“iddia ərizəsinə dair” ETİRAZ VƏ MÜLAHİZƏLƏR Xətai Rayon Məhkəməsinə (hakim: İbrahim İbrahimli) Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu
Xətai Rayon Məhkəməsinə
(hakim: İbrahim İbrahimli)
Cavabdeh: Vəlicanov Ağabala Vəlican oğlu
Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36
XAHİŞ: “iddia ərizəsinə dair”
ETİRAZ VƏ MÜLAHİZƏLƏR
Möhtərəm hakim!
İddiaçı Vəlicanova Samirə Səməndər qızının mənə qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası üzrə mülki iş Sizin icraatınızdadır.
Mən həmin iddiaya aşağıdakı qaydada etiraz edirəm.
Belə ki, iddiaçı öz iddia tələbində azyaşlı övladlarımın onunla saxlanılması və onların saxlanılması üçün hər ay 1000 manat alimentin məndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Sizin 17 yanvar 2012-ci il tarixli qərardadınızla, iddiaçı ilə mənə barışıq üçün müddət verilməsi, 02 dekabr 2011-ci ildən başlayaraq, barışıq müddəti bitənədək azyaşlı övladlarımın saxlanılması üçün hər uşağa görə hər ay 87 manat məbləğində alimentin məndən alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qərardad, ondan verdiyim şikayət əsasında ləğv olunmuşdur.
Möhtərəm hakim!
Əvvəla, iddianın övladlarımızın hamısının iddiaçının yanında saxlanılması hissəsinə münasibətdə qeyd edim ki, övladımız 16.09.1999-cu il təvəllüdlü Vəlicanlı Vəlican Ağabala oğlu artıq 10 yaşına çatıb və belə olan halda, onun valideynlərdən hansının yanında saxlanılması barədə qərar qəbul edilərkən, övladımızın fikri mütləq nəzərə alınmalıdır. Qeyd edim ki, övladımız Vəlican Vəlicanlının cinsi kişidir, artıq zəruri ana qayğısına ehtiyacı yoxdur, mənimlə münasibəti iddiaçıya nisbətən daha yaxşıdır və mənimlə birlikdə qalarsa, onun gələcək həyatı üçün ata öyüd-nəsihəti daha əlverişli olar.
AR Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, “Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər”.
Göründüyü kimi, övladımız Vəlicanlı Vəlican Ağabala oğlunun kimin yanında saxlanılması məsələsinin həll edilməsi üçün, övladımız Vəlican Vəlicanlının məhkəmə iclasında iştirakı təmin edilməli və fikri mütləq öyrənilməlidir.
İkincisi, nəzərinizə çatdırım ki, Sizin 17 yanvar 2012-ci il tarixli qərardadınızdan verdiyim şikayət ərizəsinə əlavə edilmiş arayışdan da aydın olur ki, mən fiziki şəxs “Vəlicanov Telman Vəlican oğlu”na (VÖEN: 1800385672) məxsus beton istehsalı zavodunda operator vəzifəsində çalışıram və aylıq əmək haqqım 150 manatdır. Belə olan halda, mən iddiaçıya, onun tələb etdiyi məbləğdə aliment ödəmək mənim imkanlarım xaricindədir. Nəzərə alsaq ki, Respublikamızda orta aylıq əmək haqqı 297 manatdır, mən, övladlarımın saxlanılması üçün hər ay 50 manat məbləğində aliment ödəyə bilərəm. Bu isə 200 manat edir və mənə cəmi 97 manat qalır.
Mən, iddiaçı ilə ailə münasibətlərimiz faktik olaraq pozulduqdan sonra başqa qadınla ailə qurmuşam və onunla birgə faktiki nikahımızdan başqa övladımız da olub. Orta aylıq əmək haqqı hesabı ilə cavabdehə ödəyəcəyim aylıq əmək haqqından sonra qalan 97 manatla bir ay ərzində həm özümü, həm yeni ailə qurduğum şəxsi, həm də yeni olmuş övladımı saxlamalıyam.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 47.2-ci maddəsinə əsasən,
XAHİŞ EDİRƏM:
– İddiaçı Vəlicanova Samirə Səməndər qızının mənə qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi,
– İddiaçı ilə aramızda bağlanmış nikahın pozulması,
– Azyaşlı övladlarımızdan Vəlicanlı Vəlican Ağabala oğlunun mənimlə, Nərmin, Nərgiz və Bəylərin isə iddiaçı ilə birlikdə saxlanılması,
– Məndən hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Vəlicanova Samirə Səməndər qızına verilməsi barədə qətnamə qəbul edəsiniz.
Qoşma: — Etiraz və mülahizələrin surəti.
17 aprel 2012-ci il
İmza: / A.V.Vəlicanov /