.1.2-ci maddəsinə əsasən, “İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər”.

İş üzrə qəbul etdiyiniz 17 yanvar 2012-ci il tarixli qərardad iddianın alimentlə bağlı hissəsinin tam təmin edilməsi ilə nəticələnmişdir. Yəni, əgər həmin qərardad qanuni qüvvəyə minərsə, mən faktik olaraq, məndən tələb edilən alimentin verilib-verilməməsi və ya tələb edilən məbləğinin azaldılması məsələsini mübahisələndirmək hüququndan məhrum ediləcəyəm. Bu baxımdan, Xətai Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərardadı işin sonrakı hərəkətinə mane olur.

Onu da xatırladım ki, Sizin 17 yanvar 2012-ci il tarixli qərardadınız, mənim məhkəmə iclasında iştirakım təmin edilmədən, mənim izahatım alınmadan, iddia ilə bağlı fikrim öyrənilmədən və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Halbuki, mənim azyaşlı övladlarım bu gün də mənimlə birlikdə yaşayırlar və onların bütün maddi ehtiyaclarını mən qarşılayıram.

AR Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur”.

Qeyd edilən maddənin məzmunundan da aydın olur ki, əgər mənim öz övladlarımı saxlamadığım müəyyən edilərsə, yalnız bu zaman onların saxlanılması üçün məndən aliment tutula bilər. Indiki halda isə, mənim öz övladlarımı saxlamadığım iş materiallarında olan hər hansı bir sübutla təsdiq edilməmişdir.

Bundan başqa, qanunvericiliyin tələblərinə görə, alimentin tutulması barədə yalnız qətnamə qəbul edilə bilər. Yəni, məhkəmə qərardadı ilə aliment tutulması qanunvericiliklə yolverilməzdir.

Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadında da istinad edilən AR Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, “Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər”.

Yəni, hər bir halda məhkəmə alimentin tutulması barədə qərardad deyil, yalnız qətnamə çıxara bilər ki, məhkəmə qətnaməsindən şikayət vermək hüququ AR Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuşdur. Sizin 17 yanvar 2012-ci il tarixli qərardadınızın qətnamə şəklində qəbul edilməməsi, məni həmin məhkəmə aktından şikayət vermək hüququmdan məhrum edə bilməz.

Yuxarıda qeyd edilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrinə əsasən,

                                        XAHİŞ EDİRƏM:

 

Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 15 mart 2012-ci il tarixli qərardadını ləğv edəsiniz və 17 yanvar 2012-ci il tarixli qərardaddan verdiyim şikayətə mahiyyəti üzrə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirəsiniz.

Qeyd: Xətai Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərardadından verdiyim şikayət ərizəm və ona əlavə edilmiş sənədlər mənə geri qaytarılmamışdır.

Qoşma: — Şikayətin surəti.

               

29 mart 2012-ci il

                                         İmza:                                    / A.V.Vəlicanov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.