Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin (sədrlik edən hakim: M.S.Bayramov, İş N 2-(81)-2218/2010) 09 dekabr 2010-cu il tarixli qətnaməsinə dair APELLYASİYA ŞİKAYƏTİ

Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na

     İddiaçı: hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

 fiziki şəxs (VÖEN: 1401582432): İsmayılzadə Telman Feyruz oğlu

Ünvanı: AZ 1009, Bakı şəhəri, Nəsimi r-n, Əlimərdan Bəy Topçubaşov ev-37, mən.-2

Faktiki olduğu yer: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: 050-200-66-10, 012-564-43-05

Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin (sədrlik edən hakim: M.S.Bayramov, İş N 2-(81)-2218/2010) 09 dekabr 2010-cu il tarixli qətnaməsinə dair

APELLYASİYA ŞİKAYƏTİ

 

Möhtərəm hakimlər!

AR 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin həmin qətnaməsi ilə mənim cavabdehlər Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin Qəbulu və İşlənməsi İdarəsi və Bakı şəhəri Vergilər Departamentinin Vergi Borclarının Məcburi Alınması İdarəsinə qarşı “Cavabdehlərin qanunsuz hərəkətləri və qərarları və nümayəndəyə hüquqi yardım üçün tərəfimdən çəkilmiş 500 (beş yüz) manat xərcin cavabdehlərdən, bərabər paylar olmaqla, mənim xeyrimə tutulması barədə” iddiam qismən təmin edilmiş, cavabdeh tərəfindən məndən hər işçiyə görə orta aylıq əmək haqqı məbləği miqdarında (297,80 manat) vergi ödənilməsinin tələb edilməsi qanunsuz hərəkət hesab edilmiş və mənə hesablanmış 931,04 manat borc məbləğinin ləğv edilməsi qət edilmişdir. İddia tələbim qalan hissədə rədd edilmişdir.

Qətnamə ümumən qanuni və əsaslı olsa da, iddiamın təmin edilmədiyi hissədə qanunsuzdur və həmin hissədə dəyişdirilməlidir.

MPM-nin 121.1-ci maddəsinə əsasən, “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır”.

1 saylı Bakı Yerli İqtisad məhkəməsi mənim, nümayəndəyə hüquqi yardıma görə ödədiyim 500 manat məbləğində ytələbimi rədd etmək üçün belə bir əsas gətirib: “İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin məbləğ ağlabatan olmadığından və cavabdeh dövlət büdcəsindən maliyyələşən idarə olduğundan həmin hissədə də iddia tələbi rədd edilməlidir”.

Əvvəla, hüquqi yardıma görə nümayəndəyə ödənilməli 500 manat mənim tərəfimdən “Çalxan” MMC-nin “DƏMİRBANK” ASC-dəki hesabına ödənilib və bunu təsdiq edən qəbzi məhkəməyə təqdim etmişəm. Nümayəndə Q.C.Məmmədov isə, ona ödənilmiş məbləğin əvəzi olaraq, cavabdehlərlə mənim aramda yaranmış mübahisəni əvvəlcə dostcasına həll etmək üçün diplomatik danışıqlar aparmış, bu mümkün olmadıqda isə, məhkəməyə müraciət etmək üçün lazımi sənədləri mənim əvəzimdən toplamış və iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. İndiki mübahisə üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində dəfələrlə məhkəmə iclası keçirilmiş və nümayəndəm Q.C.Məmmədov, keçirilmiş bütün məhkəmə iclaslarında iştirak etmiş, zəruri sübutları mənim əvəzimdən toplayaraq məhkəməyə  təqdim etmiş və son nəticədə cavabdehlərin hərəkətlərinin qanunsuz olduğunu sübuta yetirmişdir.

İddia ərizəmə əlavədə də qeyd etdiyim kimi, mən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etməyə məcbur olmuşam, məhkəmədə hüquqlarımın keyfiyyətli müdafiə edilməsi üçün “Çalxan” MMC hüquq firmasının direktoru – hüquqşünas Məmmədov Qurban Cəlal oğlu ilə “Tapşırıq müqaviləsi” bağlamışam və yuxarıda da qeyd etdiyim kimi, “Çalxan” MMC-nin “DƏMİRBANK” ASC-dəki hesabına 500 (beş yüz) manat pul ödəmişəm.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin mənim nümayəndəyə ödədiyim 500 manat xidmət haqqı məbləğini “ağlabatan” hesab etməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi özümə borc bilirəm:

Hakimin, “həmin məbləğ ağlabatan olmadığından” ifadəsini işlədərkən, mənim iddiamın mahiyyətinin, mənə hesablanmış borc məbləğinin 931,04 manat olduğunu nəzərdə tutub. Halbuki, nümayəndəm Q.C.Məmmədovun hüquqi xidməti nəticəsində, 931,04 manat borc məbləği ləğv edilməklə yanaşı, bundan sonra hər kvartal üçün mənə eyni və artan məbləğlərdə hesablanacaq cərimə borclarının hesablanmasının qarşısı da alınıb. Buna görə də, mən hesab edirəm ki, nümayəndəyə hüquqi xidmətə görə ödənilmiş 500 manat nəinki çoxdur, əksinə, həddindən çox azdır.

İkincisi isə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin bu məntiqindən belə çıxır ki, dövlət büdcəsindən maliyyələşən bütün idarələr digər fiziki və ya hüquqi şəxslərə, eləcə də, mənə qarşı qanunsuz hərəkət törədə bilər və fiziki və hüquqi şəxslər öz hüquqlarını ya özləri müdafiə etməlidirlər, ya cavabdehin qanunsuz hərəkətlərinə göz yummalıdırlar, ya da ki, dövlət büdcəsindən maliyyələşən idarələrin hər bir qanunsuz hərəkətlərinin qanunsuzluğunu sübut etmək üçün kifayət qədər pul xərcləməli, vaxt, enerji və əsəb sərf etməlidir.

Nəticədə isə, dövlət büdcəsindən maliyyələşən idarələrin hüquqi və ya fiziki şəxslərə qarşı etdikləri hər hansı qanunsuz hərəkətin qanunsuz olduğunu sübuta yetirmək üçün kifayət qədər pul, əsəb və enerji sərf etməli, bu xərclər isə hər bir halda iddiaçıya aid edilməli, bununla da, fiziki və hüquqi şəxslərin hamısı müflisləşməyə doğru sürüklənməlidirlər.

MPM-nin 121.1-ci maddəsinə əsasən, “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır”.

Göründüyü kimi, bu maddədə qanunverici, “dövlət büdcəsindən maliyyələşən idarələr”i istisna kimi göstərməmişdir.

Həmin qətnamə ilə, faktiki olaraq, “dövlət büdcəsindən maliyyələşən idarələr” ilə xüsusi mülkiyyətə əsaslanan özəl firmalar arasında ayrı-seçkiliyə yol verilmiş və bununla da, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (mülkiyyət hüququ) maddəsinin II hissəsində nəzərdə tutulmuş: “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur” prinsipi pozulmuşdur.

Yuxarıda göstərilənlərə, MPM-nin 357.1, 358.0.1, 360-362, 384.0.2, 385.1.1, 385.1.4 və 390-cı maddələrinə əsasən,

 

XAHİŞ EDİRƏM:

Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsinin dəyişdirilərək, mənim iddiamın “nümayəndəyə hüquqi yardım üçün tərəfimdən çəkilmiş 500 (beş yüz) manat xərcin cavabdehlərdən, bərabər paylar olmaqla, mənim xeyrimə tutulması” hissəsinin də təmin edilməsi barədə qətnamə qəbul edilsin.

Qoşma: — Apellyasiya şikayətinin surəti,

              — Dövlət Rüsumunun ödənilməsi barədə qəbz.

  13 yanvar 2011-ci il

                                                   İmza:                                / T.F.İsmayılzadə /

Similar Posts

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir