Hörmətli Qurban bəy, salam.
Vaxtınızın nə qədər dəyərli olduğunu bilirəm, lakin sizin vicdanlı və ədalətli bir insan olduğunuza inandığım üçün bu müraciəti sizə ünvanlayıram.
Biz — dörd nəfərlik bir ailə (qardaş və bacılar olaraq) — dövlətdən və Prezidentdən dəstək görəcəyimizə inanaraq öz vəsaitimizi Texnikabankda əmanət kimi yerləşdirmişdik. Təəssüf ki, dövlətə arxalanan bəzi məmurlar bankı talan etdilər və nəticədə biz yalnız 30 min manatlıq sığortalanmış hissəni geri ala bildik. Qalan 100 min ABŞ dollarından çox vəsait hələ də ödənilməyib. Qanunvericilik elə tərtib olunub ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək demək olar ki, mümkünsüzdür.
Sizə bir hüquqşünas və insan hüquqları müdafiəçisi kimi üz tuturuq. Zəhmət olmasa, bizə bu məsələdə hüquqi baxımdan yardım edib-etməyəcəyinizi bildirin. Ən azından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyin mümkünlüyü ilə bağlı bizə istiqamət verə bilərsinizmi?
Əvvəlcədən təşəkkür edirik. Tanrı sizi qorusun.
Əlaqə nömrəsi: 050 215 38 49
Salam, Aydın bəy.
Öncə, cavabı gecikdirdiyimə görə üzr istəyirəm.
Youtube üzərindən yayılan AzerFreedom TV-də verilişlər apardığıma görə, xüsusilə də, Azərbaycan Ordusuna qarşı 2017-ci ilin aprel-may aylarında törədilən “Əsrin Cinayəti”nin araşdırılması ilə bağlı sualınızı vaxtında cavablandıra bilmədim.
İkincisi, siz bankı, onun rəhbər işçilərini (İdarə Heyətini), sizə dəymiş ziyanı tam həcmdə ödəmək tələbi ilə, məhkəməyə verib, işi Avropa Məhkəməsinə qədər apara bilərsiz. Bu sizin hüququnuzdur. Sizlərin pulları hesabına o bankın rəhbərləri özlərinə milyonlarla hesablanan mülklər əldə ediblər. O mülklər satılıb sizə dəyən zərər ödənməlidir.
İşi Avropa Məhkəməsinə hazırlamaq, sizi orada təmsil etmək və sonadək aparmaq üçün mən sizə nümayəndəlik edə bilərəm (təbii ki, haqqı ödənilməklə). Bununçün siz, öncə daxili məhkəmə instansiyalarını keçməlisiz. Ali Məhkəmənin qərarını alan kimi, 6 ay ərzində Avropa Məhkəməsinə müraciət etməliyik. Ona görə də, yaxşı olar ki, Respublika Məhkəmələrini keçmək üçün, etibar etdiyiniz bir vəkilin ixtisaslı yardımından istifadə etməyiniz məsləhətdir. 100 min dolları xilas etmək üçün onun 20-30 faizindən keçməli olacaqsız.
Mənimlə vatsap əlaqəsi saxlaya bilərsiz: (+44)785 916 81 59
Hörmətlə. Uğurlar.