114.51K baxış
0

Hörmətli Qurban müəllim! Məni narahat edən bi r məsələ barədə Sizdən hüquqi məsləhət almaq üçün bir müraciət göndərirəm.Xahiş edirəm mümkünsə cavab göndərin.Bu məktubu 3 saylı Asan Xidmət Mərkəzinə ünvanlamışam. 2006-cı ildə “Nər-gün” Məhdud məsuliyyətli cəmiyyətindən mənzil tikintisinə dair müqavilə ilə pay haqqı dəyərini tam ödəyərək satın aldığım mənzilə 3 sayli Asan xidmət mərkəzindən mülkiyyət hüququna dair çıxarış üçün müraciət etdim.Bildirdilər ki,əgər mənzili MTK-dan alsaydım bu mümkün olardı.MMC-dən aldığım üçün bu sənədi verə bilməyəcəklərini söylədilər.Bunun hansı qanuna əsasən edilməli olduğunu mənə izah edən olmaqı.Çünki belə bir maddə heç bir qanunda əksini tapmamışdır.Bildirildi ki, MMC-nin tikdiyi həmin çox mənzilli yaşayış binası bütövlükdə MMC-nin adına özəlləşdirilməli,ikinci dəfə indiki tarixlə alqı-satqı müqaviləsi yazılmalı və notarial qaydada təsdiq olunmalıdır.Qeyd etməliyəm k,mütəxəssislər tərəfindən mənə verilən məlumata görə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin bu məsələnin həlli ilə bağlı 31 avqust 2009-cu il 47 nömrəli əmrin 2-ci əlavəsində müfafiq qayda təsdiq olunmuşdur.Hesab edirəm ki,belə bir addım mənzil alan vətəndaşları və MMC-ni saxtakarlığa təhrik etmək məqsədi güdür. Halbuki,həm MMC,həm də MTK hər ikisi eyni fəaliyyət növü-yaşayış binası tikib pay haqqı müəyyənləşdirilməklə mənzil satışını həyata keçirdikləri halda bu cür ayrı seçkiliyin məntiqini başa düşmək olmur.Sual olunur?- Yenidən yazılacaq alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri təkrarən ödənilməlidirmi? Bu əməliyyat zamanı MMC-nin yaranacaq dövriyyəsi üçün əlavə əsassız vergi öhdəliyi necə sənədləşdiriləcək? Məlumat üçün bidirim ki, yaşayış binası 14 mərtəbə 84 mənzildən ibarətdir.Həmin bina Bakı Şəhər İcra hakimiyyətinin təşkil etdiyi Dövlət Qəbul Komissiyası tərəfindən istismara verilmişdir. Komissiyanın tərtib etdiyi aktı Bakı Şəhər İcra hakimiyyətinin Başçısı təsdiq etmişdir. Üzləşdiyim bu çətinliyin aradan qaldırılmasına dair hüquqi əsaslandırmalar barədə mənə məlumat verilməsnə və mülkiyyət hüququmun rəsmiləşdirilməsinə sərəncam verməyinizi artıq dərəcədə xahiş edirəm.

0

Salam, Sabir bəy!

 “mülkiyyət hüququmun rəsmiləşdirilməsinə sərəncam verməyinizi” sözlərini yəqin mənə ünvanlamamısınız:::))

1. Mən özüm də belə bir binada yaşayıram, eyni problemi mən də yaşamışam.

2. Siz məntiqi olaraq tam haqlısınız.

3. Nəzərə almalısınız ki, bu korrupsioner rejimdə bütün qanun-qaydalar insana xidmətə yox, insanlardan pul qoparmağa yönəlib.

4. “ASAN XİDMƏT”, təəssüf ki haqlıdır. MM-nin  178.8-ci yarımmaddəsinə əsasən,  “mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”

MMC isə hüquqi statusuna görə fərqlidir. O gərək tikdiyi evi əvvəl öz mülkiyyəti kimi qeydiyyatdan keçirə, sonra qanuni alqı -satqı həyata keçirə.

5. Ancaq narahat olmayın. Belə vəziyyət üçün də qanunda çıxış yolu var. MM-nin 146.6-cı yarımmaddəsinə əsasən,  “daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər.”

“Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanunun 17-ci  (qabaqcadan qeydiyyat) maddəsinə əsasən,

17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində  tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.

17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.

17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır.[37]

17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin (qeyri-yaşayış sahəsinin) ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır.

17.5. Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.

 

 

17.8. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir”

 

Siz bu qanunlara istinad etməklə həmin mənzili qabaqcadan qeydiyyata aldıra bilərsiniz.

İndiki vəziyyət, yəni MMC-nin tikdiyi binanın birbaşa vətəndaşın adına qeydə alınmaması, MMC sahibindən rüşvət qoparmağa yönəlib. Yoxsa, Siz deyən kimi, nə fərqi var ki… Ancaq bu rüşvətxorların iştahındakı fərq böyükdür. 

Siz qabaqcadan qeydiyyat tələb edin. Mahiyyətcə eyni şeydir. Gec-tez özləri qeydə alacaqlar.

 

6. O ki qaldı, gələcəkdə alqı-satqı müqaviləsi bağlananda “mənzilin dəyərinin təkrarən ödənilməsinə”, “bu əməliyyat zamanı MMC-nin yaranacaq dövriyyəsi üçün əlavə əsassız vergi öhdəliyinə”, bu onların problemidir, Sizin yox. Sizdən əlavə haqq istəsələr, verməyin, bilin ki, qanunsuzdur.

 

Uğurlar. Hörmətlə.