Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadına dair” ŞİKAYƏT Xətai Rayon Məhkəməsinə (hakim: İbrahim İbrahimli) Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu

Paylaşın

Xətai Rayon Məhkəməsinə

(hakim: İbrahim İbrahimli)

 

Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu

Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36

XAHİŞ: “Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadına dair”

ŞİKAYƏT

 

Möhtərəm hakim!

Sizin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadınızla iddiaçı ilə mənə barışmaq üçün 3 ay müddət verilmiş, 02 dekabr 2011-ci il tarixindən başlayaraq barışıq müddəti başa çatanadək məndən birgə nikahımızdan olan 16.09.1999-cu il təvəllüdlü Vəlicanlı Vəlican Ağabala oğlunun, 23.12.2001-ci il təvəllüdlü Vəlicanlı Nərmin Ağabala qızının, 10.04.2005-ci il təvəllüdlü Vəlicanlı Nərgiz Ağabala qızının və 28.07.2010-cu il təvəllüdlü Vəlicanlı Bəylər Ağabala oğlunun saxlanılması üçün hər ay hər biri üçün 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Vəlicanova Samirə Səməndər qızına verilməsi qərara alınmışdır.

Həmin qərardadın surəti mənə 14 mart 2012-ci ildə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Siyavuş Beydullayev tərəfindən təqdim edilmiş və qərardadın mövcudluğundan da, elə həmin vaxt xəbər tutmuşam.

Möhtərəm hakim!

Aşağıda göstərilənlərə görə, Sizin həmin qərardadınızı qanunsuz və əsassız hesab edirəm və ləğv edilməsini xahiş edirəm.

Belə ki, bu şikayətə əlavə edilmiş arayışdan da aydın olur ki, mən fiziki şəxs “Vəlicanov Telman Vəlican oğlu”na (VÖEN: 1800385672) məxsus beton istehsalı zavodunda operator vəzifəsində çalışıram və aylıq əmək haqqım 150 manatdır. Göründüyü kimi, Sizin 17 yanvar 2012-ci il tarixli qərardadınızla məndən tutulması qərara alınan ümumilikdə hər ay 348 (üç yüz qırx səkkiz) manat alimentin mənim tərəfimdən iddiaçıya ödənilməsi mənim imkanlarım xaricindədir.

Belə olan halda, Sizin qərardadınızın icrası faktiki olaraq mümkünsüzdür və qanuni qüvvəyə minməsinin heç bir əhəmiyyəti yoxdur.

Mən, iddiaçı ilə ailə münasibətlərimiz faktik olaraq pozulduqdan sonra başqa qadınla ailə münasibətlərinə girmişəm. Həmin qadınla birgə faktiki nikahımızdan başqa övladımız da olub və qazandığım aylıq 150 manat əmək haqqımla həmin yeni qurduğum ailəmi, həm də, iddiaçı ilə birgə nikahımızdan olan övladlarımı saxlamaq fikrindəyəm. Belə olan halda, iddiaçı ilə birgə nikahımızdan olmuş övladlarımın saxlanılması üçün yalnız aylıq əmək haqqımın 50 faizi miqdarını iddiaçıya ödəyə bilərəm.

Lakin Siz, öz qərardadınızı əsaslandırarkən, işin qeyd edilən hallarını araşdırmadan, mənim hüquqlarımı pozan qərardad qəbul etmisiniz.

Yuxarıda qeyd edilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinə əsasən,

                                        XAHİŞ EDİRƏM:

 

Xətai Rayon Məhkəməsinin 2(011)-164/12 saylı mülki iş üzrə 17 yanvar 2012-ci il tarixli qərardadı ləğv edəsiniz və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirəsiniz.

Qoşma: — Şikayətin surəti,

                        — 07.03.2012-ci il tarixli arayış.

 

14 mart 2012-ci il

                                         İmza:                                    / A.V.Vəlicanov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir