Nərimanov Rayon Məhkəməsinə (hakim: Arif İsmayılov) “Mosyaqin Aleksandr Sergeyeviçin işi üzrə” ÇIXIŞ

Paylaşın

Nərimanov Rayon Məhkəməsinə

(hakim: Arif İsmayılov)

İddiaçı: Mosyaqin Aleksandr Sergeyeviçin

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlunun

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

ÇIXIŞI

Möhtərəm hakim!

İddiaçı Mosyaqin Aleksandr Sergeyeviçin cavabdeh Axundova Tamilla Cuma qızına qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilməsi, mənzilə dair Çıxarışın etibarsız hesab edilməsi, mənzilin yeni qeydiyyatının ləğv edilməsi və ilkin hüququ statusuna qaytarılması barədə” iddia ərizəsi üzrə mülki iş Sizin icraatınızdadır. Həmin iş üzrə iddianın tam təmin edilməsini xahiş edirəm və iddia ilə bağlı aşağıdakı maddi hüquq normalarını  nəzərinizə çatdırıram:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1180.2-ci maddəsinə əsasən, “Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır”.

Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilmişdir ki, vəsiyyət edən, yəni iddiaçının anası Mosyaqina Nadejda Alekseyevna Azərbaycan dilində yazmağı və oxumağı bacarmamış, cavabdehin iddia etdiyi kimi Azərbaycan dilində olan qəzet oxumamışdır. Bu baxımdan mərhum Mosyaqina Nadejda Alekseyevna vəziyyət edərkən tamamilə savadsız olmuş və onun adından tərtib edilən vəsiyyətnaməni sərbəst şəkildə oxuyub dərk etmək iqtidarında olmamışdır. Sizə də məlum olduğu kimi, ana dili Azərbaycan dili olan sıravi azərbaycanlılar, hətta bəzi məmurlar belə Azərbaycan dilində sərbəst yazıb oxuya bilmirlər. Belə bir vəziyyətdə, ana dili rus dili olan mərhum Mosyaqina Nadejda Alekseyevnanın Azərbaycan dilində qəzet oxumasını güman etmək tamamilə absurddur.

Bundan əlavə, iş materiallarından görünür ki, Mosyaqina Nadejda Alekseyevna tərəfindən vəsiyyətnamənin tərtib edilməsində, 2 nəfər şahid iştirak etmişdir. Bu da onu göstərir ki, Mosyaqina Nadejda Alekseyevna savadsız olmuşdur. Çünki o, savadsız olmasaydı, həmin şahidlərin iştirakına ehtiyac olmazdı.

2. Mülki Məcəllənin 1183.1-ci maddəsinə əsasən, “Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir”.

Göründüyü kimi, hazırki iş üzrə vəsiyyət verən, yəni mərhum Mosyaqina Nadejda Alekseyevna cavabdehin adına vəsiyyətnamə verərkən Azərbaycan dilini bilməsi baxımından tam savadsız olmuşdur. Belə olan halda isə, o, cavabdehin adına vəsiyyətnamə verərkən, vəsiyyətnamənin tərtibində 2 nəfər şahid və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun onun iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxs də iştirak etməli idi. Lakin iş materiallarında olan notariat işindən aydın olur ki, vəsiyyət edilən zaman orada yalnız 2 nəfər şahid olmuş, işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun onun iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən şəxs orada iştirak etməmişdir. Bu isə, qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

3. Mülki Məcəllənin 1183.2-ci maddəsinə əsasən, “Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır”.

Maddənin məzmunundan aydın olur ki, vəsiyyət edən savadsızdırsa, vəsiyyətnamə notariusun iştirakı ilə 3 şahidin yanında tərtib edilməlidir. Belə olan halda, şahidlərdən əlavə, işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun onun iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən şəxsin də vəsiyyətnamənin tərtibində iştirakı və bu barədə notariat işində qeyd edilərək həmin qeydin vəsiyyət edənə oxunması da zəruridir ki, mərhum Mosyaqina Nadejda Alekseyevna vəsiyyət edərkən, qanunvericiliyin bu tələblərinə də əməl edilməmişdir.

4. Mülki Məcəllənin 1183.4-cü maddəsinə əsasən, “Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır”.

Möhtərəm hakim!

Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında ifadə verən, notariat hərəkətinin aparılması zamanı şahid olmuş şəxslər öz izahatlarında göstərmişlər ki, mərhum Mosyaqina Nadejda Alekseyevna vəsiyyət edərkən, vəsiyyətnamə notariusun hansısa işçisi tərəfindən tərtib edilmiş və elə onun tərəfindən də oxunmuşdur. Lakin, qanunverici bu halın yolverilməz olduğu barədə konkret olaraq iradə ifadə etmişdir ki, qanunvericiliyin bu tələbinin notariat hərəkəti aparılarkən pozulması həmin notariat hərəkətinin tamamilə qanunsuz aparıldığına tam əsas verir.

5. Mülki Məcəllənin 1183.5-ci maddəsinə əsasən, “Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir”.

Lakin iş materiallarında  olan notariat işində həmin qeydin aparıldığı və qeydə şahidlər və notarius tərəfindən imza edildiyi barədə heç bir maddi sübut mövcud deyil.

6. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən, “Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər”.

Halbuki, hazırki iş üzrə dindirilmiş bütün şahid ifadələri ilə tam sübuta yetirilmişdir ki, mərhum Mosyaqina Nadejda Alekseyevna cavabdeh Axundova Tamilla Cuma qızına vəsiyyət edərkən, notariat işində adları qeyd olunan şahidlərlə birlikdə cavabdeh və onun əri də vəsiyyətin faktiki şahidləri olmuşdur. Bu isə qanunvericiliyin tələblərinin təkrar pozulması deməkdir. Çünki qanunverici belə bir iradə ifadə edərkən, bunu, vəsiyyət üzrə vərəsələrin qoyulmuş miras əmlakı daha tez götürmək barədə olan istəklərinin yaranmaması və vəsiyyət edənin həyatının təhlükəsizliyinin təmin edilməsi baxımından etmişdir. Onu da nəzərinizə çatdırım ki, mərhum Mosyaqina Nadejda Alekseyevnanın müəmmalı şəkildə vəfat etməsiiddiaçıda və mərhumun yaxın qohumlarında cüzi bir şübhə yaratsa da, həmin müəmmalı halın nədən ibarət olması iddiaçıya və mərhumun yaxınlarına bu günədək məlum deyil.

7. Mülki Məcəllənin 1185-ci maddəsinə əsasən, Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər”.

Lakin vəsiyyət edilərkən rəsmi olaraq şahid olmayan cavabdeh Axundova Tamilla Cuma qızının və onun ərinin iştirak etməsi vəsiyyətnamə sirrinin pozulması kimi qiymətləndirilməlidir.

8. Mülki Məcəllənin 1191-ci maddəsinə əsasən, Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir”.

Görüdüyü kimi, vəsiyyətnamənin məzmu, yalnız vəsiyyət edən öldükdən sonra  maraqlı şəxslərin, yəni cavabdehin, onun ərinin  və s. müraciəti əsasında notarius tərəfindən tanış edilir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm.

02 dekabr 2011-ci il

                                  İmza:                                           / Q.C.Məmmədov /

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir