“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 oktyabr tarixli 386 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 8 may tarixli 152 nömrəli qərarının redaksiyasında verilmiş “Azərbaycan SSR qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:
1) 7-ci bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik iş aparırlar.”;
2) 9-cu bəndə aşağıdakı məzmunda “m” və “n” yarımbəndləri əlavə edilsin:
“m) valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik iş aparırlar;
- n) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, yaxud ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə belə şəxslərin istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verirlər.”;
3) 13-cü bəndə aşağıdakı məzmunda “f’ yarımbəndi əlavə edilsin:
“f) valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik iş aparırlar.”.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 mart tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin Nümunəvi Əsasnaməsi”nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1) 19-cu bəndin ikinci abzasında “tibbi-pedaqoji” sözləri “psixoloji-tibbi-pedaqoji” sözləri ilə əvəz edilsin;
2) Əsasnaməyə aşağıdakı məzmunda 41-1-ci bənd əlavə edilsin:
“41-1. Məktəb öz səlahiyyətləri daxilində:
inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən yetkinlik yaşına çatmayanlara sosial-psixoloji və pedaqoji yardım göstərir;
sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak etməyən, habelə təhsildən yayman yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və ümumi əsas təhsil almaları üçün tədbirlər görür;
sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və tərbiyəsində kömək edir;
idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir;
yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçiril-məsi üzrə tədbirlər görür.”.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 saylı qərarı ilə təsdiq edilmiş “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nə aşağıdakı məzmunda 42-1-ci bənd əlavə edilsin:
“42-1. Uşaq evi öz səlahiyyətləri daxilində:
inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və pedaqoji yardım göstərir;
sosial təhlükəli vəziyyətdə olan uşaqları aşkar edir, onların tərbiyəsi və təlimi üçün tədbirlər görür;
sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və təlimində kömək edir;
idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya uşaqların qəbul edilməsini təşkil edir;
uşaqlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görür.”.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:
1) 1.4-cü bəndin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi profilaktik müəssisə funksiyalarını yerinə yetirir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilirlər:
on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan səkkiz yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar;
böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;
valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;
müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan şəxslər.”;
2) 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı yetkinlik yaşına çatmayanlar göndərilirlər:
ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;
cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.”;
3) 1.6-cı bəndin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Xüsusi şəraiti təmin edən rejim:
müəssisənin ərazisinin və əmlakının mühafizəsini;
şagirdlərin saxlanılması üçün təhlükəsiz şəraitin yaradılmasını, onların mənfi təsirlərdən maksimum qorunmasını;
şagirdlərin müəssisənin ərazisini icazəsiz tərk etmələrini və ya kənar şəxslərin müəssisənin ərazisinə sərbəst daxil olma imkanlarını istisna edən müvəqqəti təcrid olunmanı;
yuxu üçün ayrılmış vaxt da daxil olmaqla, şagirdlərə daimi nəzarətin həyata keçirilməsini;
şagirdlərin şəxsi müayinəsini, onlara gələn məktubların, bağlamaların və ya digər poçt göndərişlərinin[1](yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla) nəzərdən keçirilməsini nəzərdə tutur.”;
4) 3.1-ci bəndin birinci hissəsində “, habelə müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan şəxslər” sözləri “və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar” sözləri ilə əvəz edilsin;
5) 3.1-ci bəndin ikinci hissəsində “tövsiyəsi” sözü “qərarı” sözü ilə əvəz edilsin;
6) 3.3-cü bəndin birinci hissəsində “müəssisədən buraxılması” sözləri “müəssisədən vaxtından əvvəl buraxılması” sözləri ilə, “rəyi” sözü isə “və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təqdimatı” sözləri ilə əvəz edilsin;
7) 3.3-cü bəndin ikinci hissəsində “müəyyən edilmiş qaydada” sözlərindən əvvəl “qanunvericiliklə” sözü əlavə edilsin;
8) 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.7. Şagirdin xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmasına iki ay qalmış müəssisənin müdiriyyəti yetkinlik yaşına çatmayanın müəssisədən buraxılması haqqında bildirişi, yetkinlik yaşına çatmayan barəsində xasiyyətnaməni, habelə gələcəkdə onunla fərdi profilaktik işin aparılması barədə tövsiyələrini yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərir.”;
9) 3.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.11. Yetkinlik yaşına çatmayanın bir qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən digərinə köçürülməsi müəssisənin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təqdimatı əsasında müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı ilə həyata keçirilir.
Müəssisənin müdiriyyəti məhkəmə tərəfindən şagirdin köçürülməsi haqqında qərar qəbul edildikdən sonra iki gün ərzində bu barədə onun valideynlərini (qanuni nümayəndələrini) məlumatlandırır.”;
10) 4.1-ci bəndə “təsdiq edilmiş” sözlərindən sonra “yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş” sözləri əlavə edilsin;
11) 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müəssisə şagirdlərin hüquq və qanuni mənafelərinin qorunmasını təşkil edir.”;
12) Əsasnamənin 5.16-cı və 5.17-ci bəndləri müvafiq olaraq 5.18-ci və 5.19-cu bəndlər hesab edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 5.16-cı və 5.17-ci bəndlər əlavə edilsin:
“5.16. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri aşağıdakı hüquq və vəzifələrə malikdirlər:
yetkinlik yaşına çatmayanlara baş çəkmək, onlarla, onların valideynləri və ya digər qanuni nümayəndələri, o cümlədən digər şəxslərlə söhbətlər aparmaq;
səlahiyyətlərinə aid məsələlər üzrə dövlət orqanlarından və digər müəssisələrdən məlumatlar almaq;
göstərilən müəssisələrdə saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə yetkinlik yaşına çatmayanları, onlara məxsus əşyaları, məktubları, bağlamaları və digər poçt göndərişlərini, (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla)müəssisənin ərazisini, yataq, məişət və digər otaqları müayinə etmək və bununla bağlı müvafiq akt tərtib etmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquq və vəzifələrə.
5.17. Aparılan müayinə zamanı qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına icazə verilməyən əşyalar götürülür.”.
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 oktyabr 2005-ci il
N 195
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
22 mart 2006-cı il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 307)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 mart 2006-cı il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 307) ilə 4-cü bəndinin 3-cü yarımbəndinin yeddinci abzasında “poçt göndərişlərinin” sözlərindən, 12-ci yarımbəndinin beşinci abzasında isə “poçt göndərişlərini” sözlərindən sonra “(yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla)” sözləri əlavə edilmişdir.